Paytaxt və digər şəhərlərə tank, zirehli texnika yeridildi
Suriyada Bəşər Əsəd hakimiyyətinin xalqın “Azadlıq!” tələblərini boğmaq cəhdləri davam edir. Hökumət əleyhinə etirazların mərkəzi sayılan Dəraa vilayətinə zirehli texnikanın yeridilməsindən sonra eyni addım ölkənin digər iri şəhərlərində də təkrarlanıb. Bəşər Əsəd rejimi paytaxt Dəməşqin şimal məhəllələrinə hərbi birləşmələr yeridib. Həmin ərazilərə iki gün öncə isə əlavə 2 min polis yerləşdirilib. Bəşər Əsəd bu addımla Dəməşqdə müxalifətin hökumət əleyhinə keçirdiyi aksiyaların qarşısını almağa çalışır. Şəhərdə nəzarət-buraxılış məntəqələri yaradılıb, sakinlər yoxlanılır.“Əl Cəzirə” kanalının yaydığı məlumata görə, Dəraa vilayətinə yeridilmiş 3 min əsgər tank və digər zirehli texnikanın iştirakıyla qanlı əməliyyat keçirib. Xəbərdə bildirilir ki, şəhərdə gün ərzində silah və top səsləri eşidilib. Günlərdir elektrik və suyu kəsilən vilayət sakinləri atəşdən qorunmaq üçün evlərinə sığınıb. Hökumət əleyhdarlarının cəsədləri küçələrdə qalıb, onları yığışdırmağa çalışan sakinlərə atəş açılır. Gün ərzində Dəraa vilayətində aparılan əməliyyatlarda azı 35 nəfərin həlak olduğu söylənilir. “Şark’ul Evsat” qəzetinin yazdığına görə, Suriya ordusu Duma başda olmaqla Dəməşqdə də xüsusi əməliyyatlar keçirəcək. “Əl Cəzirə”nin xəbərində deyilir ki, tank və zirehli texnikanın dəstəsiylə ordu Dəməşqlə sərhəd qəsəbələrdə təhlükəsizlik tədbirlərini artırıb. Bu arada ABŞ-ın BMT-dəki səfiri Süzan Rays Iranın Suriyada baş verən hadisələrə müdaxilə etdiyini söyləyib: “Bizim əlimizdə Iranın xalqa güc tətbiq etməkdə Suriya hakimiyyətinə kömək göstərməsi haqda sübutlar var. Biz bunu bilirik və bu, bizi narahat edir”.
Xatırladaq ki, daha əvvəl yayılmış məlumatlara görə, Suriya müxalifəti Iran Inqilab Keşikçiləri Korpusunun (“Sepah”) Suriyanı zəbt etdiyini və yüksək rütbəli hərbi məmurların “Sepah” komandirlərinin əmri ilə hərəkət etdiyini açıqlayıb.
Rəsmi Tehran isə bu ittihamları rədd edib. Xarici Işlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst belə məlumatların həqiqəti əks etdirmədiyini söyləyib: “Bu ittihamlar ABŞ-a diqqəti baş verən hadisələrdən yayındırmaqla region xalqlarına informasiya və mənəvi təzyiq göstərmək üçün lazımdır”.
Qərb Əsədin taleyini həll edir
Bundan əlavə BMT-nin 47 üzvdən ibarət Insan Haqları Şurası aprelin 29-da Cenevrədə Suriya ilə bağlı xüsusi iclas keçirəcək. Iclasın keçirilməsi təklifi ABŞ-a məxsusdur. Vaşinqtonun təklifini Ingiltərə, Fransa, Yaponiya da daxil olmaqla 16 üzv dövlət qəbul edib.
ABŞ-dan sonra Avropa Ittifaqı da Suriyaya qarşı sanksiyaların mümkünlüyünü nəzərdən keçirir. Avropa Ittifaqının xarici siyasət üzrə ali komissarının mətbuat katibi Maykl Menin sözlərinə görə, bu qərar çox tezliklə çıxarıla bilər.
Dünən BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnamənin müzakirəsinə başlayıb. ABŞ, Almaniya, Portuqaliya və Böyük Britaniyanın dəstəklədiyi qətnamədə Bəşər Əsəd və ona yaxın rəsmilərə qarşı sərt sanksiyalar nəzərdə tutulub.
Informasiya şöbəsi