Müdafiə Nazirliyində gərgin toplantı…
Iyunun 20-də Müdafiə Nazirliyində məhdud sayda adamın iştirakı ilə keçirilən toplantıda nazir Zakir Həsənov onun haqqında yalan məlumat ötürməkdə adı hallanan Elxan Məcidovun general rütbəsi almaq üçün Ali Baş Komandana təqdim ediləcək siyahıda adının olmasına kəskin etiraz edib.
Bu barədə “axar.az”a hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, nazir barəsində yalan məlumat yayan polkovnik haqqında artıq xəbəri olduğunu bildirib:
“Müdafiə Nazirliyində Elxan Məcidovla bağlı çox böyük gərginlik olub. 26 iyun Milli Ordu Günü ilə əlaqədar general adı alması üçün Ali Baş Komandana təklif edilən siyahıda polkovnik Elxan Məcidovun da adı olub. Nazir isə bir müddət əvvəl hazırlanan bu siyahının növbəti müzakirəsində onun təqdimatına qəti etiraz edib. O, polkovnikin onunla bağlı yaydığı məlumatlardan xəbərdar olduğunu və Elxan Məcidovun zabit adı daşımasının özünün belə yanlış olduğunu bildirib.
Yekun siyahı isə Ali Baş Komandana təqdim edilmək üçün Prezident Administrasiyasına göndərilib. Administrasiyaya təqdim olunan şəxslərə gələn həftə Prezidentin əmri ilə rütbələr veriləcəyi gözlənilir”.
Qeyd edək ki, bir müddət öncə mediada Zakir Həsənovun dövlət başçısına istefa ərizəsi yazması barədə məlumat yayılmışdı. Buna səbəb kimi, nazirin fəaliyyətinə çoxlarının mane olması göstərilmişdi.
Müdafiə Nazirliyi isə mətbuatda yayılmış bu informasiyanın doğru olmadığına dair açıqlama verdi.
Hələ o zaman hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında bu və bu tipli xəbərlərin Baş Qərargahda şöbə rəisi olan polkovnik Elxan Məcidov tərəfindən ötürüldüyü və onun bu addımları barədə nazir Zakir Həsənovun məlumatlandırıldığını bildirmişdi.
Yazının əvvəlində bəhs olunan toplantı barədə məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq. Bildirildi ki, iş günü olmadığından sualı cavablandıra bilməyəcəklər.
Mövzunu diqqətdə saxlayacağıq.