Dövlət Departamenti: «Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir»
“Azərbaycan insan alverinə – məcburi əməyə və seks trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkəsi rolunu oynayır”. Bu fikir ABŞ Dövlət Departamentinin 2014-cü il üçün Insan Alveri Hesabatında deyilir.
“Azadlıq” radiosunun məlumatına görə, hesabatda azərbaycanlı kişi və oğlanların Rusiyada, həmçinin Azərbaycanın özündə məcburi əməyə cəlb olunduğu bildirilir. Qeyd olunur ki, Azərbaycandan olan qızlar və qadınlar həm ölkənin özündə, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, Iran və Isveçdə cinsi istismara məruz qalırlar.
Bundan başqa, Türkiyədən, habelə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bəzi miqrant işçilər Azərbaycanda qul əməyinə məcbur edilirlər.
Hesabatda deyilir ki, uşaqlar, əsasən də qaraçı ailələrindən olanlar zorla dilənçiliyə, yolkənarı ticarət obyektlərində, çayxanalarda və şadlıq evlərində məcburi istismara məruz qalırlar.
Sənəddə bildirilir ki, xüsusən də Filippindən olan ev qulluqçularının istismarı yeni bir problem kimi ortaya çıxıb.
Insan alverinə məruz qalan uşaqların əksəriyyəti köçkün ailələrindən, uşaq evlərindən və internatlardan çıxdıqdan sonra evsiz-eşiksiz qalanlardır.
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir, hərçənd, bu sahədə əhəmiyyətli cəhdlər göstərir.
Qeyd olunur ki, Azərbaycan hesabat dövrü ərzində insan alverinə dair qanunlarına onların beynəlxalq qanunlara uyğunlaşdırılması istiqamətində əlavələr edib. Lakin bununla belə, hökumət məhdud sayda xaricdən olan insan alveri qurbanlarını müəyyənləşdirməklə kifayətlənib.
Məcburi əməyin arxasında durduqları güman edilən şirkətlərlə bağlı ciddi təhqiqat aparmayıb.
Hesabatda bu işin yaxşılaşdırılması üçün Azərbaycana bir sıra tövsiyələr də verilir. Bu tövsiyələrə hüquq-mühafizə orqanlarının daxili trafikinqlə mübarizəsinin gücləndirilməsi, insan alveri ilə məşğul olan fərd və şirkətlərin aşkarlanması və mühakiməsi, bu kimi cinayətlər üçün həbsxana cəzalarının sərtləşdirilməsi daxildir.
Hesabatda bildirilir ki, 2013-cü ildə Azərbaycanda məcburi əmək trafikinqi ilə bağlı 4, seks trafikinqi ilə bağlı 17 iş araşdırılıb. Bu, 2012-ci ildə olduğundan çoxdur. Bu da qeyd olunur ki, məcburi əməklə bağlı iki nəfər mühakimə edilib. Bunlardan biri filippinli ev xidmətçisinin işidir.
Sənəddə deyilir ki, Azərbaycanda yayılmış sistematik korrupsiya insan alverilə mübarizədə səyləri əngəlləyir. Vətəndaş cəmiyyəti qrupları tikinti sektorunda qul əməyinin tətbiqi barədə məlumatları hüquq-mühafizə orqanlarına verməkdən və qüdrətli rəsmi fiqurların qəzəbinə gəlməkdən çəkinirlər.
Hesabatda bu da qeyd olunur ki, Azərbaycan insan alveri qurbanlarının müdafiəsi və onlara dəstək sahəsində müəyyən irəliləyişə nail olub. Lakin qurbanlarla məşğul olan QHT-lərin maliyyələşdirilməsi kafi deyil.
Hesabatda Azərbaycana dair maraqlı faktlardan biri də budur ki, 2013-cü ilin məlumatına görə, Bakı klublarından birində fahişəliklə məşğul olan 53 nəfər (47-si qadındır) həbs edilib.
Həbs olunanların əksəriyyəti 16-17 yaşlı özbək qızları olub. Azərbaycan hökuməti onlar barəsində nə kimi tədbirlərin görüldüyünə dair başqa məlumat verməyib.
Mətanət Əzizova: «İnsan alverində məmurların adları hallanır, amma müvafiq qurumlar bu məlumatları araşdırmır»
Insan alverinə dair Azərbaycanla bağlı hesabatı şərh edən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova “Azadlıq”a açıqlamasında sənədin obyektiv hazırlandığını bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, hesabat müəllifləri Azərbaycanda insan alveri probleminin demək olar ki, bütün aspektlərini araşdırıb: “Həqiqətən də bu gün Azərbaycanda seks-biznes, məcburi əmək, dilənçilik kimi ciddi problemlər var. Təəssüf ki, mən orqanların satılması problemini hesabatda görmədim. Azərbaycanda vəziyyət çox acınacaqlıdır. Bu gün insan alveri o dərəcədə inkişaf edib ki, gəncləri, uşaqları da cəlb edirlər. Məsələn, fahişəliyə gənc xanımlarla yanaşı, yeniyetmə qızlar da cəlb olunur. Dilənçiliyə uşaqlar cəlb edilir. 14-15 yaşlı oğlan uşaqlarının məcburi əməyə cəlb olunması halları ilə tez-tez qarşılaşırıq”.
Hüquq müdafiəçisi deyir ki, insan alverinə qarşı mübarizə üçün formal baxımdan ölkədə addımlar atılıb – Daxili Işlər Nazirliyinin nəzdində Insan Alverinə Qarşı Mübarizə Idarəsi, Fond, qurbanlar üçün sığınacaq var, dövlət pul ayırır. Amma korrupsiya bu məsələdə də öz işini görür: “Insan alverinin onlarla qurbanı aşkarlanır, xeyli insan alverçiləri tutulur, bəs niyə bu işlər məhkəməyə gedib çıxmır? Insan alverinə qarşı mübarizə üçün büdcədən yüz minlərlə pul xərclənir, bəs hara gedir o pullar? Insan alverində məmurların adları hallanır, niyə müvafiq strukturlar bu barədə məlumatları araşdırmır?”
Mətanət Əzizova hesab edir ki, Azərbaycanda insan alverilə mübarizə strategiyasını tam dəyişməlidir: “Insan alverinə qarşı milli koordinator müstəqil bir insan olmalıdır. Sığınacağı, ”Qaynar xətt”i Daxili Işlər Nazirliyindən alınıb, ya QHT-lərə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməlidir”.
Ramin