Qurtulduq, qurtulduq, azadlıqdan qurtulduq.
Çoxumuz qollarımızdakı zəncirləri sevməyə başladıq. “Ağa deyirsə ”sür dərəyə”, sür dərəyə” mental əmrinə qeyd-şərtsiz boyun əydik. Alçalaraq yüksəlmək fərasətli olmağın sinoniminə çevrildi. Əl öpmək, çəpik çalmaq, baş əymək desəniz, hamısı imandandır artıq. Əksəriyyətimiz bir nəfərin iki dodağının arasından çıxan sözə məəttəldir: əyil desin, əyilək; sürün desin, sürünək; öl desin, ölək; qal desin, qalaq…
Yaltaqlıq – həyat tərzi.
Yalan – çörək ağacı.
Işverənlik – iş yeri.
***
Qurtulduq, qurtulduq, sonra nədən qurtulduq?
Düşünməkdən qurtulduq.
Nə də olsa, bir nəfər hamımızın yerinə düşünüb qərar verir. Hər şeyin düzünü o bilir. Hər şeyə qadir olan odur. Alternativsizdir, əvəzolunmazdır. O nə desə, odur.
Vəssalam, qurtardı getdi.
Adı üstündədir – millət vəkili. Yəni millətin vəkili. Onu belə, o seçir.
***
Altı da, üstü də qızıl olan bu bərəkətli torpaqlarda niyə bir tikə çörəyə möhtac kimi yaşayırıq? Hanı milli iradəmiz? Hanı sərbəst toplaşmaq, azad söz demək, yazmaq haqqımız? 1000-2000 manat məmur maaşı alanlarda yüz minlik maşınlar, on milyonluq mülklər hardandır? Hardan gəlir bu dəyirmanın suyu? 20 ildə işğaldakı 20 santimetr torpağın azad edilməməsinin səbəbi nədir? Əlhəmdülillah, artıq bunların heç birini fikirləşmirik, qısası, yüz fikrin bir kredit borcunu ödəmədiyinə qənaət gətirdik, fikirləşməkdən qurtulduq.
***
Qurtulduq, qurtulduq, sonra nədən qurtulduq?
Elmdən, təhsildən, bilgidən qurtulduq.
Ümidimiz yenidən pirlərə, seyid ocaqlarına qaldı.
Həkim yerinə türkəçarə axtarmağa başladıq.
“Artıq Azərbaycan da kosmos dövlətidir” dedilər, süni peykimizin göylərə uçduğunu xəbər verdilər, sevincək televizorlarımızı açdıq “sağ-salamat uçdumu?” deyə. Nə gördük? Ələmuçuran gördük.
Zatən bundan əvvəl də Milli Elmlər Akademiyasının “elmi” işçisi çıxıb mələyin uçma sürətini hesabladığını açıqlamışdı.
Neft-qazçıxarma ölkəsindən cinçıxarma ölkəsinə çevrildik.
Kitab yandırdıq. Yazıçı bıçaqladıq. Alim qovduq.
***
Qurtulduq, qurtulduq, sonra nədən qurtulduq?
Bir toplumu gəlişdirən, çağla ayaqlaşmağa, modern dünyanın bir parçasına çevirməyə məcbur edən suallardan qurtulduq:
Hardan gəlirik?
Indi hardayıq?
Hara gedirik?
Əslində, bu sualların cavablarını qəlbinin dərinliyində hər kəs bilir.
Hər kəs bilir, amma istəyir bunu onun əvəzinə başqası söyləsin.
Bəs necə, yoxsa nəyinə lazımdır axı, boş yerə ağrımayan başını ağrıtsın.
Deməli, həm də havayı başağrısından qurtulduq.
***
Qurtulduq, qurtulduq, ən əsası isə gələcəkdən qurtulduq, gələcəkdən!
Yenidən keçmişin kirli, qaranlıq, zülm və cəhalət saçan səhifələrinə döndük.
Məsələn, Ingiltərə öz tarixinin “çəpərləmələr” çağını bir utanc səhifəsi kimi xatırlayarkən biz “hasarlamalar” çağına qədəm qoyduq, hasarlanmamış göl, meşə, dəniz qalmadı.
Biz inkvizasiyaların üç yüz il, beş yüz il geridə qaldığını zənn edirdik, bir də baxdıq nə? Məmləkətin aydın, işıqlı, irəligörüşlü, çağdaş beyinli insanları ya həbsdədir, ya sürgündə.
Dünya silkələnib şahlıqlar, krallıqlar dövrünün bütün kir-pasını üstündən atmağa çalışarkən biz “ömürlük prezidentliyi” rəsmiləşdirdik, monarxiyaya “mərhəba!” dedik.
Şeyx Nəsrullahlar, Xudayar bəylər, Molla Ibrahimxəlil kimyagərlər, usta Zeynallar yeni qiyafədə qarşımıza çıxmağa başladılar.
Bir sözlə, şükürlər olsun, işıqlı, çağdaş, modern bir gələcək kimi dərdimiz qalmadı.
Azıx mağarasına yenidən xoş gəldik!