Kəmaləddin Heydərovun Qərb diplomatları ilə görüşündən sonra hakimiyyətin müxalifətlə mübarizə taktikası dəyişib
Son günlər hakimiyyətin nəzarətində olan telekanallarda və mətbuat orqanlarında müxalifətə qarşı aparılan kampaniyanın forması dəyişdirilib. Indi nə “zəhmətkeşlər” ekranda, qəzet səhifələrində görünür, nə də müxalifətin xarici qüvvələrin dəstəyi ilə ölkədə ara qarışdırmaq istədiyi bildirilir. Xüsusilə müxalifət liderləri ilə 20 ölkənin səfirinin görüşməsi məsələsi barədə danışılmır. Halbuki bu görüşdən sonra hakimiyyət bütün potensialı ilə səfirlərə qarşı hücuma keçmişdi. Hətta hökumətyönlü deputatlar parlamentin tribunasından onların ölkədən qovulması məsələsini gündəmə gətirmişdi.
Iddia olunurdu ki, məhz Qərb dairələri müxalifəti ölkədə “sabitliyi pozmağa” istiqamətləndirir. Siyavuş Novruzov hətta iddia edirdi ki, özü bunun şahidi olub.
Indisə bu görüşə görə Avropa Birliyi ölkələrini, ABŞ-ı topa tutan Bahar Muradova, Əli Əhmədov və başqa hökumətyönlü deputatlar tamamilə başqa hava çalırlar. Müxalifətin xaricdə dayaqlarının olmamasından danışırlar.
Bəs birdən-birə nə oldu ki, hakimiyyət əks-təbliğat formasını dəyişdi?
Hakimiyyətə yaxın ekspertlər bunu iki səbəblə izah edirlər.
Birincisi, ola bilər ki, hakimiyyətin mövqeyinin dəyişməsində ABŞ səfiri Metyu Brayzanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla müəmmalı görüşü rol oynayıb: “Görünür, fövqəladə hallar naziri də Ilham Əliyevi inandıra bilib ki, hakimiyyətin mövqeyi yanlışdır. Nəzərə almaq lazımdır ki, müxalifətə qarşı kampaniya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifliyi ilə həyata keçirilirdi. Həm sizin ”zəhmətkeş” adlandırdığınız insanların telekanallara çıxarılması, həm də müxalifətə qarşı kampaniyanın fonunda Qərbin də hədəfə alınması Ramiz Mehdiyevin ideyası idi. Birinci, onun kommunist nomenklaturasının nümayəndəsi olmasından, ikinci isə iqtidarda rusiyapərəst qüvvələrin başında dayanmasından irəli gəlir. Ola bilər ki, Metyu Brayzanın hakimiyyətdə ikinci böyük güc olan və Ramiz Mehdiyevlə qarşıdurma şəraitində olan Kəmaləddin Heydərovla görüşməsi də bununla bağlıdır”.
Ekspertlərin fikrincə, ikinci səbəb bu ola bilər ki, artıq hakimiyyətdə müxalifətə qarşı bu şəkildə kampaniya aparılmasının Ilham Əliyevin əleyhinə işləməsini başa düşürlər: “Bu kampaniyanın cəmiyyətdə ikrah hissi doğurduğu sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda yazılan şərhlərdən də aydın görünür. Görünür, iqtidar ideoloqları da özləri üçün ayrıca araşdırma aparıblar və nəticə onların xeyrinə olmayıb. Müxalifətin Qərb dairələri ilə əlaqələndirilməsi isə hakimiyyətin daha çox əleyhinə işləyib. Bu, bir qədər ümidsiz olan insanları da mübarizəyə ruhlandırıb. Güman ki, nəhayət hakimiyyət bunu anlayıb və kampaniyanın formasını dəyişmək qərarına gəlib”.
Analitik informasiya şöbəsi