Yəmən prezidenti müxalifətin üzərinə əli dəyənəkli tərəfdarlarını göndərdi
Yəməndə prezident Əli Abdulla Salehin istefası tələbilə etiraz aksiyaları davam edir. Ötən gün paytaxt Səna və ölkənin cənubundakı Taiz şəhərində minlərlə insanın iştirakıyla mitinq keçirilib. Hökumət qüvvələri hakimiyyət əleyhinə keçirilən aksiyaya sərt müdaxilə edib. Paytaxtda mitinq iştirakçılarına polislərin açdığı atəş nəticəsində 3 nəfər etirazçı dünyasını dəyişib. Taiz şəhərindəki aksiyaya polis müdaxiləsi zamanı isə 2 nəfər həlak olub. 60-dan çox yaralının olduğu bildirilir.
Polisin nümayişçilərə atəş açmasından sonra Əli Abdulla Salehin tərəfdarları etirazçılara dəyənək və çubuqlarla hücum edib. Gecə saatlarında Səna universitetinin həyətində gecələyən müxalifət fəallarına motosikletdə əyləşmiş naməlum şəxslər atəş açıblar.
BMT Təhlükəsizlik Şurası ölkədə yaranmış gərginliklə bağlı təcili toplantı keçirib. Təşkilat Yəməndəki hadisələrdən narahatlıq keçirdiyini bəyan edib və ölkənin bütün siyasi qüvvələrini dərhal dialoqa başlamağa çağırıb.