Üzeyir Cəfərov: «Son vaxtlar Rövşən Əkbərov da məddahlıq xəstəliyinə tutulub»
Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov Publika.az-a eksklüziv açıqlama verib və yaxın vaxtlarda baş qərargah rəisi təyin olunacağı barədə yayılan məlumata münasibət bildirib:
“Bu cür yazılara əhəmiyyət vermirəm. Bunlar lazım olmayan yazılardır. Axı ali baş komandanın hansı qərar verəcəyini kim deyə bilər? Bu cür yazıları yazan adamlar uşaqlıq edirlər. Mən bu cür oyunlara getmirəm. Belə məlumatlara inanmayın. Hörmətli nazirimiz, general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi öz vəzifələrini layiqincə icra edirlər. Mən də burada öz vəzifə borcumu icra edirəm. Bilirsiniz, əsl zabit, general heç vaxt vəzifə barədə düşünməz. Düzgün, təmiz və vətənpərvər zabiti vaxtı çatanda çağırıb təyin edirlər. O da əmri icra edir”- deyə Rövşən Əkbərov bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov Rövşən Əkbərovun bu açıqlamasını sərt tənqid etdi və bildirdi ki, son vaxtlar generallarda yaranmış məddahlıq təəssüf hissi doğurur: “Bir qayda olaraq bizim generallarımız mətbuata açıqlama vermir. Ancaq söhbət vəzifədən gedəndə mətbuatda görünməyə başlayırlar. Bu məddahlıq xəstəliyi Rövşən Əkbərova da keçib. Tez-tez deyirlər ki, ”biz hər zaman ali baş komandanın əmrini yerinə yetirməyə hazırıq”. Sənin işin, vəzifən bunu tələb edir və sənə bu təltifləri ona görə veriblər ki, hər zaman vətən üçün vuruşmağa hazır olasan. Digər tərəfdən, Rövşən Əkbərov Müdafiə nazirinin və qərargah rəisinin fəaliyyətinə qiymət verə bilməz. Yaxşı olar ki, Rövşən Əkbərov öz vəzifəsinin öhdəsindən gəlməyə çalışsın. Çünki ən çox itkilər, məhz Şəmkir ordu birləşməsində qeydə alınır. Rövşən Əkbərov açıqlamasında bildirir ki, bizim itkilər düşmənin itkilərindən azdır. Bir general bununla təsəlli tapmamalı və belə müqayisəni uğur hesab etməməlidir. 20 ildən artıqdır 20 faiz torpaqlarımız düşmən tapdağındadır və biz itkilərimizin az olmasından danışırıq”.
Ekspert onu da əlavə etdi ki, zabit şəxslərə yox, vətənə xidmət etməlidir: “Rövşən Əkbərovun ”düzgün, təmiz, vətənpərvər zabit vaxtı çatanda vəzifəyə təyin olunacaq” ifadəsi absurddur. Çünki təmiz, vətənprvər olmayan adam zabit ola bilməz. Bu keyfiyyətləri özündə daşımayan adamın Azərbaycan ordusunda nə işi var. Sadəcə olaraq bu açıqlama ilə Rövşən Əkbərov özünü gündəmə gətirir. Nazir və qərargah rəisini tərifləməsi də onu göstərir ki, Bakıya yaxınlaşmaq istəyir. Ümumiyyətlə, Rövşən Əkbərovla bağlı kifayət qədər cavabsız qalan suallar var. Yaxşı olardı ki, generallar vətənə xidmət etmək, əsgərlərini qorumaq barədə düşünsünlər”.
Akif