Dövlət Komitəsi Lənkəran rayonu ərazisində fəaliyyət göstərən süd qəbulu və yığımı məntəqəsində reyd keçirib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi süd qəbulu və yığımı məntəqəsində reyd keçirib.
Lənkəran ərazi idarəsinin əməkdaşları Lənkəran rayon Xutor qəsəbəsi ərazisində yerləşən məntəqədə aparılan reyd zamanı ürək açan heç nəyə rast gəlinməyib. Məlum olub ki, qanunsuz fəaliyyətdə olan məntəqədə heç bir normativ sənəd və uyğunluq sertifikat yoxdur. Vətəndaşlardan qəbul olunan süd isə qapağı açıq qalan kanalizasiya sisteminin yanında aparılır. Qablara yığılan südün üzərində də hər cür həşərata rast gəlinirdi. Məntəqə işçisi isə məsələyə özünəməxsus tərzdə cavab verib: “İnəklərdən sağılan süd zamanı vedrəyə nəsə düşə bilər. Məntəqədə süd süzgəcdən keçirilir və təmizlənir.”
İdarə əməkdaşı Xalid Ələkbərlinin sözlərinə görə ilkin başlanğıc olaraq məntəqədə baxış protokolu qeyd olunub və qanuna müvafiq qaydada tədbirlər görüləcək.
Aşkarlanan nöqsanlarla bağlı məntəqəyə məhdudlaşdırıcı qərar tətbiq edilərək təqdim edilib. Həmin məntəqəni 1500 manatdan – 2000 manata kimi cərimə gözləyir.
Qeyd edək ki, bu kimi reydlərin idarənin əhatə etdiyi bütün süd yığımı və qəbulu ilə məşğul olan məntəqələrində aparılması nəzərdə tutlur. (anspress.com)