“Sifarişlə verdiyiniz hər bir hökmün cəzasını çəkəcəksiz, həbsxanada çürüyəcəksiz”
Ömər Məmmədovun anası fəryad etdi: “Başqalarının balasını şərləməklə yediyiniz burnunuzdan irin-qan olub tökülsün”
19 yaşlı blogger, “facebook”da hökuməti tənqid edən “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş Ömər Məmmədovun narkotik ittihamı ilə həbs olunmamışdan iki gün əvvəl özü və atasının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıldığı, orada kompüterinə baxış keçirildiyi, profilləri və e-mail ünvanlarının parolunun sındırıldığını sübut edən sənəd ortaya çıxıb. Ömər Məmmədovun vəkili Xalid Bağırov həmin sənədləri poçt vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsində bloggerin işinə baxan hakim Eldar Mikayılova göndərərək, onların cinayət işinin materiallarına əlavə olunması barədə vəsatət verib. Bu barədə mayın 29-da keçirilən məhkəmə iclasında hakim proses iştirakçılarını məlumatlandırıb.
Vəkil də öz növbəsində vəsatətinə aydınlıq gətirərək bildirib ki, işə əlavə olunmasını istədiyi sənədlərdən biri Ömərin atası Elyar Məmmədovun BMCMİ-nə göndərdiyi teleqramdır. Ona verilən cavabda həm özünün, həm də oğlunun yanvarın 21-də idarədə olduğu, Ömərin kompüterinin orada saxlanıldığı təsdiqlənir.
Xalid Bağırovun işə əlavə olunmasını istədiyi digər sənəd Nərimanov rayon məhkəməsinin məktubudur. Məhkəmədən vəkilin sorğusuna cavab olaraq bildirilib ki, Ömər Məmmədovun tutulması, üzərinə baxış keçirilməsi barədə Narkotiklərlə Mübarizə İdarəsindən onlara heç bir məktub daxil olmayıb. Halbuki, qanuna görə, müəyyən istintaq hərəkətləri təcili olduqda və məcburən məhkəmə qərarı olmadan aparıldıqda, bu barədə 24 saat ərzində məhkəməyə məlumat verilməlidir. Aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin materiallar 48 saat ərzində məhkəməyə və ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurora təqdim olunmalıdır. Nərimanov rayon məhkəməsindən vəkilin sorğusuna verilən cavab sübut edir ki, Ömər Məmmədovun işində Cinayət-Prosessual Məcəllənin bu tələbi pozulub.
Məhkəməyə təqdim olunan daha bir sübut Ömərin üzünə duran hal şahidi Elnur Məhərrəmovun bir sıra başqa işlərdə də həmin statusda iştirakını təsdiqləyən hökmlərdir. Xalid Bağırov Nəsimi rayon məhkəməsinin iki hökmünü məhkəməyə təqdim edib: “Bu hökmlərlə yanaşı, Yasamal Rayon Polis İdarəsində istintaqı gedən bir ittiham aktında da bu adamın adı hal şahidi kimi keçir. Yeri gəlmişkən, burada ötən məhkəmə iclasından çıxandan sonra başqa bir məhkəmə prosesində də onunla qarşılaşdım. Adam professional şəkildə “hal şahidliyi” eləyir”.
Vəkil həmçinin Ömər Məmmədovun qeydiyyatda olduğu ünvanda uzun illərdir yaşamadığını təsdiqləyən arayışı, həmçinin bloggerin Kiprdə təhsil aldığına görə ötən ilin sentyabrından ölkədə olmadığını, yanvarın 20-də axşam Bakıya gəldiyini sübut edən pasport məlumatlarını məhkəməyə təqdim edib. Məsələ burasındadır ki, bloggerin tutulması üzrə əməliyyat qrupuna rəhbərlik etmiş Xəyal Nəsibov məhkəmədə ifadəsində Sülh küçəsi um 1B ünvanında yaşayan Ömər Məmmədovun təxminən 10 gündür Bakıda narkotik satışı ilə məşğul olduğuna dair məlumat aldıqlarını, həmin ünvanda yoxlama aparılarkən faktın təsdiqini tapdığını demişdi. Vəkilin təqdim etdiyi sübutlardan isə bəlli olur ki, Ömər Bakıya həbsindən cəmi 3 gün əvvəl gəlib, sözügedən ünvanda isə uzun illərdir ki, yaşamır.
Vəkil bütün bu sənədlərin iş materiallarına əlavə olunmasıyla yanaşı, həm də məhkəmənin BMCMİ-yə sorğu göndərməsi barədə vəsatət qaldırıb.
Digər vəkil Əlayif Həsənov da həmkarının vəsatətini müdafiə edib: “Bütün bu qanunsuzluqlar nəzərə alınmadan Ömər Məmmədovun barəsində ittiham hökmü çıxarılsa, bu təkcə bir gəncin həyatı yox, bütövlükdə ölkə üçün fəlakətdir”.
Məhkəmə vəsatətin yalnız sənədlərin işə əlavə olunması hissəsini təmin etdi. Vəsatətdə qoyulan digər məsələlər isə təmin olunmadı.
Bundan sonra Ömərin həbsində iştirak etmiş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili İlkin Ələkbərov şahid qismində dindirildi. Onun sözlərinə görə, Ömər nə saxlanılarkən, nə də idarədə ona heç bir təzyiq olmayıb, narkotiki cibindən özü çıxarıb, deyib ki, Keşlə bazarının yanında tanımadığı şəxsdən alıb.
Ömər isə İlkin Ələkbərovun yalan danışdığını, cibinə narkotiki məhz onun qoyduğunu bildirdi: “Narkotiki cibimə bu adam atıb”.
Polis dindirilərkən Ömər saxlanıldığı dəmir qəfəsdə gəzişirdi. Hakim bunu irad tutanda bloggerin özünəməxsus cavabı oldu: “Əgər siz də şərlənsəydiniz, mənim vəziyyətimi bilərdiniz”.
İlkin Ələkbərovun dindirməsinin sonunda Ömərin məhkəmə zalında olan anası dözməyərək, fəryad etdi: “Vicdanın olsun, bu kitabları (əlindəkiləri göstərir-red.) oxuyan adam narkotikdən istifadə edərmi? Ayıb olsun sizə. Utanmırsan kiminsə balasını şərləyirsən? Allah balalarınızın başına gətirsin. Başqalarının balasını şərləməklə yediyiniz burnunuzdan irin-qan olub tökülsün. Bu məhkəmə deyil, gülünclükdür. Siz ədalət axtarmırsız, ancaq ittihamı müdafiə edirsiz. Allah görür, siz də elədiklərinizi balalarınızdan görəcəksiz. Neyləmişdi 19 yaşlı uşaq sizə? Bir aylıq gəlmişdi də, çıxıb gedəcəkdi. Cəmi iki gecə imkan verdiniz ki, anası onun iyini alsın…”
Anasının fəryadını görən Ömər üzünü hakimlərə tutdu: “Sizlər də sifarişlə verdiyiniz hər bir qanunsuz hökmün cəzasını çəkəcəksiz, həbsxanada çürüyəcəksiz. Mən bu ölkədə ədalətsizliyin aradan qaldırılması, sizin kimilərin cəzalandırılması üçün son damla qanıma qədər mübarizə aparacam”.
Vəziyyətin gərginləşdiyini görən hakimlər tələsik məhkəmə zalını tərk etdilər.
Proses iyunun 6-da davam edəcək.
Aytən Məmmədova