Bakı köylərinin “abadlaşdırılması” ilə bağlı “tapşırıqlarının necə yerinə yetirildiyini öyrənmək üçün” I.Əliyev köyləri gəzir. Orta çağlardan – feodalizm dönəmindən bizə belə nağıllar qalıb: Şah Abbas cənnətməkan xalqın necə yaşadığını öyrənmək üçün “təğyiri-libas olub” ölkəni gəzirmiş. Şah Abbas ölkənin, xalqın gerçək durumunu öyrənmək üçün “təğyiri-libas” olurmuş.
I.Əliyevi ölkənin, xalqın gerçək durumu düşündürmədiyindən, onun gedəcəyi yerlərə qabaqcadan soraq çatdırılır, “Potyomkin köyləri” kimi aldadıcı metodlardan yararlanmaqla gərəkən işlər görülür. Bütün bunlarla yanaşı, ortaya belə soru da çıxır: biz hansı dövlətdə yaşayırıq – Şah Abbas dönəminin feodal dövlətində, yoxsa bilimin, texnikanın yüksək gəlişdiyi 21-ci yüzilliyin dövlətində? I.Əliyevin məntiqi ilə biz Orta çağ feodal dövlətində yaşayırıq. Siyasi monopoliya durumunda, başqa cür desək, bütün hakimiyyət qollarının bir əldə toplandığı Əliyevlər rejimində biz feodal dövlətində yaşadığımızı düşünməliyik. Prezident adlanan kimsə Bakıya bitişik Biləcəri ilə bağlı verdiyi tapşırıqların necə yerinə yetirildiyini, yetirilib-yetirilmədiyini öyrənmək üçün durub ora gedirsə, onda bu nə prezidentlik oldu belə?
Belədə, Astaradan Ağstafayadək verilən tapşırıqların necə yerinə yetirildiyini öyrənmək gərəyi yaranmırmı? Belədə, I.Əliyev Astaradan Ağstafayadək verdiyi tapşırıqların necə yerinə yetirildiyini öyrənmək üçün bütün ölkəni köybəköy gəzməli deyilmi? Göründüyü kimi, bunlar ritorik sorulardır. Ancaq… bu, məntiqli ritorikadır! Bütün başqa dövlət hakimiyyət strukturları bir yana, təkcə Prezident Administrasiyasında neçə minsə adam işləyir. Demək, prezident adlanan kimsə PA-dan tutmuş, yerlərdəki hakimiyyət qurumlarında işləyənlərədək kimsəyə inanmadığından, Şah Abbas rolunda Biləcəriyə gedir. Gedir, görsün verdiyi tapşırıqlara uyğun olaraq Biləcərinin çoxillik problemləri (qaz, işıq, su, kanalizasiya, yol-küçə) nə yerdədir. Bu gedişlər gerçəkdən Şah Abbas gedişlərindən olsaydı, nə vardı! Belədə, prezident-padşahın xalqı sevdiyini düşünmək olardı. Ancaq ortada gerçək sevgi deyil, sevgi imitasiyası var! Əliyevlərin demokratiya imitasiyası ilə xalqa sevgi imitasiyası tən gəlir…
Dünyada geniş yayılmış “dövlət mexanizmi” deyilən bir anlayış var. Çağdaş dünyada dövlət mexanizmini, demək olar, saat kimi işlədən bir sistem var – DEMOKRATIYA! Aşağıdan yuxarıya demokratik seçkilər keçirilən, bu yolla demokratik yönətim formalaşdırılan ölkələrdə dövlət mexanizmi ayrıca işləklik qazanır. Belədə dövlət, demək olar, öz-özünə yönətilir: aşağıdan yuxarı, yuxarıdan aşağı! Mexaniki olaraq aşağı yuxarını, yuxarı aşağını kontrolda saxlayır. Bunu biz ABŞ kimi demokratiya ölkələrinin praktikasından görə bilərik. ABŞ-da verdiyi tapşırığın dalınca Biləcəriyə GEDƏSI olan prezidenti o gün işdən qovarlar. Niyə görə? Yaxşı işinə, doğru-düzgünlüyünə özünün belə inanıb bel bağlamadığı yaramaz-yararsız hakimiyyət komandası formalaşdırdığına görə!
Əliyevlər 1993-dən ölkədə siyasi hakimiyyət monopoliyası yaradıblar. Onlar çoxdan (1969-dan!) Azərbaycan hakimiyyətinə özlərinin monopoliyaları olaraq baxırlar. Onların Azərbaycanı demokratiya yolundan çıxarmaları da buna görədir. Demokratiya olan yerdə monopoliya olmur – bunu bildiklərinə görə onlar bütün bacarıqlarını işə salaraq Azərbaycanı demokratiya yolundan döndərdilər. Monopolist istəklərinə uyğun olaraq onlar siyasi liderlərin yarışması kimi bir demokratiya görsənişini biryolluq aradan qaldırıblar. Onların ən yaramaz metodlardan belə yararlanmaqla yaratdıqları budur: alternativsizlik! Əliyevlər rejimi yaranışından antixalq xarakteri daşıdığından monopoliyaya – alternativsizliyə bir belə önəm verib!