Bir yandan ölkədə rifahın və azadlığın olmasını istəyən, amma o biri yandan da mübarizədən yayınan, çəkinən insanlardan bu absurdu izah etmələrini istəyəndə standart cavab eşidirik: “Neyniyim e, uşaqlar qarşımı kəsib…”
Oysa, əslində apardığımız mübarizə daha çox elə uşaqlar üçündür. Onların işıqlı gələcəyi üçündür. Onların azad, ədalətli bir ölkədə yaşaması üçündür. Bizim gördüyümüz məşəqqətləri, çəkdiyimiz məhrumiyyətləri onların yaşamaması üçündür.
Biz “uşaqlar qarşımı kəsib” deyə, mübarizədən yayınarkən əslində, özümüz onların qarşısını kəsmiş oluruq. Onların özgür, firavan Azərbaycana gedən yolunu kəsmiş oluruq. Onların ədalətli, demokratik, hüququn hər şeyin üstündə olduğu bir ölkəyə gedən yolunu kəsmiş oluruq.
Azərbaycan bəlkə də dünyanın nadir ölkələrindən biridir ki, orada uşaq faktoru ailəni bir anın içində dağıda bilər. Bir-birini ən dəhşətli dərəcədə sevən cütlük belə, uşaqları olmayınca bir-birlərinə asanlıqla sırtlarını dönə bilər. Ya da tam əksinə, uşağın doğulması təsadüfi bir evliliyi xilas edər, dünənədək bir evdə bir-birinə yad iki insan kimi dolaşan cütlüklər uşaqlarının olması ilə doğmalaşarlar.
Indi bütün bunlardan sonra mənim anlamadığım budur: uşağı bunca sevən, uşağı bunca önəmsəyən insanların ölkəsində adamlar öz işini niyə sadəcə, uşağı dünyaya gətirməklə bitmiş sayır? Bu necə səmimi bir uşaq sevgisi, uşaq bağlılığıdır ki, sonradan o adamlar övladlarının gələcəyinə səssiz qalmalarına elə övladlarını bəhanə gətirirlər? Öz cəsarətsizliklərini, öz qorxaqlıqlarını malalamaq üçün övladları üzərindən alver edirlər?
Dəhşətdir: hamı uşaq istəyir, amma o uşağın xoşbəxt yaşayacağı bir ölkə qurmaq üçün yaxasını kənara çəkir. Hamı ata, ana olmaq arzusu ilə alışıb yanır, amma ata və ana kimi missiyasını yataq prosedurunu uğurla yerinə yetirməklə bitmiş sayır.
Oysa düşündünüzmü heç: sabah bu uşaqlar böyüdüyündə, necə ədalətsiz, hüquqsuz, səfil, cahil bir ölkənin vətəndaşı olduğunun fərqinə varanda və “bu nə ölkədir bizə miras qoymusunuz?” deyə soruşduqda nə cavab verəcəksiniz onlara? Nə vaxtsa onları üzünüzə tutalğac edib mübarizədən qorxub çəkindiyinizi, qaçıb gizləndiyinizi açıq-açıq söyləyə biləcəksinizmi?
Yoxsa onda da artıq qocalığınızı, yaşca böyüklüyünüzü bəhanə edib sıyrılacaqsınız işin içindən?
Bu gün – yəni 17 aprel, bütün bunlar haqqında yaxşı-yaxşı düşünmək üçün gözəl gündür, əla fürsətdir.
Qaçırmayın, məncə.
Lentlərin müqayisəsi
Ilham Əliyevin müxalifətin mitinqləri haqqında dedikləri hakimiyyətin inqilab isterikasının son həddidir. Kral həzrətləri xalq etirazlarından rahatsız olmadığını göstərmək istəyib, tam tərsi alınıb: nə qədər narahat olduğu hər sözündən fışqırır.
Sitat: “Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq”.
Ilham Əliyevin narıncı lentləri bu qədər yaxşı xatırlaması əslində, onun 6 il əvvəlki inqilabi əhval-ruhiyyədən nə qədər qorxduğunu gözlər önünə sərir, hələ də unuda bilməyib o günləri, bəlkə hələ də 6 il əvvəllə bağlı qorxulu röyalar görməyə davam edir.
Möhtərəmin “narıncı lentlər”i xüsusi vurğulaması isə məncə, çox yersizdir. Qaş qayırarkən vurub göz çıxarmaqdır. Çünki bu gün Azərbaycan cəmiyyətində lağlağı, ironiya obyekti olan, müxalifətin 2005-dəki narıncı lentləri deyil, əlahəzrətin özünün qırmızı lentləridir.