DIN mətbuat xidməti prokurorluğa müraciət etməyi məsləhət görür
Prokurorluq isə polisi nişan verir
Nurəddin Məmmədli: «Bu fakt hüquq-mühafizə sistemində ümumi vəziyyətin göstəricisidir»
Müxalifətin aksiyalarında polisə dəxli olmayanların iştirakı dəfələrlə sübut olunub. 2 aprel aksiyasında isə onların arasında hətta cinayətə görə məsuliyyətə cəlb edilən də olub. Bu, “Qarabağ” futbol klubunun keçmiş oyunçusu, fırıldaqçı kimi tanınan, sonradan xüsusi xidmət orqanlarına işlədiyi bildirilən “Ataş” ləqəbli Ata Abdullayevdir. Bir neçə il əvvəl bu şəxs 7 il şərti cəzaya da məhkum edilib. O, aksiyada müxalifət nümayəndələrinə qarşı qəddarlıqda diqqəti cəld edib.
Belə bir şəxsin polislə bir yerdə müxalifətin aksiyasını dağıtmasına nə ad vermək olar? Daxili Işlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov mediaya açıqlamasında bildirib ki, kimdə bununla əlaqəli məlumat varsa, 2 aprel aksiyası ilə bağlı istintaq qrupuna müraciət etsin.
Bakı Şəhər Prokurorluğunun ictimai əlaqələr üzrə köməkçisi Ramiz Rzayev isə prokurorluğun istintaq sənədlərində bu adda adamın adının hallanmadığını dedi. O da öz növbəsində məsələ ilə bağlı polis orqanlarına müraciət etməyi məsləhət gördü.
Qeyd edək ki, aksiyada çəkilən bir neçə şəkildə Ata Abdullayevin polisin yanında, o cümlədən aksiya iştirakçılarına qarşı qəddarlıq etdiyi görünür.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Azərbaycanda rejimin xarakterinə uyğun da mübarizə üsulları və vasitələrinin seçildiyini deyir. Bu fakt isə ölkədəki qanunsuzluğun ən ciddi təzahürlərindən biridir: “Yeddi il həbsdə yatan şəxsin mitinqdə onlarla adamın həbs olunmasında iştirakı sistemin kriminallaşmasının daha bir təzahürüdür. Bu gün Azərbaycan müxalifətini müəyyən vandalizm hərəkətlərində ittiham edənlər birinci növbədə öz fəaliyyətlərinə nəzarət yetirməlidirlər. Baxmalıdırlar ki, bu ölkədə polisin missiyasını kim yerinə yetirir”.
N.Məmmədlinin sözlərinə görə, bu fakt hüquq-mühafizə sistemində ümumi vəziyyətin göstəricisidir. Bu səbəbdən də onun müxtəlif üsul və vasitələrlə ört-basdır olunacağına qətiyyən şübhə yoxdur. Çünki ciddi araşdırma polisdə çalışan xeyli sayda rəhbər şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün əsas yaradar.
AXCP sədr müavininin fikrincə, təkcə polisin fəaliyyətini üzərinə götürən, onun missiyasını mənimsəyən bu tipli adamlardan başqa eyni zamanda şüşə sındıran, müəyyən obyektlərin dağıdılmasında iştirak edən adamlarla da bağlı ciddi araşdırma aparılmasına ehtiyac var.
Fizzə