Beynəlxalq konfrans iştirakçıları Liviya diktatorunu dərhal istefa verməyə çağırdı
Liviyada Qəzzafi rejimi Afrika Birliyinin hakimiyyətin təhvil verilməsi təklifini qəbul edəndən sonra ölkədə nisbi sakitlik yaranıb. Qətərin paytaxtı Dohada Liviya diktatorunun iqtidarı təhvil verməsini istəyən ölkələrin birləşdiyi “Liviya təmas qrupu”nun konfransı keçirilib. 40 ölkə təmsilçisinin qatıldığı konfransın iştirakçıları Müəmmər Qəzzafinin hakimiyyətdən getməkdən başqa yolu qalmadığını bildiriblər. Onlar legitimliyini itirmiş diktatorun Liviya rəhbəri ola bilmək şansının qalmadığını söyləyiblər və Qəzzafini dərhal istefa verməyə çağırıblar.
Tədbiri açan Qətər şahzadəsi Tami bin Xəlifə əl Təani Liviyadakı qarşıdurmalar zamanı hər gün insan tələfatının olduğunu və ölkədə humanitar böhran yaşandığını söyləyib: “Liviya xalqının çətinlikləri təbii bir fəlakətin deyil, siyasi qərarların nəticəsidir. Liviya hakimiyyəti iqtidarda qalmaq uğrunda öz xalqına zərər verir. Liviyalılar külli miqdarda təbii ehtiyatları olan zəngin bir xalqdır. Onlar öz haqlarını tələb edir. Hər bir insanın azadlıq və ədalətli cəmiyyətdə yaşamaq haqqı var. Liviya xalqı da bu hüquqdan yararlanmaq istəyir”.
BMT-nin baş katibi Pan Gi Mun da Liviyada 3.6 milyon insanın humanitar köməyə ehtiyacı olduğunu bildirib. Toplantıya Liviya diktatoru Müəmmər Qəzzafiyə qarşı mübarizə aparan üsyançı qrupların təmsilçiləri də qatılıb. Onlar ilk dəfədir ki, bu qədər yüksək səviyyəli bir diplomatik toplantıda iştirak edirlər. Üsyançılar yeni təmas qrupunun üzvlərilə görüşüblər.
Fransa və Ingiltərənin xarici işlər nazirləri konfransdan öncə keçirdikləri brifinq zamanı NATO ölkələrinin Liviyada daha fəal olmasının vacibliyini vurğulayıb. Konfransa sədrlik edən Ingiltərənin xarici işlər naziri Uilyam Hoque daha çox ölkəni Qəzzafi rejiminə qarşı əməliyyatlarda iştirak etməyə çağırıb. Nazir Liviya diktatoruna qarşı təzyiqlərin artırılması üçün diplomatik addımların atılacağını və Qəzzafiyə yönəlik əlavə sərt embarqolar tətbiq edilə biləcəyini söyləyib.
Ingiltərə rəsmisi Liviyada sülhün təmin edilməsi məqsədilə bir sabitlik planının və ölkədə demokratiyanın qurulmasını təmin edəcək siyasi prosesin yaradılmasının müzakirə olunacağını da vurğulayıb.
Konfransda Italiya hökumətinin mövqeyi də açıqlanıb. Rəsmi Roma Qəzzafi qüvvələrinin hücumlarına qarşı özlərini daha yaxşı müdafiə edə bilmək üçün üsyançılara silah yardımı olunması təklifini irəli sürüb.
Xatırladaq ki, Ingiltərəyə qaçaraq siyasi sığınacaq istəyən Liviyanın keçmiş xarici işlər naziri, Müəmmər Qəzzafinin ən yaxın silahdaşlarından biri Musa Kusa da Dohada keçirilən konfransa qatılıb. O, bir müddət öncə Liviyada vətəndaş müharibəsinin davamlı xarakter almaması üçün iqtidar-müxalifət dialoqunun başlanmalı olduğunu bildirmişdi.
İnformasiya şöbəsi