Türbəyə qənim kəsilənlər kimdir?
Lerik rayonu, Noda ərazisinin Bobogil kəndinin 35 nəfər sakini dövlət başçısı Ilham Əliyev və baş prokuror Zakir Qaralova müraciət edib. Surəti “Azadlıq”a ünvanlanan müraciətdə Lerik sakinləri yazır: “Biz kəndimizin yaxınlığındakı tikinti işlərinə etiraz edirik. Həmin ərazi dövlət mülkiyyətinə daxildir. Tikinti aparılan ərazidə 16-cı əsrə aid Bobogil türbəsi yerləşir.
Istirahət zonası adı ilə tikiləcək obyekt türbədən 50 metr aralıda yerləşir. Obyekt Nüvədi bələdiyyəsinin sədri Vüqar Hüseynov və qardaşları Cavid, Vidadi tərəfindən maliyyələşdirilir. Təkcə Bobogil deyil, Noda ərazisinin sakinləri də bu işə hiddətlə yanaşır. Müqəddəs abidəmizə hörmətsizlik edənləri bağışlamırıq. Lerikdə bu işə maraq göstərənlər korrupsiyaya qurşanmış şəxslərdir. Biz türbə ərazisində tikinti işlərinin dayandırılmasını tələb edirik.
Məlumat üçün deyək ki, XVI əsrə aid abidə sayılan Bobogil türbəsi Lerikin ən tanınmış ziyarətgahıdır. Lerikin 16, Lənkəran-Lerik şosse yolunun 40 km-də yol üstündə olan bu türbə zəmanəsinin böyük alimiÿNizaməddin Əmir Şahsevər Gilani Kəskərinin adı ilə bağlıdır. Kəndin qocaman sakinləri deyir ki, alimin həyat və fəaliyyəti dövrü XI əsrə aid edilir. Pirin olduğu ərazidə XV əsrə aid qəbiristanlıq var. Bir ehtimala görə, türbədə dəfn edilən şəxs VII imam Museyi Kazımın nəvəsidir. O, Iranın Gilan vilayətindəndir. Şah tərəfindən oradan qovulduqdan sonra buraya yerləşib və ölüncə də eyni yerdə dəfn edilib.
Bobogil toponiminin mənası “Gilanlı Baba” kimi izah edilir. Kəndin əvvəlki adı “Osonkəron” olub. Mənası “dəmirçi evləri”dir. Çünki bu kənd sakinlərinin əsas məşğuliyyəti dəmirçilik olub. Orta əsrlərin yadigarı olan bu müqəddəs məkan xeyriyyəçi Islam Hacı Sadıq oğlu Kərimovun təşəbbüsü ilə inşaatçı Hacı Ağamirzə Hacı Ataxan oğlu tərəfindən 1998-1999-cu illərdə bərpaÿedilərək, türbə kimi tikilib. Onun sayəsində pir əsaslı təmir olundu, dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimi üçün yer düzəldildi, işıqlandırma sistemi quraşdırıldı, bulaqlardan su xətti çəkildi.
Bobogil pirinə ilin istənilən fəslində ziyarətçilər gəlir. Dini bayramlarda, xüsusilə Məhərrəm ayında, Aşura günlərində və Qurban bayramında qurbanlıqlar kəsilir. Yerli sakinlərin söylədiyinə görə, ürəyində niyyət edib qurbanlıq kəsənlərin, Bobogil türbəsində Allaha dua edənlərin bütün istəkləri yerinə yetir”.
Sosial şöbə