“Məşğul əhalinin 30 faizinin çalışdığı aqrar sektor batıb gedir”
“İnsanlar sosial-maddi sarsıntılar səbəbindən özlərini yandırmaq məcburiyyətində qalır”
Aprelin 13-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı ənənəvi olaraq ölkəminin dinamik inkişaf etdiyini, iqtisadiyyatın bir neçə faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını deyib.
Azərbaycanın yürütdüyü xarici siyasətə toxunan Əliyev ilin birinci rübündə ölkəmizin dünyada öz mövqelərini daha da möhkəmləndirdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir.
Ölkə başçısı güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu da bildirib. Maraqlıdır ki, İlham Əliyev daha çox tənqid edilən sahələrdə inkişafın olduğuna işarə vurub. Bəs ölkə başçısının səsləndirdiyi fikirlər və arqumentlər nə dərəcədə əsaslıdır?
Nemət Əliyev: “Dövlət başçısının bəyantının arxasında real mahiyyət, məzmun dayanmır”
İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı dediklərinə toxunan iqtisadçı-ekspert Nemət Əliyev dövlət başçısının rəsmi statistik məlumatlara istinad etdiyini deyir. Amma nəzərə almaq lazımdır ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər reallığı əks etdirmir. Bir çox hallarda rəqəmlər ya düzgün hesablanmır, ya da siyasi sifarişlərə uyğunlaşdırılır. Xüsusilə əhalinin sosial və iqtisadi həyatına dair göstəriciləri bir qayda ölkə rəhbərinin siyasi bəyanatlarına uyğunlaşdırırlar. Konkret halda, dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı dedikləri real gerçəkliyi əks etdirmir.
Ekspertin sözlərinə görə, dövlət bütün resursları, diqqəti əhalinin az hissəsinin çalışdığı neft sektorunun üzərinə kökləyib. Qeyri-neft sektoru isə diqqətdən kənarda saxlanılıb. Bu sahənin hansı vəziyyətdə olduğunu müəyyən etmək üçün əhalinin sosial həyatının göstəricilərinə diqqət eləmək yetərlidir: “Qeyri-neft sektorunda çalışanların böyük əksəriyyətinin maaşı çox aşağıdır. Əhalinin gəlirləri inflyasiyanın artım tempi ilə müqayisəedilməz dərəcədə azdır. Ünvanlı yardımlara üz tutanların sayı həddən artıq çoxalıb. İnsanlar sosial-maddi sarsıntılar səbəbindən özlərini yandırmaq məcburiyyətində qalır. Məşğul əhalinin 30 faizinin çalışdığı aqrar sektor batıb gedir. Belə olan halda qeyri-neft sektorunun inkişafı ilə bağlı verilən açıqlamalar gerçəkliyi əks etdirmir. Bunu ən yumşaq halda belə ifadə etmək mümkündür. Büdcənin 80-85 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Ona görə də dövlət başçısının bəyantının arxasında real mahiyyət, məzmun dayanmır”.
Razi Nurullayev: “Aparılan xarici siyasət neft və qaz amilindən yararlanaraq hakimiyyətin ömrünü uzatmağa hesablanıb”
Dövlət başçısının ölkənin xarici siyasəti ilə bağlı dediklərinə münasibət bildirən politoloq Razi Nurullayevin fikrincə, Azərbaycanın xarici siyasətini bir neçə məqama bölmək lazımdır. Prezident daha çox Azərbaycanın qonşuları ilə balanslı siyasəti qoruyub saxlamasına işarə vurur. Yəni Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstanla müəyyən strateji əməkdaşlığa malikdir. Bunun müqavilində ölkəmiz regionda baş verən bir çox siyasi təlatümlərdən kənarda qalır. Amma ümumilikdə Azərbaycanın xarici siyasətində kifayət qədər boşluqlar var. Bu boşluqlar da əsasən ölkədə demokratiya ilə bağlı olan problemlərindən qaynaqlanır.
Ekspertin sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyinin bir çox institutları, Avropa Parlamentində uğurlu xarici siyasət yürüdə bilmir. ABŞ-la bağlı xarici siyasətində müəyyən boşluqlar var. Bu da yenə Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı problemlərindən irəli gəlir. Bunun nəticəsində Azərbaycan ABŞ-la tam yüksək səviyyədə münasibətlər yarada bilmir: “Bu yaxınlarda “Sülh korpusu”nun Azərbaycanda fəaliyyətinin dayandırılması xarici siyasətindəki boşluqları bir qədər də dərinləşdirəcək. Azərbaycan hakimiyyətinin apardığı xarici siyasət neft və qaz amilindən istifadə edərək hakimiyyətin ömrünü uzatmağa hesablanıb”.
Üzeyir Cəfərov: “İlham Əliyev əvvəllər dediklərini təkzib edir”
Dövlət başçısının ordu quruculuğunda inkişafla bağlı dediklərinə toxunan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, dövlət başçısı son vaxtlar silah-sursatın alınmasını, hərbi hissələrinin yaradılmasını ordu quruculuğunda irəliləyiş kimi təqdim edir. Digər məsələlərdə isə hər hansı irəliləyişin olduğunu demək mümkün deyil.
Ekspert Zakir Həsənovun təyanatından sonra xüsusilə də kadr siyasətində ciddi problemlərin ortaya çıxdığını deyir: “Əgər Zakir Həsənovun son vaxtlar apardığı işlər uğur kimi qiymətləndirilirsə, onda belə çıxır ki, İlham Əliyev əvvəllər dediklərini təkzib edir. Çünki Səfər Əbiyevin nazir olduğu vaxtlarda da dövlət başçısı Azərbaycanda güclü ordunun formalaşdığını, bu sahədə ciddi addımların atıldığını deyirdi. Nazir dəyişikliyindən sonra Müdafiə Nazirliyi sistemində bir sıra xoşagəlməz hadisələr baş verib. Əsgər ölümləri davam edir. Qısa müddət ərzində Hərbi Dəniz Qüvvələrinin komandan müavini həbs olunub, bir necə nəfər vəzifəli şəxs məsuliyyətə cəlb olunub. O cümlədən orduda yüksək rütbəli zabitlərin intihar etməsi, yaxud intihara cəhd hadisələri baş verib. Bunlar heç bir uğur sayıla bilməz”.
Fizzə