Leyla Yunus: «Ancaq zəif və özünə əmin olmayan rejimlər zora əl atır»
Birləşmiş müxalifətin 2 aprel mitinqi ilə bağlı ilkin mərhələdə dörd nəfər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bundan dərhal sonra beynəlxalq aləmdən Azərbaycan hökumətinə kəskin reaksiyalar və həbs edilənlərin təcili azadlığa buraxılması ilə bağlı tələblər ünvanlandı. Hökumətin müxalifətçiləri bu cür təqib etmək üsuluna etiraz edənlər arasında ABŞ Dövlət Departamenti, Avropa Ittifaqı, ATƏT də var idi. Hətta AŞPA prezidenti Mövlud Çavuşoğlu da Azərbaycana səfəri zamanı məlum aksiyada həbs edilənlərin azadlığı məsələsini qaldırmışdı. Amma bütün bunlardan sonra hökumət nəinki geriyə addım atdı, hətta bir qədər də irəli gedərək cinayət məsuliyyətinə cəlb edilənlərin sayını artırdı.
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir, Azərbaycan hökumətinin atdığı bütün addımlar onun qorxuya düşdüyünü göstərir: “Çox güclü bir qorxudur. Mən buna hətta heyvani qorxu deyərdim. Açıq görünür ki, bu qorxunu həm hakim ailə keçirir, həm Prezident Administrasiyası, həm də bütün korrupsioner məmurlar. Çünki hakimiyyəti itirmək qorxuları var. Belə rejimlər hakimiyyəti itirmək təhlükəsi ilə üzləşəndə heç bir halda dialoq və islahatlara getmirlər. Onlara elə gəlir ki, bu onların zəifliyini nümayiş etdirir. Hakimiyyəti bölüşmək isə onların ağlına belə gəlmir. Qayda-qanun yaratmaq istəyi ancaq özünə əmin, praqmatik hökumətlərdə olur”.
L.Yunusun fikrincə, zəif, özünə əmin olmayan rejimlər dərhal zora əl atır: “Bizim hökumət də zora əl atır, repressiyaları genişləndirir. Mitinq iştirakçılarını cinayət məsuliyyətinə cəlb etmək hakimiyyətin təşvişə düşməsindən xəbər verir. Avtoritar rejimlər polis yumruğundan başqa üsul bilmirlər. Çünki belə rejimlər öz xalqlarından çox qorxurlar”.
Gültəkin