Mədəniyyət və Turizm Nazirliyi teatrların repertuarına nəzarət edir
Rejissorlar heç də hər əsəri senzuradan keçirib tamaşaya qoya bilmir
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Səhra yuxuları” əsərinin səhnələşdirilməsinə qadağa qoyulub. Bu barədə AzNews.az-a məlumat verən mənbə bildirir ki, sözügedən əsər vaxtilə Akademik Dram Teatrının səhnəsində oynanılıb.
Amma bir-iki tamaşadan sonra bu əsər repertuardan çıxarılıb. Mənbə deyir ki, ötən il həmin əsərə rejissor Rövşən Almuradlı quruluş vermək istəsə də, buna mane olublar.
Xəbərə görə, rejissor bununla bağlı Akademik Dram Teatrının direktoru Israfil Israfilovla görüşüb. O, “Səhra yuxuları”na quruluş vermək istədiyini bildirsə də sözügedən teatrın direktorundan “yox” cavabı alıb. Mənbə onu da əlavə edib ki, Anarın özü “Səhra yuxuları” əsərinin hazırlanmasında maraqlı olub. Bununla bağlı “Azdrama”nın rəhbərliyinin qadağasını eşidincə, I.Israfilov əsəbiləşib. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib, amma nəticə dəyişməyib. Bundan sonra məlum olub ki, qadağa I.Israfilovun şəxsi münasibəti ilə bağlı deyil.
Məsələ ilə bağlı AzNews.az-ın sullarını cavablandıran Akademik Milli Dram Teatrının direktoru Israfil Israfilov xəbəri dolayısıyla olsa da təsdiqləyib. Onun dediklərini olduğu kimi təqdim edirik: “Teatrın repertuar planı və həm də siyasəti var. Əgər hər rejissor istədiyi əsərə quruluş versə və buna görə teatra gəlsə, onda ən azı repertuarda 20 tamaşa qoyular. Bu da mümkünsüzdür. Təbii ki, hər rejissor bir tamaşa qoymaq istəyir. Hər istək həyata keçsə, teatrda hərc-mərclik olur ki… Mən bütün rejissorlarla, dramaturqlarla söhbət edirəm. Rövşən Almuradlı ilə də bu barədə söhbət etdik. Onlara bir daha xatırlatdım ki, teatrda hər hansı bir əsərin oynanılmasına Mədəniyyət və Turizm Nazirliyi icazə verməlidir. Yəni bunlar dövlət sifarişi səviyyəsində olur”.
“Mən bu əsərlə bağlı nə Israfil Israfilova, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm”. Bunu AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.
Yazıçı-dramaturq Firuz Mustafa Akademik Milli Dram Teatrda səhnəyə qoyulan əsərlərlə bağlı teatrın direktoru Israfil Israfilovun fikrinə münasibət bildirib: “Doğrusu, mən bu prosesin və ya mexanizmin necə həyata keçirildiyini bilmirəm. Hərəsi bir söz deyir. Mədəniyyət və Turizm Nazirliyi seçimi teatrın olduğunu deyir, teatr isə əksini. Kimin düz, kimin əyri olduğunu bilmək olmur. Sadəcə o məlumdur ki, bizdə teatrların əksəriyyəti dövlətə məxsusdur. Bu mənada teatrların repertuar planının hazırlanmasında dövlət təsisatlarının iştirak etməsi təbiidir”.