Vəfa Quluzadə: «Qlazyevin bəyanatı şantaj xarakteri daşıyır və Rusiyanın çətin vəziyyətə düşməsindən xəbər verir»
“Rusiyaya qarşı tədbiq ediləcək embarqo yeni dünya müharibəsinə gətirib çıxara bilər”. Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev çıxış edib. O, Rusiyaya qarşı tədbiq ediləcək sanksiyalar nəticəsində Avropa Birliyinin 1 trilyon dollar itirəcəyi ilə bağlı fikrini növbəti dəfə təkrarlayıb:
“Amerika Iranda olduğu kimi, Rusiyanı da dünya maliyyə sistemində kənarda qoymağa cəhd etsə, Avropa Birliyi bunda itirəcək. Bu itkinin 1 trilyon avro olacağı ehtimal edilir. Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar yüz milyardlarla dolların havada qalmasına, Avropa banklarının zərər görməsinə, böhranın yaranmasına səbəb olacaq. Nəticədə isə oynanan geopolitik oyun yeni dünya müharibəsinin başlanmasına səbəb olacaq”-deyə Sergey Qlazyev bildirib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qlazyevin fikirləri şantaj xarakteri daşıyır və Rusiyanın sanksiyalardan narahat olduğunu ifadə edir: “Rusiya Krım avantürasını həyata keçirəndə ümidvar idi ki, Avropa Birliyi ona qarşı heç bir sanksiya qəbul etməyəcək. Ancaq Rusiya gördü ki, bu məsələdə Avropa və ABŞ eyni cəbhədən çıxış edir. Ona görə Rusiya bu cəbhəni dağıtmaq istəyir və indiyə qədər də bu istiqamətdə işlər aparılıb. Ancaq Avropa Birliyi artıq sanksiyaları tətbiq edib və Rusiya Ukrayna əleyhinə aqressiv siyasətini davam etdirərsə, bu sanksiyalar daha ciddi forma alacaq”.
Ekspert onu da əlavə etdi ki, Rusiyanın müharibə etmək üçün güclü iqtisadi potensialı yoxdur: “Qlazyevin müharibə bəyanatı Rusiyanın çətin vəziyyətindən xəbər verir və şantaj xarakteri daşıyır. Ancaq Rusiya nə Avropa, nə də Amerika deyil və iqtisadi baxımdan enmə dövrünü yaşayır. Krıma görə Putinin reytinqi qalxdı və hamı elə düşündü ki, Rusiya dünyaya meydan oxuya bilər. Ancaq bu belə deyil və lazım olsa Avropa bu məsələdə trilyon itirməyi də gözə ala bilər. Artıq ABŞ Avropaya qaz ixrac etməyə hazırdı və Rusiya qazından birdəfəlik imtina edilə bilər. Rusiya indiki vəziyyətdə çıxış yolunu hədə-qorxu gəlməkdə görür”.
Akif