Daxili işlər nazirinin müavini, Insan Alverinə Qarşı Mübarizə üzrə milli koordinator Vilayət Eyvazov dünən parlamentdə hesabat verib. O, Azərbaycanda son 10 ildə 580 insan alveri və məcburi əmək faktının aşkarlandığını, bu cinayətlər üzrə 176 nəfərin məsuliyyətə cəlb edildiyini bildirib. Həmçinin deyib ki, profilaktik tədbirlər nəticəsində insan alverinin 12 qurbanı ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib.
Bundan başqa, sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq “Azərbaycan Uşaqlar Birliyi” ictimai təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarına istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib.
Deputatlar Vilayət Eyvazovun hesabatı bəyəniblər, bəs görəsən, insan alveri qurbanlarının hüquqlarının müdafiəsilə məşğul olanlar necə, həyata k0eçirilən tədbirləri qənaətbəxş hesab edirmi?
Mətanət Əzizova: «Azərbaycanda uşaqların cinsi və əmək istismarına məruz qalması halları həll olunmamış qalır»
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məmurların insan alverindən bəhs edərkən daha çox cinsi istismardan danışmalarını bu problemin daha asan həll edilməsilə əlaqələndirir. Hüquq müdafiəçisinin sözlərinə görə, ayda bir dəfə reyd keçirməklə, əxlaqsızlıq yuvaları aşkar etməklə, onlar fəaliyyət göstərdiklərini beynəlxalq və yerli QHT-lərə bir oyun kimi göstərirlər. Yəni, insan alverinə qarşı mübarizə aparıldığı imitasiya olunur. Mətanət Əzizovanın fikrincə, əslində, problem daha ağırdır: “Əmək istismarı, uşaqların dilənçiliyə sövq edilməsi, onların cinsi və əmək istsmarına məruz qalması, buna məcbur edilməsi halları həll olunmamış qalır. Birmənalı şəkildə bu problemlərə qarşı mübarizə aparılmır. Son illərdə əmək istsmarından danışılsa da, uşaqların daha çox istismar edilməsi problem kimi kənarda qalır. Nədənsə, dilənçilik haqqında üstüörtülü danışılır, kimin həbs edilməsi, cəzalandırılması barədə heç kim məlumat verilmir. Uşaqları dilənçiliyə kimin, hansı qrupların məcbur etməsi, bu işi kimlərin təşkil etdiyi gizli saxlanılır”.
Mətanət Əzizova əmək istismarından danışanda regionların daha çox diqqətdə saxlanmasını vacib sayır. Çünki bölgələrdə kişilərin çoxu miqrasiya edib və qadınların görə bilmədiyi işi 14-15 yaşlı yeniyetmələr icra edir. Acınacaqlısı odur ki, onlar bir parça çörəyə görə ağır torpaq işlərində çalışırlar: “Azərbaycanda uşaqlar çörəkpuluna görə şəhərdə də küçələrdə maşın yumaq və s. işlərlə məşğul olurlar. Avropada gənclərin işləməsi təqdir olunsa da, uşaq əməyi bütün dünyada qadağan olunan məsələdir. Amma ölkəmizdə hər gün rastlaşdığımız istismar hadisələrinə rəğmən, bu problem hələ də həllini tapmır”.
Nigar