Tarixin romanını yazan Əzizə xanım
Onun gəncliyi Azərbaycanın qorxunc repressiya illərinə təsadüf etmişdi – 37-ci illərə. Hər dəfə o dövrü xatırlayanda yaşadığı zamanın kədəri üzünə hopur, dərin bir ah qopurdu qəlbindən. “…Hər səhər yuxudan oyananda bu gecə tanınmış şəxsiyyətlərdən kiminsə aparıldığını eşidirdik. Əlbəttə, şəklini ədəbiyyat dərsliklərimizdə gördüyümüz və ya sadəcə əsərlərini oxumaqla sevdiyimiz Cavid, Müşfiq, Yusif Vəzir Çəmənzəminli və başqalarının yoxluğu bütün o dövr gəncliyi kimi mənə də ağır təsir etmişdi. Dərin həyəcan içində bu ağır günlərin nə zaman bitəcəyini gözləyirdik. Amma 38-ci il mənim xatirəmdə daha dəhşətli iz buraxmışdır. Çünki o il vaxtilə Cənubi Azərbaycandan çörək dalınca, iş dalınca Bakıya pənah gətirmiş cənublu soydaşlarımızın faciəli şəkildə Irana sürgün olunması ağır bəla idi və bu faciə yaşadığım məhəllədə(Dağlı məhəlləsi, Həmşəri palanı, Hüseynbala açıqlığı) mənim gözümün qarşısında cərəyan edirdi. Südçü Baxış kişi, yaşı doxsanı ötmüş Məşədi Gülsüm nənə… Kişiləri küçədən tutulub gəmilərdə Ənzəliyə sürgün olunan ailələrin harayı, göz yaşları, ağıları gecələr yuxularımızı da doldurmuşdu”.
Gözləriylə gördüyü bütün bu həyat həqiqətləri, təbii, Azərbaycanın görkəmli yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığından yan keçməmişdi. 1948-ci ildə nəşr olunmalı kitabı yandırılmışdı. Yalnız bundan 15 il sonra ilk kitabı işıq üzü görmüşdü. Bunun da səbəbi vardı.ÿ1948-ci ildə ədəbiyyat məsələləri ilə əlaqədar Jdanovun çıxışı olmuşdu. Moskvada Sovet həyatını düzgün əks etdirməyən Zoşşenkoya, Anna Axmatovaya hücumlar edilmişdi. Əlbəttə, o zamankı anlayışla bütün başqa respublikalar kimi Azərbaycanda da belələrini ifşa etmək lazım idi. Azərbaycan dramaturgiyasında gözəl komediya yazarı Sabit Rəhmanı Sovet həyatını qara rənglərlə göstərməkdə, Əzizə xanımı da salon lirikasını tərənnümdə “ifşa” etdilər. Ona görə də kitabı yandırmışdılar.
Sonralar yazıçıya böyük şöhrət gətirənÿ “Şirvan” adı altında bir trilogiya – üçlüyü çap olunmuşdu. “Vətənə qayıt”, “Aləmdə səsim var mənim”, “Yad et məni”. Bu əsərlər, xüsusilə “Aləmdə səsim var mənim” romanı ona sözün əsl mənasında populyarlıq gətirdi.
Onun əsərlərinin canını vətənə, millətə bağlılıq, tarixi həqiqətləri olduğu kimi göstərmək istəyi təşkil edir. “Millətimin mənliyini təsdiq edən, qədimliyini, ululuğunu özündə daşıyan nə varsa saxlanmasını, unudulmamasını istəmişəm. Odur ki, öyrəndiklərimi yeri düşdükcə yazılarımda qoruyuram. Özümüzlə heç nə aparmamalıyıq. Bildiklərimiz millətin gənc nəslinə qaytarılmalıdır… Bu baxımdan iki əsər məni həmişə narahat edib. Birinci ”Şirvan” seriyasından olan “Yad et məni” romanıdır. Ilkin düşüncəmdə mən bu əsərdə üç dostun, Sabir, Səhhət və Hadinin dostluq əlaqəsini əsas alacaqdım. Lakin əsər üzərində işlədiyim dövrdə böyük hörmət bəslədiyim xalq yazıçısı Əbülhəsən mənə dedi ki, talesiz bir nasirimiz Hadi haqqında roman yazır. Sən bacardıqca Hadiyə toxunma. Mən ustadın sözünü yerə salmadım. Amma əvəzində “Yad et məni” romanını ürəyimdə şikəst övlad hesab edirəm. O üçlük başqa cür səslənərdi. Lakin mən heç vaxt yazıb, oxucuya təqdim etdiyim hər hansı əsəri yenidən işləməmişəm və işləyə də bilmirəm”.
O, həm də böyük tədqiqatçı alim idi
Onlarla bədii əsərlərin müəllifi olan Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayıb çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.
O, “Natəvan” adlı kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız-hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, Israil, Iraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrika) səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdir.
Öz vəsaiti hesabına məktəb tikdirmişdi
Əzizə xanım bir sıra xarici müəlliflərin, o cümlədən S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım”, Ə.Kabaklının “Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və sair əsərlərini ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o, radioda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.
1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O, həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuş və vəsiyyətinə əsasən Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn olunmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir