Belə görünür, Milli Teleradio Şurası işə qarışmsaydı ATV-nin “Ümid var”ı efiri bundan sonra da “evə çevirməkdə”, məişət davalarını ümummilli məsələyə çevirməkdə davam edəcəkdi. Əslində ATV-nin rəhbərliyi verməliydi verilişi bağlamaq qərarını. Şuranınkı da gecikmiş qərardı. ATV-nin “Qəfəs”ini də o cağlar gecikdirib qapatdılar. Yazdıq, yazdıq, axırda hədlərini aşanda “dur” əmri verildi. “El içində” də efirdən güc bəla ilə yığışdırıldı. “Nə varsa” bazar qaydasızlığı ilə idarə olunmaqda davam edir. Rusların “bazarnaya baba” deyimi var, bizdə daha kobud səslənir. Efiri “bazarnaya baba”lara, “malçişkalara, maskalara” tapşırmayın, lütfən!
Belə görünür, “Zaur və onun komandası” “zibil istehsalını davam etdirməli”, bütün etik hədləri aşmalı, günahlı bəndələri milyonların gözü qarşısında əksiltməli, alçaltmalı, ailəiçi münasibətləri bunca eybəcərləşdirərək təqdim etməli, millətimiz adına ləkə ola biləcək tək hadisələri cəmləşdirməliydi ki, ağcabədililər ayağa qalxsın, Teleradio Şurası etiraz dalğasından qorxub işə qarışsın. Bizdə belədir, heç kim öz işini vaxtında görmür. Gərəkən qərar zamanında verilmir. Iş-işdən keçəndən sonra hər zaman üzdə, ortalıqda olan gözəgörünməz “günahkarı tapıb kötəkləyirlər”. Əslində məsuliyyət hər kəsindir. Genəlliklə efirdə aktyorluq edən, heç bir zaman Andrey Malaxov ola bilməyəcək Zaurun, “Ümid var”ın qeyri-peşəkar komandasının, ATV rəhbərliyinin, Teleradio Şurasının, “Ümid var”ın qondarma ekspertlərinin, kömək üçün telekanala müraciət edən vətəndaşların, o verilişə baxan, baxmaqla reytinqini artıran tamaşaçı-vətəndaşların. Hamımız günahkarıq, ATV-nin ANS-in evlənmə proqramları əsəblərimizi yerindən oynatdı, bağlanana qədər dözdük. Nə oldu, Zaur da, Elgiz də efirdə qaldı, özlərinə təzə veriliş açdılar. Üzü astarından betər oldu. Efir, tamaşaçı, əxlaq, mədəniyyət, mənəviyyat kimsənin vecinə deyil, təki sponsorlar əldən çıxmasın. Doğru olan bu insanları biryolluq gündəlik canlı efirdən uzaqlaşdırmaqdır. Onların gündəlik efirə potensialı, anında doğru qərar vermək imkanı yetmir. Ən önəmlisi, kübarlıqları yoxdur.
Zaur Baxşəliyevin heç olmasa efirdə normal duruşu, ölçülü hərəkətləri var. “Adam içində”nin Elgizində bunlar da yoxdur. “El içində”dən götürülmüş “Adam içində” verilişi ev içi söhbətlərinin məkanına çevrilib. ANS hansı səbəbdən hər axşam efirinin iki saatını boş, mənasız, axmaq, tərbiyəsiz söhbətlərə ayırır? Cəmiyyətdə mənfi yöndən tanınan kəsləri ekspert, psixoloq kimi efirə çıxarır, sosial problemlərdən dramatik şou yaradır. Bu gün “çılpaq şəkilləri yayıldığına görə ailəsi dağıldığını iddia edib günahkar axtaran” xanım müğənni bir həftə efiri yağır edir, problem açıq qalır, müğənni növbəti mərhələdə ekspertə çevrilir, özü kimisinin birinə ağıl, nəsihət verir. Bəlli olur ki, hamısı oyunmuş, piarmış. Rəfiqə rəfiqəsinin 13 yaşında zorlanmasını “Adam içində”yə çıxarır. Klassik gəlin-qaynana, qayın-baldız, qonşu, alıb-aldatmaq davaları bir yana, özünü ata kimi təqdim edən birisi 45 yaşlı qadının onun 22 yaşlı oğluyla birgə yaşamasından “El içində”dəyə şikayət edir. Adamlar lap adamlıqdan çıxıblar. Kimsə ayıbına kor olmaq istəmir. Televiziyalar insanların qisas yerinə çevrilib. Xoşqədəm Hidayətqızı lətifə qəhrəmanı olub. Cavanları onunla qorxudurlar; “Özünü yaxşı apar, Xoşqədəm oğlunu, qızını tapıb gətirər”. “Səni axtarıram”ı “Ümid var”la, “Nə varsa”, “Adam içində”, “Üz-üzə” ilə bir yerə qoymuram, əlbəttə. Amma Xoşqədəm xanım arada verilişlərinə baxıb səmimi ola bilsə, saxta emosiyalarını, yersiz replikalarını, donma baxışlarını, mənasız anonslarını, şişirtmələrini, özünü tərifləmələrini azaltsa (daha nə qaldı ki), qalanları verilişin xeyirxah missiyasına bağışlamaq olar.
Nuşirəvan müəllim Spacedə Mikayıla oynamağı, yersiz və boş-boş danışmağı, ANS-də Ilqara adamları lağa qoyub ələ salmağı qadağan edə bilsəydi, MTRŞ da vaxtında bir iş görmüş olardı.
Sənubər