Onun keçmiş baldızını 8 ildən 12 ilədək həbs gözləyir
Aynur Mehdiyeva ağır insan alveri cinayətində ittiham olunur
Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəylini şərləyən keçmiş baldızı Aynur Lətif qızı Mehdiyevanın məhkəmə prosesi başlayıb. Aynur Mehdiyeva qardaşı Mahmud Mehdiyevlə birlikdə hakimiyyətin Gültəkin Hacıbəyliyə qarşı həyata keçirdiyi şərləmə və qarayaxma kampaniyasının əsas fiqurudur. Aynur Mehdiyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1.2.8-ci və 144.2.1-ci maddələri ilə filippinli qadına qarşı ağır insan alveri və məcburi əmək cinayətləri törətməkdə ittiham olunur.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 144-1.2.8-ci maddəsində Insan alveri cinayətinin zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı təsbit olunub. 144.2.1-ci maddədə deyilir: “hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə – dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Göründüyü kimi, cəzalar toplandıqda, onların ən aşağı həddini 12 il həbs cəzası təşkil edir. Aynur Mehdiyevanın əməlinin hələ ötən ilin iyun ayında DIN-in tərəfindən ifşa olunduğunu, istintaqın uzun bir zaman-doqquz ay davam etdiyini və ortada konkret zərərçəkənin olduğunu nəzərə alsaq, Aynur Mehdiyevanın bu maddələrdən hər hansı biri ilə bəraət almaq şansı yoxdur. Əcnəbi qadının azadlığı və ləyaqəti əleyhinə belə bir ağır cinayət törətməkdə şübhəli bilinən və törətdiyi əmələ görə cinayət işi açılan Aynur Mehdiyeva isə Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. O, mediada DIN-ə istinadən geniş yayılmış Aynur Mehdiyevanın saxlanması xəbərini bu xəbər yayılandan iki ay sonra müsahibəsində xatırlatdığına görə Aynur Mehdiyevanın qəzəbinə gəlib. Görünür, bu ilahi ədalətdir ki, Gültəkin Hacıbəyliyə böhtan ataraq onu “şərəf və ləyaqətinin” alçaldılmasında ittiham edən Aynur Mehdiyeva bu gün dövlət tərəfindən məhz şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə ağır cinayətlər törətməkdə ittiham olunur. Bəlli olur ki, saxlanması faktının ictimailəşməsini ləyaqətinə qarşı təcavüz sayan A.Mehdiyeva kimsəsiz əcnəbi qadını döyür, təhqir edir, ac saxlayır, başında plastik stul qırır, bədənində gematomalar yaradan xəsarətlər yetirir, sutkada 21-22 saat işlətməklə ona işgəncə verirmiş! Bəs Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayəti icraata götürən Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin hüquqi bilikləri o qədərmi kasaddır ki, o, törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi açılmış Aynur Mehdiyevanın buna görə ən azı dəfələrlə saxlanılması və sorğu-sual edilməsinin prosessual və əməliyyat zərurəti olduğunu bilməsin? G.Hacıbəylinin müdafiəçilərinin təqdim etdikləri onlarla KIV-ə istinadlara baxmayaraq Sərdar Mehrəliyev bu saxta və gülünc şikayəti icraata qəbul etmişdi və beş ay ərzində Mehdiyevlərin məhkəmədə Gültəkin xanıma qarşı qeyri-etik və mənəviyyatsız davranışlarına, hətta açıq təhdidlərinə şərait yaratmışdı.
Aynur Mehdiyevanın işi üzrə məhkəmə 13 mart saat 11.00-a təyin edilsə də, öncə 12.00, sonradan isə 14.00-a təxirə salındığı üçün media təmsilçilərinin çoxu hazırlıq iclasında iştirak edə bilmədi. Işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Iradə Həsənzadənin sədrliyi ilə baxılır. Aynur Mehdiyevanın hüquqlarını vəkil Namiq Abbasquliyev qoruyur. Dövlət ittihamını Fariz Rzayev müdafiə edir. Iclasda həmçinin istintaqın Aynur Mehdiyeva barəsində heç yerə getməmək haqqında qəti-imkan tədbiri seçdiyi bəlli oldu. Hakim zərərçəkən şəxsin ittihamnaməni gec alması səbəbindən prosessual qanunvericiliyin tələblərinə görə ittihamnamə ilə tanış olmaq üçün ona yeddi gün vaxt verilməli olduğunu nəzərə alaraq hazırlıq iclasını təxirə saldı. Məhkəmə iclasında diqqəti çəkən bir məqam da zərərçəkənin nümayəndəsi Abbas Ismayılovun bir neçə dəfə filippinli xanıma məhkəmə iclasının qapalı olması haqqında tövsiyyə verməsi, hətta təkid etməsi idi. Nümayəndə zərərçəkənin nə üçünsə zaldakı adamlardan qorxa biləcəyini, onların yanında özünü pis hiss edə biləcəyini əsas gətirərək, iclasların qapalı keçməsini əsaslandırmağa çalışsa da, filippinli xanım bundan qətiyyətlə imtina etdi və heç kimdən qorxmadığını dedi. Müşahidələrimizdən belə aydın oldu ki, nümayəndə növbəti hazırlıq iclasında məhkəmə baxışının qapalı keçməsi ilə bağlı vəsatətlə çıxış etməyə cəhd göstərəcək. Filipinli qadına ilk gündən təmənnasız hüquqi yardım göstərmiş Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin istintaqdan uzaqlaşdırılması fonunda bu fakt kifayət qədər düşündürücüdür.
Aynur Mehdiyevanın qardaşı Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı iyrənc hərəkətləri müqabilində dörd il əvvəl hərbi xidmətdən yayınma və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə yol verdiyinə görə qovulduğu prokurorluğa müstəntiq təyinatı alması barədə oxucularımızı məlumatlandırmışıq. Eyni zamanda, G.Hacıbəyli 28 oktyabr və 29 yanvar tarixlərində məhkəmədə zərərçəkən qismində yalan ifadə verməklə cinayət qanununu pozduğuna görə Mahmud Mehdiyev haqqında cinayət işinin açılması tələbi ilə Baş Prokurorluğa müraciət haqqında məhkəmə qarşısında vəsatətlər qaldırıb. Aynur Mehdiyevanın insan alveri və məcburi əmək ittihamı ilə məhkəməyə verilməsi ilə daha bir fakt öz təsdiqini tapır. Filippinli qadın gündüzlər Aynur Mehdiyevanın, gecələr isə müqavilə öhdəliyinə ziddi olaraq sonuncunun anası Nəhayət Məmmədovanın evində istismara məruz qaldığını, məcburi əməyə cəlb edildiyini bildirir. Mahmud Mehdiyevin anası ilə birgə yaşadığını nəzərə alsaq, o, bir il ərzində yaşadığı evdə baş verən davamlı ağır cinayət hadisəsindən necə xəbərsiz ola bilərdi və özü cinayət qanununu dəfələrlə pozan, ağır cinayət faktını bilib qarşısını almaq əvəzinə gizlədən şəxs qanunçuluğun keşiyində necə dayanacaq? Aynur Mehdiyevaya qarşı insan alveri ittihamı 144.1.2.8-ci maddə ilə düzgün tövsif edilsə də, məcburi əmək ittihamının CM-in 144.2.2.6-cı maddəsi ilə deyil, 144.2.1-ci məddə ilə irəli sürülməsi qaranlıqdır, çünki iştirakçılıq faktı göz önündədir. Ümid edirik ki, Baş Prokurorluq dörd il əvvəl işdən qovulan Mahmud Mehdiyevin hansı əsaslarla yenidən təyinat alması haqqında çoxsaylı müraciətlərimizdən fərqli olaraq bu sorğumuzu cavablandıracaq və eyni zamanda, məhkəmə istintaqı bu məsələyə aydınlıq gətirəcək.
Aynur Mehdiyevanın işi üzrə hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində martın 27-də, saat 14.00-da keçiriləcək.