Elxan Şahinoğlu: «Belə bir fiqurun Azərbaycana səfəri Türkiyədə müəyyən suallar doğura bilər»
Yunanıstan prezidenti Karolos Papulyasın Bakıya səfəri çərçivəsində ARDNŞ ilə bu ölkənin Dövlət Qaz Şirkəti (DEPA) arasında anlaşma memorandumu imzalanıb. Uzun müddətdir Türkiyə ilə qazla bağlı razılaşma əldə edə bilməyən Azərbaycanın qardaş ölkə ilə münasibətləri normal olmayan Yunanıstanla belə asanlıqla razılığa gəlməsi diqqət çəkməyə bilməzdi. Sürix protokoluna görə Türkiyəni qınayan rəsmi Bakının bu addımına görəsən Ankaranın cavabı necə olacaq?
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Yunanıstan tərəfi ilə niyyət protokolunun imzalanması Türkiyənin siyasi dairələrində müəyyən suallar yarada bilər: “Uzun müddət Azərbaycan hakimiyyəti Türkiyə ilə qaz qiymətlərini razılaşdıra bilmirdi, proses çox uzandı. Ancaq Yunanıstanla bu istiqamətdə razılaşma çox sürətlə əldə edilib”.
Ekspert strateji müttəfiq olan Türkiyə ilə bu istiqamətdə müəyyən məsləhətləşmələrin aparılmasının vacibliyini də vurğuladı: “Yunanıstana qaz satmaq Azərbaycanın hüququdur. Ancaq əgər Türkiyəni strateji müttəfiq hesab edirlərsə, bu məsələdə Ankara ilə müəyyən məsləhətləşmələr aparıla bilərdi”.
Yunanıstan prezidentinin bir müddət öncə Türkiyəyə qarşı səsləndirdiyi ittihamları yada salan E.Şahinoğlu belə bir şəxsin ölkəmizə səfər etməsinin də qardaş ölkədə narazılığa səbəb ola biləcəyini qeyd etdi: “Yunanıstan prezidenti bir müddət öncə Ermənistan prezidenti Sərkisyanı Afinada qəbul etmişdi. Orada Türkiyə və türklərin ünvanına təhqiramiz ifadələr işlədərək bildirmişdi ki, sizi də, bizi də eyni barbarlar öldürdü. Eyni zamanda o, Yunanıstanın indiki ağır vəziyyətə sürüklənməsində də Türkiyənin rolunun olduğunu vurğulayıb. Çünki Yunanıstan bu illərdə silahların alınmasına çoxlu maliyyə xərcləməyə məcbur idi. Belə bir fiqurun Azərbaycana səfəri Türkiyədə müəyyən suallar doğura bilər”.
İqtisadçı-ekspert Ilham Şaban isə Yunanıstanın Azərbaycan qazına görə Rusiyanın “Qazprom” şirkətindən aşağı qiymət təklif etdiyini deyir. Digər tərəfdən, Yunanıstan tərəfi mövcud maliyyə durumunu nəzərə alaraq müəyyən güzəştlər xahiş edib. Ekspert məhz bu səbəbdən razılaşmanın niyyət protokolundan kənara çıxmadığını qeyd etdi.
Fizzə