İntiqam Əliyev: «Azərbaycan cəmiyyəti 5 il əvvəlki deyil, onu dubinka ilə idarə etmək daha mümkün olmayacaq»
«Bu prosesdə müdafiə ittiham edəcək, ittiham isə müdafiədə olacaq»
Aprelin 7-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülmüş hərbi xidmətdən yayınma ittihamı üzrə məhkəmə başlayır. Məhkəmə ərəfəsində B.Hacıyevin müdafiəçiləri qrupunun rəhbəri, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevlə bir sıra suallara aydınlıq gətirməyə çalışdıq.
– Vəkillər deyir ki, onlara məhkəmənin hazırlıq iclasının vaxtı barədə məlumat verilməyib…
– Vəkillərə bu barədə rəsmi məlumat verilməyib. Bəxtiyara təqdim edilən bildirişdən prosesin günü və vaxtı barədə məlumat əldə edə bilmişik.
– Bəxtiyar Hacıyev barəsində martda seçilmiş bir aylıq həbs-qətimkan tədbirinin vaxtı aprelin 4-ü başa çatıb…
– Həmin müddətdən sonra onun həbsdə saxlanması kobud qanun pozuntusudur. Bəxtiyar barəsində əvvəl də həbs-qətimkan tədbirinin seçilməsi üçün qanuni əsaslar olmayıb. Həbs qərarında göstərilir ki, 2-4 martda səhər polis idarəsinə gələrək müvafiq sənədə imza atmasına baxmayaraq, polis müfəttişi evlərinə gedib və onu tapmayıb, hansısa əməliyyat məlumatlarına əsasən, onlara bəlli olub ki, Bəxtiyar müvafiq razılıq olmadığı halda, Gəncəni tərk edib.
Əvvəla, müdafiə tərəfinin təkidli vəsatətlərinə baxmayaraq, istintaq orqanı Bəxtiyar Hacıyevin nə vaxt Gəncəni tərk etdiyini, hara getdiyini və bu barədə məlumatları təqdim edən mənbəni açıqlamayıb. Istintaq orqanı bunu ona görə edə bilmir ki, bu cür faktlar yoxdur – Bəxtiyar polis nəzarəti altında olduğu dövrdə polisin icazəsi olmadan Gəncəni tərk etməyib.
– Bəxtiyar Hacıyevin müdafiəçiləri komandasına kimlər daxildir?
– Bəxtiyarın hüquqlarının müdafiəsinə 3 vəkil cəlb olunub: Əlaif Həsənov, Elçin Namazov və Hümbət Salahov. Sonuncu vəkil Gəncədəndir. Təəssüf ki, hakimiyyət məni qanunsuz olaraq Vəkillər Kollegiyasına buraxmadığı üçün Bəxtiyarın, o cümlədən sifarişlə həbsə atılan digərlərinin cinayət işlərində birbaşa iştirak edə bilmirəm.
Yeri gəlmişkən, Vəkillər Kollegiyası təəssüf ki, bu məsələlərdə çox mühafizəkar mövqe tutub. Əslində, repressiyalara məruz qalan insanların müdafiəsinin təşkili həm də bu qurumun işi olmalıdır. O, bu işlərə qatılan vəkillərə dəstək olmalıdır, onların müdafiəsinə qalxmalıdır. Vəkillər Kollegiyası isə prinsipial vəkillərə qarşı dövlət qurumlarının başladığı kampaniyaya dəstək verir.
Məhkəmə işə mahiyyəti üzrə baxmağa başlayanda vəkillərin tərkibini genişləndirməyi nəzərdə tuturuq.
Vəkillərin çoxluğu işin mürəkkəbliyilə bağlı deyil, daha çox, həmkarlarımızın timsalında hüquq toplumunun Azərbaycan gəncliyinə dəstəyinin nümayişidir. Bir sözlə, Bəxtiyarın işində ittiham tərəfi hücum taktikasını seçmiş güclü bir komanda ilə qarşı-qarşıya durmalı olacaq. Nəzərə alsaq ki, haqq Bəxtiyarın tərəfindədir və Azərbaycan cəmiyyətindən, beynəlxalq ictimaiyyətdən ona böyük dəstək var, ittiham tərəfi üçün asan olmayacaq.
Yeri gəlmişkən, eyni dəstək siyasi baxışlarına görə insanların həbsxanalara atıldığı digər işlərdə də nümayiş etdiriləcək.
– Bəxtiyar Hacıyevin müdafiəsilə bağlı taktika necə olacaq?
– Bizim müdafiə olunmaq fikrimiz yoxdur. O adam müdafiə barədə düşünə bilər ki, cinayət etsin, təqsiri olsun. Bəxtiyar Hacıyevin həbsi və istintaq prosesində xeyli qanun pozuntularına yol verilib. Ona görə indidən görünən odur ki, bu prosesdə müdafiə ittiham edəcək, ittiham isə müdafiədə olacaq.
– Məhkəmə ilə bağlı proqnozlarınız nədən ibarətdir?
– Məhkəməsinin müstəqil və hakiminin də ədalətli olmadığı ölkədə proqnoz vermək ən çətin işdir. Amma əminəm ki, birgə səylərimiz nəticəsində dostlarımızın azadlığına yaxın zamanlarda nail ola biləcəyik.
Hökumət anlamalıdır ki, bu cür siyasətlə özünü dalana dirəyir. Hakimiyyət nəhayət anlamalıdır ki, Azərbaycan cəmiyyəti artıq 5 il bundan öncəki cəmiyyət deyil. Heç yarım il əvvəlki cəmiyyət də deyil. Onu qorxu ilə, dubinka ilə idarə etmək daha mümkün olmayacaq. Hakimiyyət sivil dünyanın gözündə onu nüfuzdan salan addımlara son qoymalı, Bəxtiyarı, Eynullanı, Cabbarı və əqidəsinə görə həbsə atılan digər insanları azadlığa buraxmalıdır.
Aytən Məmmədova