Son günlərdəki iki aksiya (“Sovetski” sakinləri və BDU tələbələri) ilə bağlı rejim yandaşlarının dediklərinə və yazdıqlarına baxıram.
Hamısında eyni fikir hakimdir, bu aksiyaları “qızışdırmaq” istəyənlərdən, onların kimlər tərəfdənsə körükləndiyindən bəhs edilir.
Öyrəşdiyimiz, ənənəvi yaptokrat münasibəti.
Görün bunlar ölkə vətəndaşları haqqında hansı qənaətdədilər.
Görün bunlar öz vətəndaşlarını nə hesab edirlər.
Bunların məntiqincə, harda bir narazılıq…
Harda bir təpki…
Harda bir etiraz varsa, onun arxasında mütləq hansısa “xarici və daxili düşmən” var.
Kimlərinsə ölkəni qarışdırmaq niyyətləri var.
Vətəndaşın mülkiyyət hüququnu ayaqlar altına atmaq məqbuldur, buna etiraz etmək isə suç, günah, daha nə.
Bunlar deyirlər, bizim asdığımız asdıqdır, kəsdiyimiz kəsdikdir, əlimiz üstünə əl, sözümüz üstünə söz olmamalıdır.
Amma kimsə çıxıb etiraz edirsə, giley-güzar bildirirsə, o da xarici kəşfiyyata işləyir, “Azərbaycanı sevməyən qüvvələrin dəyirmanına su tökür”.
Bir hakimiyyət öz vətəndaşından bu qədər bədgüman olarmı?
Ona qarşı bu qədər güvənsiz, etimadsız olarmı?
Əgər gücünü o vətəndaşdan almayan, arxasında milli iradə olmayan bir hakimiyyətdirsə, əlbəttə olar.
Necə ki, olur da.
Tənqidçi hər səs…
Barışmayan, etiraz edən hər kəs düşmən gözündə, düşmən dəyirmanına su tökən libasında görülür.
Ayıbdır, vallah ayıbdır.
Hər aksiyanın, hər tələbin, tənqidin, etirazın arxasında başqa əl, başqa maraq axtarmaqdansa, elə birdəfəlik çıxın deyin ki, “bizdən başqa bu ölkədə hamı ”üçüncü qüvvələrə” işləyir, xaricdən maliyyələşir, düşmən dəyirmanına su tökür”.
Birdəfəlik belə deyin, söhbət də bağlansın.
***
Biz Xocalı faciəsinin 22-ci ildönümünü bax belə bir çağdışı, urfaşist, anti-demokratik düşüncə, yanaşma tərzinin üstün olduğu şəraitdə qeyd etdik.
Çox adam deyir ki, Xocalı ədalətini dünyaya çatdırmaq üçün nə etməliyik?
Əslində, bu sual çox sadədir, cavabını tapmaq üçün uzun-uzadı baş sındırmağa ehtiyac yoxdur. Onun bir yox, çoxlu cavabları var, hara baxsanız, bu sualın cavabları ilə qarşılaşa bilərsiniz.
Başlayaq ən adi cavablardan.
Vətənpərvərliklə vətənşüvənlik arasında sərhədləri dəqiq müəyyənləşdirməliyik.
Xocalı həqiqətini ilin 365 günü yalan danışanlara etibar etməməliyik, belədə o həqiqət həmin yalanların tünlüyündə öz inandırıcılığını itirir.
Hansısa xarici filmin plagiatı olan “Xoca” kimi filmlər çəkməməliyik.
Xocalı da daxil olmaqla, müharibədə yaşadığımız heç bir hadisə olsa-olsa, nifrət, intiqam, qisas duyğularını alovlandırmaq vasitəsinə çevrilməməlidir. Hər kəs görməlidir ki, bəli, biz başımıza gələnləri-gətirilənləri unutmuruq, amma bunlar bizə ədalətli, azad bir ölkə qurmağa, yenidən hamını öz çətiri altına toplayıb yaşamağa mane ola bilməz.
Qarabağın azadlığı Azərbaycanda məhz belə bir ortam yaratmaqdan, hüququ, demokratiyanı əgəmən qılan düşüncə və davranış tərzini gücləndirməkdən keçir.
***
Bəli, ağrılarımız böyükdür. Amma sadəcə, ağrımaqla kifayətlənmək nə deməkdir?
O ağrılara məlhəm tapılmalıdır.
Sizin bir yeriniz yaralananda onu qaşıyıb-qaşıyıb daha dərinləşdirir, durmadan qanadırsınız, yoxsa o yaranın dərmanını tapmağa, o yaranı sarımağa çalışırsınız?
Bax, bizim indi məhz dərmana ehtiyacımız var, loğman əlinə ehtiyacımız var.
Nəinki yaralarımızı qanadıb gözyaşı tökməklə vəzifəmizi bitmiş hesab etməyə!
O dərman – hüquq və azadlıqlardır, o loğman əli – demokratiyadır.
Amma siz bir yandan Xocalıya ədalət istəyib, o biri yandan vətəndaşınıza qarşı ədalətsiz davranar, onun hər haqlı tələbini, ən xırda etirazını top-tüfənglə, həbslə, sürgünlə, repressiya ilə, işgəncə ilə qarşılayarsınızsa, heç zaman bu ölkə və xalq üçün yararlı, faydalı nəticələrə qovuşa bilməzsiniz.
Əgər sizi həqiqətən belə nəticələr maraqlandırırsa!