İctimaiyyət nümayəndələrinin AXCP sədrinə qarşı aparılan çirkin kampaniyaya etirazları davam edir. Hakimiyyətin yenə ənənəvi çirkin vasitələrlə AXCP sədrinə qarşı kampaniyaya başlamasını həmsöhbətlərimiz təsadüfi saymırlar.
Şahvələd Çobanoğlu: “Başqa diktatorlar, o cümlədən Qəzzafi də vaxtilə bu yolu tutub”
Tanınmış köşə yazarı Şahvələd Çobanoğlunun fikrincə, iqtidarın yenidən AXCP sədrinə qarşı “qara piar”a əl atması iyrənc siyasətdir. Bununla hakimiyyətin uğursuz əməllərini ört-basdır etməyə çalışdığını deyən Ş.Çobanoğlu vurğuladı ki, hakimiyyət apardığı siyasətin cəmiyyətdə narazılıqla qarşılandığını bildiyindən onu pərdələməyə çalışır: “Başqa diktatorlar, o cümlədən Qəzzafi də vaxtilə bu yolu tutub. Onlar da əməllərini ört-basdır etmək üçün siyasi rəqiblərini terrorçu qiyafəsində təsvir edirdilər. Bütün bunlar gülüş doğuran iyrənc addımlardır. Əslində aparılan bu çirkin kampaniya təkcə siyasi liderə qarşı aparılan siyasət deyil. Bu, ümumilikdə xalqa qarşı yönəlib və xalqın iradəsinin məhdudlaşdırılmasına xidmət edir”.
Mirvari Qəhrəmanlı: “AXCP sədrinə qarşı çirkin kampaniya ölkənin imicinə zərbə vurur”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı aprelin 2-dəki aksiya iştirakçılarına bir cür, AXCP sədrinin evinin qarşısındakı şəxslərə isə başqa cür münasibəti təsadüfi saymır. AXCP sədrinə qarşı təhqirlərə yol verən şəxslərin məhkəməyə verilməli olduğunu deyən M.Qəhrəmanlı vurğuladı ki, partiyanın buna tam hüququ çatır: “Əgər AXCP sədrinin evi qarşısında aksiya hansısa problemin həllinə yönəlsəydi, bunu anlamaq olardı. Amma bu insanlar təhqirə yol verərək, hakimiyyətin çirkin siyasətində iştirak edirlər. Təşkil olunan bu aksiyalar Azərbaycanın beynəlxalq imicinə zərbə vurur. Çünki əgər gənclər həbs olunarkən narkotiklə bağlı ittiham olunurlarsa, bu, Azərbaycanda narkomaniyanın inkişaf etdiyi təəssüratı yaradır. Və AXCP sədri Əli Kərimli Əl-Qaidə ilə əlaqələrdə günahlandırılırsa, deməli, ölkənin milli təhlükəsizliyi lazımınca qorunmur. Bütün bu təbliğat əslində hakimiyyətin özünü biabır edir”.
Mehriban Vəzir: “Bu cür çirkin siyasət heç bir nəticə verməyəcəyək”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bildirdi ki, AXCP sədrinin evi qarşısında keçirilən aksiyalar müxalifət liderini gözdən salmağa xidmət edir. Amma bu cür çirkin siyasətin heç bir nəticə verməyəcəyini deyən M.Vəzir vurğuladı ki, bu, Azərbaycanı dünyada biabır edən bir siyasətdir: “Qonşu ölkələrə baxsınlar. Orada hakimiyyəti təhvil vermək, aksiyalara dözümlü yanaşmaq mədəniyyəti var. Bunu başa düşmək üçün səviyyə, bilik lazımdır. Təəssüf ki, hakimiyyət kübarlıqdan uzaqdır”.
Xəyal