Hakimiyyət – sevgi dilənçisi
Sən çıx televiziyaya, de ki, xalq bizi sevir, sonra da bu xalqın narazılığını basdırmaq üçün az qala, şəhərə polis ordusu, qoçu dəstəsi yerit, amma yenə sevgidən danış…
Hakimiyyət, YAP funksionerləri illərdir soyub-taladıqları, çörəklə imtahana çəkdikləri, heçə saydıqları xalqdan “sənə xidmət edirəm” deyib sevgi dilənir. Çünki xalqa xidmət-filan etmədiyinin fərqindədir. Sadəcə, xislətindən, xalqdan nəsə qoparmaq kimi şakərindən əl çəkmək istəmir, indi də əl açıb sevgi dilənir.
2 aprel mitinqi baş tutdu və bu aksiyanın əsas dönüşü o oldu ki, budəfəki aksiyaya xeyli sayda yeni gənclər qoşulmuşdu. Bu aksiya bir də onu sübut etdi ki, hakimiyyət özünə arxayın deyil, qorxur. Ümumiyyətlə, öz xalqına qənim kəsilmiş iqtidarların hamısı kimi qorxur, eyni zamanda görünmək, yaxud göstərmək istədiyi kimi güclü deyil.
Əgər güclü olsaydı, o zaman mitinqə icazə verərdi. Xidmət etdiyi, sevgisindən əmin olduğu xalq da gəlməyəydi mitinqə, hamıya da göstərəydi ki, xalq ayağa qalxmadı, çünki gerçəkdən bizi dəstəkləyir. Saxta seçki keçirməklə, yalan danışmaqla, həyadan uzaq bəyanatlar verməklə, ya da 3-5 telekanalın apardığı ucuz təbliğatla sevgi olmur, zorla gözəllik olmadığı kimi…
Axı sizin ürəyinizdə gözəllik, sevgi deyə bir şey yoxdur… Onu dünya malına və varidat hərisliyinə xərcləmisiniz. Zənn edirsiniz ki, bu dünya sizin başınıza fırlanmır. Amma ən böyük aldanışınız da budur. Etdiyiniz əməllərin kökündə də bu aldanış dayanır zatən.
Bu qədər də olarmı?! Yəni, simasızlığın, yalançılığın həddi yoxdur?! Dünyada diktaturaların sonunu gətirəcək “inqilablar sunamisinin” vurduğu bir vaxtda hakimiyyət funksionerləri yenə boyat fikirlərini təkrarlayacaq ki, “müxalifət yalan danışır, biz xalqı, xalqımız da bizi sevir”. Hüsnü Mübarək, Ben Əli, Qəzzafi də belə deyirdi: “Xalq bizi sevir, biz xalqa xidmət edirik”. Daha nələr, nələr…
Yaxşı, əgər xalqa xidmət edirsinizsə, niyə xalq bu qədər narazıdır? Niyə yalan-dolanla baş qatırsınız, niyə günlərdir tv-lərinizdən şər, yalan əskik olmur? Niyə saxtakarcasına bu xalqın canından əl çəkmək istəmirsiniz?
Mitinq oldu. Sizin bütün məkrinizə, hiylə, yalan, şərinizə, zorunuza, daha nələrəsə rəğmən, oldu və bundan sonra da olacaq!
Siz özünüzü nə zənn edirsiniz, bu ölkənin sahibimi? Nədir bu xəstəlik? Elə dünya durduqca, siz Azərbaycanın başındamı olmalısınız? Bu nə xülyadır, nə virusdur düşüb sizin qanınıza ki, xəstələnmisiniz? Son olaylar, ərəb inqilabları sizin xəstəliyinizin sağalmasına yardım etmədimi? Öz qurduğunuz səhiyyə sistemi köməyinizə yetməz, heç olmasa, ərəb “inqilab sistemindən” dərs çıxarın!
Danışıb özünüzün belə, inanmadığınız yalanları adamlara sırımağa çalışmaqla, ya da saxtakarlıqla bu xalqdan sevgi dilənməklə günəşi öz başınıza fırlada bilməyəcəksiniz. Nə edirsinizsə edin, dünyanın gedişatını dəyişə bilməyəcəksiniz. Bəlkə digər xalqlar kimi, bizim xalqın qalxmayacağından, ya da bizim xalqın aciz olduğundan əminsiniz? Əmin olmayın, SSRI boyda imperiyaya qarşı baş qaldıran xalq sizin kimi sevgi dilənçilərinə qarşı da baş qaldıracaq, bundan şübhəniz olmasın. Əgər inanmırsınızsa, bu artıq sizin probleminiz!
Pis öyrənmisiniz – illərdir döyür, söyür, təhqir edirsiniz, ac saxlayıb əzirsiniz, sonra da arxayınlıqla “xalqımız səbrli xalqdır” deyib, üzünə irişirsiniz. Belə olan halda, arxayın olmağınız da təbiidir…
“Amma” deyə bir ifadə var. Bu da ondan ibarətdir ki, “səbrli” dediyiniz xalqın səbri artıq tükənib, daşıb, qəzəbə, nifrət, küfrə, qınağa çevrilib və elə 2 aprel mitinqi də bu niftərin, qəzəbin, kinin nəticəsi idi. Dəvəquşu başını quma soxar, özünü təhlükəsiz hiss edər, amma bədəni çöldədir. Bunun mahiyyəti odur ki, dəvəquşu gözlərini qapayır, təhlükəni görmür və zənn edir ki, təhlükə də onu görmür. Indi siz də gözlərinizi bu təhlükəyə – xalq nifrətinə qapamısınız, elə bilirsiniz ki, o nifrətdən yan keçə biləcəksiniz. Yəni, anlamaq bu qədərmi zordu? Daha bu xalq sizin o məlun, yaramaz xidmətinizi, ömrünüzün qalan hissəsini ona bağışlamağınızı istəmir. Bu qədərmi zordur dünya malından, hakimiyyətdən əl çəkmək?
Təbii, anlaşılandır. Bir heç, böyük, qocaman bir heç ola-ola gəlib zor, yalan, fırıldaq, şər gücünə hər şey olasan, sonra da uydurduğun bu hər şeydən əl çəkəsən… Çətindir, amma sizin işinizi soyub-talayıb, “hər şey olmaqla” heçə saydığınız xalq asanlaşdıracaq!
Illərdir bizə “xidmət edirdiniz”, indi də icazə verin, biz sizə “xidmət edib” işinizi asanlaşdıraq. Siz gedə bilmirsinizsə, biz sizə yardım edərik ki, layiq olduğunuz yerə – heçliyə gömüləsiniz!