Ölkə başçısı komandasının xarici dairələrin təsiri altına düşə biləcəyindən narahatdır
Dövlət başçısı Ilham Əliyevin son müşavirədə etdiyi çıxışında diqqətçəkən bir məqam var. Bu, Ilham Əliyevin məmurların xarici dairələrin təsiri altına düşə biləcəyi narahatlığıdır. Ilham Əliyev bu narahatlığı belə ifadə elədi: “Məmurlar vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir”.
Beləliklə, hər dəfə müxalifəti, vətəndaş cəmiyyəti institutlarını, azad yazarları xarici dairələrin təsiri altına düşməkdə ittiham edən Ilham Əliyev ilk dəfə olaraq komandasından bu məsələyə görə şübhəsini gizlətmədi.
“Azadlıq”a daxil olan məlumatlara görə, Əliyevin bu narahatlığı təsadüfi deyil. Ölkə başçısı hakimiyyətdə təmsil olunan məmurların xarici banklarda miylonlara və daşınmaz əmlaka sahib olduğunu çox gözəl bilir. Bu isə müxalifətin deyil, əslində hakimiyyət komandasının xaricdən daha çox asılı vəziyyətdə olduğunun göstəricisidir.
Ukraynadakı hadisələrdən təşvişə düşən Ilham Əliyev komandasında zəif həlqələrin ola biləcəyini düşünür. Və indidən bu barədə xəbərdarlıq edir. Lakin ərəb inqilabları, o cümlədən Ukraynada baş verənlər göstərir ki, prosesə başlayanda bucür xəbərdarlıqlar heç bir əhəmiyyəti olmur.