Məmməd Əzizov: «Torqovı»da gedəndə MTN əməkdaşları arxadan başıma yumruq vurdular, sürüyə-sürüyə apardılar maşına…»
Ötən ilin əvvəlindən gənclərə qarşı başlanmış repressiyaların qurbanı olan “NIDA” Vətəndaş Hərəkatının səkkiz üzvü – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Məmməd Əzizov Şahin Novruzlunun məhkəməsi davam edir. Prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Ilk şahid gənc fəalların evində axtarış aparmış MTN əməkdaşı idi. Elə dünənki məhkəmə iclasında da MTN-nin daha bir əməkdaşı – Qasım Tağıyev dindirilib. Daha doğrusu, o, ötən məhkəmə iclasında ifadə vermişdi. Amma məhkəmədə dediklərilə istintaqdakı ifadələri arasında ziddiyyət yarandığından, dünən onun işin içindəki ifadələri elan olundu.
“MTN əməkdaşı psixiatrik ekspertizadan keçirilsin”
Amma MTN əməkdaşının istintaqa ifadəsi elan olunmamışdan əvvəl vəkillərdən Nemət Kərimli bu şahidin ambulator psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırdı. Vəkil vəsatətini belə əsaslandırdı ki, şahid iş üçün əhəmiyyətli olan məqamlarla bağlı bütün suallara “bilmirəm”, “xatırlamıram” tipli cavablar verir, ziddiyyətli danışır.
Digər vəkillər və təqsirləndirilən şəxslər də vəsatəti müdafiə etdilər. Amma məhkəmə vəsatəti təmin etmədi.
Şahidin 3 aprel 2013-cü il tarixli ifadəsində göstərilib ki, o, 2002-ci ildən MTN-nin Antiterror Mərkəzində işləyir. Mərkəzdə qəbul olunmuş qərar əsasında Şahin Novruzlunun yaşadığı evə baxış keçirib. MTN əməkdaşının yazdığına görə, baxış zamanı Şahinin atası şikayətlənib ki, oğlu internetdə hakimiyyətə qarşı xoşagəlməz yazılar yazır, ona görə Şahini tənqid edir. MTN əməkdaşı ifadəsində qeyd edir ki, evdən notebook, 5500 ədəd 1 manatlıq “Azercell” və “Bakcell” danışıq kartları, fotoaparat, disklər, 94 100 manat və 750 dollar pul, dəhlizdən qutunun içindən spesifik iyli maddə və ağzı şarla bağlı butulkalar götürülüb. Şahin və atası baxış zamanı protokolu imzalamaqdan imtina ediblər. Qasım Tağıyev onu da bildirir ki, Şahin ilkin izahatında butulkalar və narkotikin ona məxsus olmadığını deyib. Amma MTN-ə aparıldıqdan sonrakı ifadəsində həmin əşyaların da ona məxsus olduğunu bildirib.
“Bir möhür eyni vaxtda Sabunçuda və Bakının mərkəzində necə ola bilər?”
Şahid vəkillərin suallarını cavablandırarkən bir xeyli ziddiyyətlər ortaya çıxdı. Məsələn, o, deyir ki, baxış zamanı yaxınlıqda yoldan keçən iki nəfəri hal şahidi qismində dəvət ediblər. Amma vəkil Elton Quliyev şahidin, eləcə də məhkəmənin nəzərinə çatdırdı ki, işdə olan mütəxəssis rəyində 3 hal şahidinin iştirakından söhbət gedir. Şahid bu ziddiyyəti izah edə bilmədi.
MTN əməkdaşı baxış zamanı evdə videoçəkiliş aparmış iş yoldaşının da adını xatırlamadığını dedi.
Elton Quliyevlə şahid arasında belə bir sual cavab oldu:
– Kamal Rəsulzadəni (bundan öncə ifadə vermiş MTN əməkdaşı) tanıyırsınızmı?
– Bəli.
– Necə ola bilər ki, eyni vaxtda Sabunçuda və şəhərin mərkəzində keçirilən ayrı-ayrı baxışlarda eyni möhürdən istifadə olunsun?
– Möhür hazırlanır, götürürük.
Yerdən NIDA-çı gənclərdən Məmməd Əzizovun belə bir replikası oldu: “Yəqin, kustar üsulla ikincisini də hazırlayıblar”.
Möhür məsələsinə görə prosesdə qalmaqal yaşandı. Xüsusən hakimin məsələyə müdaxilə edərək şahidi yönləndirməsi və üstəlik, baş verənləri “şou yaratmaq” kimi qiymətləndirməsi vəkil Elton Quliyevin kəskin etirazına səbəb oldu: “Mən şou yaratmıram. Xahiş edirəm siz də danışığınıza fikir verin. Mən sual vermək xətrinə də sual vermirəm. Bu vətəndaş keçən dəfə dedi ki, baxışa gedəndə möhürü dəftərxanadan götürdük. Ona görə mən də dəqiqləşdirmək istəyirəm ki, bir möhür eyni vaxtda həm Sabunçuda, həm də Bakının mərkəzində necə ola bilər? Çünki Sabunçuda Bəxtiyar Quliyevgilin evinə baxışda da həmin möhürdən istifadə olunub. Ona görə də xahiş edirəm, mənə qarşı dediklərinizdə diqqətli olasız”.
“Müstəntiqlə danışıb evimizdən pulu götürdülər”
MTN əməkdaşı sualları cavablandırarkən bildirdi ki, evdən aşkarlanan, iş üçün əhəmiyyətli əşyaları və pulu eyni vaxtda götürüb aparıblar. Lakin Şahin Novruzlu şahidin bu haqda dediklərini təkzib etdi: “Pul tapılanda atamdan soruşdular, o da dedi ki, dostumundur, biznesə görə verib. Bunlardan biri müstəntiq Ibrahim Ləmbəranskiyə zəng elədi. Onunla danışandan sonra gəlib pulu götürdülər. Kartları isə götürməmişdilər. Məni MTN-ə aparanda yarı yoldan qayıdıb, danışıq kartlarını da götürdülər”.
Şahin Novruzlu onu da qeyd etdi ki, MTN əməkdaşının guya, baxış zamanı ona və atasına qərarı elan etməsi, mədəni davranmaları barədə deyilənlər yalandır: “Bunlar evə gələndən gedənə qədər qışqırırdılar, heç bir şey də izah etmirdilər”.
Şahid dindirilərkən prokurorun ara-sıra onu yönləndirmək cəhdi NIDA-çı gənclərin etirazına səbəb oldu. Ilkin Rüstəmzadə bununla əlaqədar məhkəməyə müraciət etdi: “Hörmətli hakim, prokuroru niyə susdurmursuz? Birdəfəlik iş oxuyun, çıxıb gedək işimizlə məşğul olaq da…”
Şahingilin evinə baxış zamanı MTN əməkdaşlarının müstəntiqlə əlaqə saxlaması barədə deyilənləri dəqiqləşdirmək üçün vəkil Xalid Bağırov şahidə konkret bir nömrə deyərək, onunla əlaqə saxlayıb-saxlamadığını soruşdu. Vəkil məhkəmənin nəzərinə çatdırdı ki, elan etdiyi telefon nömrəsi işin istintaqını aparmış müstəntiq Ibrahim Ləmbəranskiyə məxsusdur. Prokuror vəkilin sualına etiraz etdi, hakim də onunla razılaşdı.
Təqsirləndirilən Ilkin Rüstəmzadə məhkəmənin bu cür münasibətinə etiraz etdi: “Cənab hakim, biz sizlərə hörmətsizlik etmirik. Doğrudur, bəzən haqqımız pozulanda sərt reaksiya veririk. Amma ümumilikdə hörmətinizi saxlayırıq. Hesab edirik ki, ağsaqqal adamsız. Amma siz bilə-bilə bizi qanunsuz həbsdə saxlayırsız. Ortada heç bir sübut olmadığı halda, məhkəmə icraatını davam etdirirsiz. Biz sizə hörmətsizlik eləmirik. Amma siz də gəlin ”bura məhkəmədir”, “bura məhkəmədir” cümləsini tez-tez deməyin”.
Hakimlə vəkil arasında reklam mübahisəsi
Dünənki məhkəmə iclasında MTN-nin daha bir əməkdaşı – Azər Məcidov da şahid qismində dindirildi. Dindirmə başlamamışdan əvvəl Xalid Bağırovun vəsatət vermək istəyi hakimin sərt reaksiyasına səbəb oldu:
– Siz özünüzü az reklam edin.
– Sizsə bu proses boyu özünüzü kifayət qədər anti-reklam etdiniz. Bəlli oldu ki, siz kimsiz. Ifadələri seçərkən diqqətli olun. Mən özümü kimə reklam etməliyəm ki?
***
Azər Məcidov gənc fəallardan Məmməd Əzizovun kirayə yaşadığı evə baxışda və onun tutulmasında iştirak edib. 10 ildən çoxdur MTN-də işlədiyini deyən Azər Məcidovun sözlərinə görə, baxış zamanı Məmmədin əşyalarının arasından ot tapılıb. Məmməd də deyib ki, “əgər əşyalarımın içindən çıxıbsa, deməli, mənimdir”.
Lakin Məmməd şahidin dediklərini təkzib etdi: “Mən elə söz deməmişəm. Ikincisi də əşyaların arasından heç nə tapılmayıb. Guya, girişdəki şkafdan tapdılar onu. Ot idi, hətta mən götürüb iyləmək istədim ki, bəlkə raziyana-zaddır”.
Məmməd Əzizov onu da qeyd etdi ki, həmin evə tutulmamışdan 4 gün əvvəl köçübmüş. Daha 3 nəfərlə qalıb, amma yoldaşları evə baxış keçirilərkən işdə olub.
“Gedib maşının altına girdim, təkəri qucaqladım…”
Məmməd həmçinin Fəvvarələr meydanında tutularkən döyülməsindən də danışdı: “Torqovı”da gedə-gedə əlimdə telefon, kiməsə zəng eləyirdim. Qəfildən arxadan başıma yumruqla vurdular. Çevrilib dedim ki, neynirsiz? Elə bildim, tanış uşaqlardan kimsə zarafat edir. Bir dənə də yumruq gəldi. Yıxıldım, başım dəydi sementə. Gözümə qaranlıq çökdü. Maşını kənarda saxlamışdılar. Sürüyə-sürüyə apardılar maşına. Qara “Jeep” idi. Maşını Azər Məcidov özü sürürdü. Sürüdülər, gedib maşının altına girdim, təkəri qucaqladım”.
MTN əməkdaşı da Məmmədin Fəvvarələr meydanında saxlanıldığını təsdiqlədi. Döyülməsinə gəlincə, bildirdi ki, Məmməd həmin vaxt onlara müqavimət göstərirdi.
NIDA-çılarla MTN əməkdaşı arasında sual-cavab zamanı məlum oldu ki, evdən “Təcili demokratiya tələb olunur! Ünvan: Azərbaycan. Tel: +994…” yazılmış vərəqələr götürülüb. Şahid də bunu təsdiqlədi. Rəşadət Axundov MTN əməkdaşına belə bir sual verdi: “O vərəqələrdə təhlükəli nə var idi ki, götürdünüz?” Azər Məcidov cavabında dedi ki, araşdırılması üçün vərəqələri aparıblar.
Rəşadət Axundovun həmçinin şahidə belə bir minnətdarlığı oldu: “Artıq üçüncü şahiddir ki, dindirilir. Üçü də MTN əməkdaşıdır. Amma ilk şahiddir ki, onda vicdan əzabının sindromlarını hiss edirik. Buna görə də ona təşəkkür edirik”.
Azər Məcidovun istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər olduğundan onun istintaqdakı ifadəsinin elan olunması məsələsi qaldırıldı. Elton Quliyev bildirdi ki, Məmmədin yaşadığı evə baxış keçirilməsi barədə qərarda heç bir ünvan göstərilməyib: “Boş kağızla baxış keçirməyə gediblər. Onda belə çıxır ki, ağ kağızı bayraq edib, şəhərdə istənilən evdə axtarış aparmaq olar”.
Məhkəmə bu gün davam edəcək.
Aytən Məmmədova