Dünən Ilham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxış edib. Bundan öncəki konfrans və müşavirlərdə olduğu kimi, yenə də Azərbaycandakı inkişafın tərifi göylərə qaldırılıb. Daha sonra da nazirlər, komitə sədrləri, varlı məmurlar sanki bir-biri ilə bəhsə giriblər. Yüksək rəqəmlər, misilsiz göstəricilər, tayı-bərabəri olmayan uğurlar haqda o qədər danışıblar, gəl görəsən. Zatən çox görmüsünüz. Bağ belə, bostan belə, bağbanla bostançının da nə hayda olduğunu bilirsiniz…
Göydən götürülmüş rəqəmləri az qala hər ay xalqa elan edirlər. Hətta rəqəmlər artıq dözmür bu söhbətlərə. Inkişaf rəqəmlərə də sığmır sanki! Gəlin havadan danışmayaq və yeni iş yerləri ilə bağlı rəqəmlərin müəmmalı halına baxaq. Mən bu mövzuya ardıcıl maraq göstərdiyimdən, rəqəmlərin haradan gəlib hara getdiyini diqqətlə izləyirəm. Görün rəqəmlər nə deyir…
Bu il yanvarın 9-da Nazirlər Kabinetinin müşavirəsində Ilham Əliyev dedi: “Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. Işsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir” (Mənbə: “http://president.az/articles/10792″, 9 yanvar 2014-cü il).
2013-cü ilin əvvəlində – il başa çatarkən xalqa təbrikində isə Ilham Əliyev demişdi: “Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. Işsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır. Iş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir” (Mənbə: “http://president.az/articles/7046″, 1 yanvar 2013-cü il).
Bu iki çıxışdan bəlli olur ki, 2013-cü ilin əvvəlində işsizliyin səviyyəsi 5,2 faiz olub, lakin bu il ərzində 110 min yeni iş yeri açılıb və işsizlik 5 faizə düşüb.
Lakin yeni iş yerlərinin bir qismini il ərzində iş qabiliyyəti olan əhalinin sayında artımı yaradanlar da tuta bilər. Bu artım bizim ölkədə ən çoxu 68 min il olub bir ildə. Təxminən hər il 2000 daimi yaşayan miqrant gəlir ölkəmizə. Onların arasında uşaq və qocalar da olur. Yəni yeni işçi qüvvəsi uzağı, ən böyük hesabla 70 min edə bilər. Tutaq ki, onların hamısı iş tapıb. Bunu da 110 mindən çıxsaq, deməli, ən azı 40 min adam köhnə işsizlərdən yeni iş alıb. Bu da faizlərdəki fərqi yaradır, başqa sözlə 5,2-5=0,2 faizdir.
Indi gəlin adi hesab əməlləri ilə hazırda işsiz olanların sayını tapaq, yəni 5 faiz işsizin sayını müəyyən edək.
40 min 0,2 faizdirsə, 2 faiz 10 dəfə çox, yəni 400 min edəcək. Bu halda 1 faiz 200 min edir. Onda 5 faiz işsiz edir 200000*5=1000000, yəni belə çıxır ki, 1 milyon işsiz var hazırda. Həmin 5 faiz kimi.
Bilirəm ki, bu qədər işsizin olduğunu heç cür qəbul etməzlər. “Bağ belə, bostan belə”yə heç cür uyğun gəlmir. Çünki cəmi iş qabiliyyəti olan əhalinin rəsmi sayı 6 milyon 42 mindir. Bu halda işsizliyin sayı 15 faizdən çox edir. Təbii ki, şəxsən mən bu rəqəmlərin heç birinə inanmıram və işsizliyin daha böyük olduğunu qəbul edirəm. Amma öz rəqəmləri işsizlik səviyyəsinin 15 faizdən çox olduğunu deyir.
Dəyərli oxucular izləmiş olar, bir neçə dəfə Dövlət Statistika Komitəsinin öz rəqəmlərini dərc etmişəm və göstərmişəm ki, hətta dövlətin öz göstəriciləri 10 ildə heç də elan etdiyi kimi 1 milyondan çox iş yerinin açılmadığını sübut edir. Budur aşağıdakı cədvəl yeni iş yerlərinin real mənzərəsini göstərir.
Bu rəqəmlərin hamısı Dövlət Statistika Komitəsinin rəsmi cədvəllərindən götürülüb. Öz rəqəmlərindən bəlli olur ki, 1 milyon nədir, 10 ildə cəmi 400 min yeni iş yeri açılıb. Son iki ili də üstünə gəlsək, bu il elan olunan 1 milyon 200 minlik yeni iş yerinin heç yarısı etmir. “Bağ belə, bostan belə” gərək heç olmasa rəqəmlərdə düz görünsün. Hələ bağbanla, bostançının həyatı bir yana qalsın.