Yanvarın 23-də Xaçmazın Susay-Qışlaq kəndində silahlı sələfi (vəhhabi) dəstəsi Susay qışlaq kənd tam orta məktəbinin V sinifində oxuyan Valeh adlı bir uşağı girov götürüb.
Bu barədə “Azadlıq” qəzetinin elektron poçtuna Samir Aslan adlı oxucu məlumat göndərib. Məlumatda deyilir ki, dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görüb. Dəstə uşağı zorla saxlayaraq, ləzgi dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik” deyə hədələyiblər və uşağı bu şərtlə buraxıblar.
Tələsik və həyəcanlı vəziyyətdə evə gələn uşaq bütün gördüklərini valideynlərinə danışıb. Onun atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Polisin dərhal başlatdığı cinayət-axtarış tədbirlərindən xəbər tutan dəstə üzvləri həmin ailənin evinə gələrək, uşağın ata və anasını buna görə döyüblər, Valehin özünü isə girov götürüblər.
Məlumata görə, hazırda axtarış davam edir, yollarda patrullar var.
Xaçmaz Rayon Polis Şöbəsindən məlumatı “virtualaz.org”a təkzib ediblər. Polis mayoru Rasim Seyfullayev onlarda belə bir məlumatın olmadığını deyib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da bildirib ki, məlumat yalandır, elə bir hadisə olmayıb.