Dünən “Gülər parlamenti”nin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin (komitənin adına bax e, “hüquq siyasəti”, nə bilim, “dövlət quruculuğu”, bəh-bəh, adam bir anlıq gəlişmiş Avropa ölkələrindən birində yaşadığını zənn edir) sədri Əli Hüseynli xalqımızı Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım veriləcəyi ilə bağlı muştuluqladı. Açığı, mən belə xəbərləri belə loppadan deyil, məşhur lətifədə olduğu kimi, adamları alışdıra-alışdıra söyləməyin tərəfdarıyam, yoxsa bunu qəfil eşidib dəli olmaq, havalanmaq, bu şən, hər yanı gülşən ölkəmizin analoqsuz inkişafından doyunca dadmadan dünyadan nakam köçmək mümkündür.
Əlbəttə, ilk baxışda burada qulp qoyulmalı nə var? Pulsuz hüquqi yardımın nəyi pisdir axı? Təbii, pis deyil. Amma başına gələn başmaqçı olar, biz bunların pulsuz tibbi xidmətindən nə vaxt yarıdıq ki, indi onların pulsuz hüquqi yardımının da bir yaralı barmağa dərman olacağına inanaq. Havayı pendir tələdə olur. Indi Allah bilir, bu pulsuz hüquqi yardım da nə tələdir, qurulur. Bəlkə elə pul tələsidir, nə biləsən. “Pulsuz hüquqi yardım” adı ilə babat pul silmək – niyə də olmasın? Axı Əli Hüseynlinin dediyini görə, həmin yardımı göstərmək üçün ayrıca qurum da yaradılacaq.
Monteskyö deyirdi ki, qanun kölgəsində və ədalət bayrağı altında edilən zülm – ən amansız zülmdür. Biz indi məhz zülmün bu forması ilə qarşı-qarşıyayıq. Baxırsan, məhkəmə də var, qanunlar da, amma məhkəmələrin ədaləti, qanunların işləkliyi yoxdur. Əvəzində isə pulsuz hüquqi yardım təklif edirlər, elə bil Ermənistanda Dövlət Neft Fondu yaradırsan.
Bütün bunlar öz yerində. Əsas məsələ başqadır. Bəyəm bu ölkədə vətəndaşı narahat edən hüquqi yardımın pullu, yaxud pulsuz olmasıdır. Axı dərd orasındadır ki, ölkədə hüququn özü yoxdur. Qanunlar kağız parçasına çevrilib, məhkəmələr ya “yuxarılar”ın iki dodağının arasından çıxan sözə, ya da vətəndaşın cibinə baxır.
Azərbaycanda problemlərin kökündə guya insanların qanunları bilməməsinin, öz hüquqlarından xəbərsiz olmasının dayandığı barədə tezislər artıq öz inandırıcılığını çoxdan itirib. Bu ölkədə hüquq müdafiəçilərinin, vəkillərin özü belə, şərlənərək həbs edilir, qondarma ittihamlarla dəmir barmaqlıqlar ardına atılır, öz fəaliyyətlərindən məhrum edilirsə, biz daha nədən danışırıq? Onlar ki, qanunları əzbər bilir, hüquqlarından da çox yaxşı xəbərdardırlar, bəs bu, onları niyə haqsızlıq, ədalətsizlik qurbanı olmaqdan xilas etmir?
Lap tutaq ki, getdim vətəndaş kimi hüquqlarımla bağlı pulsuz yardım aldım, mənə də izah etdilər ki, sənin ifadə azadlığın var, sərbəst toplaşmaq azadlığın var, seçmək-seçilmək haqqın var, hakimiyyətin ən başındakı adamdan tutmuş ən aşağıdakı məmurunadək gəlirlərini bilmək, büdcə pullarının hara getdiyini öyrənmək ixtiyarın çatır, nə olsun? Bəs sonra? Bir halda ki, bunlara görə vətəndaşı nələrin gözlədiyi məlumdur, biz nədən danışırıq?
Bir sözlə, hüquqsuz vətəndaş üçün pulsuz hüquqi yardım. Əsl komediyadır.
Daha komik olan isə belə yardım göstərilməsinin ölkədə iqtisadi-sosial inkişafla əlaqələndirilməsidir. Guya inkişafın elə bir mərhələsinə gəlib çatmışıq ki, artıq olmayan dövlətimizin vətəndaşlara pulsuz hüquqi yardım göstərmək kimi bir gücü, qüdrəti vardır. Əcəb iqtisadi inkişafdır. Inkişaf var, amma vətəndaşda pul yoxdur. Ki, gedib istədiyi, güvəndiyi bir hüquq şirkətində məsləhət alsın. Bir sözlə, həm pulsuz, həm də hüquqsuzlar üçün hüquqi yardım.
Xalqın bu gün pula da, hüquqa da ehtiyacı var. Həm də dilənçi payı kimi yox, yardım kimi yox. Ünvanlı sosial yardım, ya da pulsuz hüquqi yardım kimi yox.
Bir gəlişmiş, çağdaş, modern ölkədə necədirsə, bax elə.