İlham Əliyevin ölkəyə çox maşın gətirilməsindən narahatlığı əsaslıdırmı?
Zöhrab Ismayıl: «Bakının ətrafı neftlə çirklənib. Ətraf mühiti düşünən hökumət ilk növbədə bundan başlamalıdır»
“Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilib. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir”- bunu ölkə başçısı Ilham Əliyev yanvarın 9-da keçirilən müşavirədə deyib.
O əlavə edib ki, ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır: “Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək. Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır”.
Ölkə başçısının müşavirədə bu çıxışını əsaslanan bəzi ekspertlər ölkəyə gətirilən maşınlar üçün gömrük rüsumunun qaldırılacağı qənaətindədirlər. Hazırda ölkəyə xaricdən gətirilən maşınlar 2000-ci ilin istehsalıdır. Yəni bundan öncəki illərin buraxılışını Azərbaycana gətirməyə icazə yoxdur. Güman ki, bu ildən bu məsələdə də redaktələr olunsun. Yayılan məlumatlara görə, gömrükdən qeyri-rəsmi olaraq 2003-cü ildən bu yana istehsal olunan maşınların gətirilməsinə icazə verilib.
Iqtisadçı ekspert Zöhrab Ismayıl “Azadlıq”a açıqlamasında idxal prosesində aksizlərin bahalaşmasını ehtimal edir. Ancaq ətraf mühitin çirklənməsində istehsal ili köhnə olan maşınların rolu onuncu dərəcəli məsələdir: “Ilk növbədə Bakının ətrafı neftlə çirklənib. Qəsəbələrin içində neft hasil olunur. Ətraf mühiti düşünən hökumət ilk növbədə bundan başlamalıdır. Binqədidə, Sulutəpədə, paytaxtın müxtəlif ərazilərində neft hasil olunur. Neftayırma zavodları şəhərin mərkəzində sovet dövrü texnologiyası ilə işləyir, çirkli qazı havaya püskürür. Bunlara diqqət yetirmək lazımdır. Həm regionlarda, həm də Bakıda yaşıllıqların, ağacların qırılmasının şahidiyik. 6-cı mikrorayondakı Zeytun bağı, metronun ”Gənclik” stansiyasının yaxınlığında yerləşən meşənin dağıdılması və s. Ətraf mühiti düşünən hökumət bu məsələlərə məşğul olmalıdır. Ətraf mühitlə bağlı beynəlxalq standartlar var. Xüsusən Avropa Birliyinin standartları var ki, biz “Şərq Tərəfdaşlığı” proqramında iştirak edirik. Yavaş-yavaş ətraf mühiti Avropa standartlarına uyğunlaşdırmalıyıq. Bütün bunlar daha önəmlidir, nəinki onuncu dərəcəli məsələ. Hökumət bu məsələdə ünvanı doğru tapmayıb”.
Ramin DEKO