Yaxud dövlət başçısının komandası onu eşitmir
Dövlət başçısı Ilham Əliyev yenə də korrupsiyaya qarşı mübarizədən danışıb. Ilham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində deyib ki, ötən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq.
“Bu mübarizənin gözəl nəticələri var” deyən Ilham Əliyev daha sonra bildirib: “Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir”.
Ölkə başçısı korrupsiyaya bulaşmış məmurların vəzifədən uzaqlaşdırılmalı olduğunu vurğulayıb. “Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə Idarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaq”, – deyə Ilham Əliyev əlavə edib.
Ilham Əliyev bundan əvvəl də korrupsiya barədə və bu bəlaya qarşı mübarizədən danışıb, məmurlara barmaq silkələyib. Lakin heç nə dəyişməyib. Adı iri korrupsiya əməliyyatlarında hallanan məmurlar hələ də vəzifə başındadırlar. Görüntü yaratmaq üçün xırda çinovniklər həbs edilib. Ona görə də Ilham Əliyev korrupsiyaya qarşı mübarizə mövzusunda səmimi olduğuna inanmaq sadəlövhlük olardı.
Ilham Əliyevin ilə ötən ilin fevralında Bakı Biznes Mərkəzində icra başçıları keçirdiyi müşavirə yəqin ki, çoxlarının yadındadır. Həmin müşavirədə də ölkə başçısı sərt danışmışdı, məmurlara barmaq silkələmişdi. Hətta o zaman belə məlumat yayılmışdı ki, ölkə başçısı Gəncənin icra başçısı Elmar Vəliyevi o qədər sərt danlayıb ki, o, huşunu itirib. Ölkə başçısı növbəti dəfə “sərt üzünü” 2013-cü ilin avqustunda göstərdi. Ilham Əliyevin Ismayıllını içməli su ilə təchiz edəcək kəmərin açılış mərasimində məmurlara təpindi.
Amma bütün bunlar sadəcə söz olaraq qaldı. Bu halda düşünmək olar ki, ya Ilham Əliyev blef edir, ya da sadəcə məmurlara təsir etmək gücündə deyil. Komandası onu eşitmir. Bizcə, daha çox birinci versiya ağlabatandır.