Zaur Həsənovun atası oğlunun işlətdiyi obyektə heç bir xərc çəkmədiyi barədə iddialara cavab verdi
Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası (AHIK) özünə qəsd edən Qarabağ qazisi Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı açıqlama yayıb. AHIK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada iddia edilir ki, Zaur Həsənovun işlətdiyi obyektin tikilməsilə bağlı bütün xərcləri “Edis Group” şirkəti çəkib.
AHIK bu iddiasını şirkətin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya şikayəti ilə əsaslandırır. “Edis Group” şirkətinin rəhbəri Samir Məmmədov tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar. O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov “Edis Group” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb.
Zaur Həsənovun atası Həsən Həsənov isə “Azadlıq”a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur: “Həmin obyekt 1994-1995-ci illərdən mənim oğlum da olub. Onun tikilməsi, abadlıq işləri ilə bağlı xərcləri mənim oğlum çəkib. Hətta pul çatmadığına o, bankdan 13 min manat kredit də götürüb. O Samir Məmmədov ”maxinator”dur. Yalan danışır. Onlar heç bir xərc çəkməyib obyektə”.
Həsən Həsənov bildirib ki, Samir Məmmədov həmin obyekti ələ keçirmək istəyib. “Mən onu obyektdən çıxarmışam. Obyekti ələ keçirmək istəyirdi. Əgər xərci o çəkmişdisə niyə çıxırdı obyektdən?”, – deyə mərhum Qarabağ qazisinin atası əlavə edib.