Xəbər verdiyimiz kimi AXCP Gənclər Komitəsi dekabrın 15-də saat 12:00-da “Bakı” kinoteatrında 1-ci Ümumrespublika Konfransını keçirəcək. Artıq tədbirlə bağlı texniki işlər yekunlaşıb. Cəbhəçi gənclər hamılıqla profil şəkillərini dəyişərək konfransla bağlı hazırlanmış “loqo”nu profil şəkli ediblər. Eyni zamanda gənclər komitədə keçdikləri həyat yolu, öyrəndikləri, təəssüratları ilə bağlı bloq yazıları, məqalələr, statuslar yazmağa başlayıblar.
Partiyaya yeni qoşulan gənclərin təəssüratları
Türkel Azərtürk öz “bloq”unda yazır: “2012-ci il dekabrın 2-də Əli bəy 1000-ə yaxın gənclə görüş keçirdi. Gənclərə partiya vəsiqəsini təqdim etdi və onlara bu şərəfli mübarizədə uğurlar arzuladı. O gənclərdən biri də mən idim. Fəxrlə mən də vəsiqəmi aldım və xalqımız üçün sonadək vuruşacağıma söz verdim. Bacardığım qədər də sözümə əməl edirəm”.
Fuad Əhmədov yazır: “Azərbaycan mükəmməl bir dövlət olacaqsa, bu ölkənin gənclərinin, gənclər arasında ən mükəmməl təşkilatlananların sayəsində olacaq. Mən də səni ən mükəmməl, ən zəhmətkeş, ən dürüst ailə təşkilatı olan AXCP Gənclər Komitəsində görmək istədiyimə görə, saat 5:47 olsa da, hələ də oyağam”.
Elşən Kərimov Komitə ilə bağlı təəssüratlarını yazır: “AXCP Gənclər Komitəsi mənə çox şey verib. Təxminən bir ilə yaxındır cəbhəçiyəm və dostlarımla bu şərəfli yolda qürurla addımlayıram. Son bir ildə GK-dəki dostlarım hər mövzuda dəstək olub mənə, hər şey bir kənara, burada mən ”qardaşlıq məktəbi” gördüm. Mənim üçün GK məhz qardaşlıq məktəbidir. Çox yaxın dostlar qazandım”.
Bu kimi bloq yazıları onlarladı və partiya sıralarına qoşulan gənclər öz məmnunluqlarını ifadə edirlər.
Ötən gün AXCP sədri Əli Kərimli də AXCP Gənclər Komitəsinin rayon şöbə sədrləri və təşkilat komitəsinin üzvləri ilə görüşüb, konfransa hazırlıqla bağlı məsləhətlərini verib.
Bu konfrans cəbhəçi gəclərin uğurlarından biridir
AXCP GK-nın koordinatoru Dadaş Sadıqlı qəzetimizə açıqlamasında görülən işləri komitənin uğuru kim qiymətləndirdiyini və bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını bildirdi: “AXCP Gənclər Komitəsi 43 rayonda komitə və özəklərini yaradıb. Bu komitə və özəklərdən AXCP Gənclər Komitəsinin I Ümumrespublika Konfransına 403 nümayəndə seçilib. Bundan əlavə 21 rayonda isə təşkilat komitəsi yaradılıb və Konfransdan sonrakı yaxın müddət ərzində həmin rayonlarda da komitələr tam qurularaq elan olunacaq. Konfransa hazırlıqla bağlı bütün texniki məsələlər yekunlaşıb və qonaqlara dəvətnamələr göndərilib. Komitə üzvləri sosial şəbəkələrdə çox böyük ruh yüksəkliyi ilə konfransın təbliğatı ilə məşğuldur və bu münasibətlə öz profil şəkillərini konfransla bağlı şəkillə əvəzləyiblər. Bu Konfransı Gənclər Komitəsinin inkişafı və partiyanın gəncləşmə siyasətində mühüm hadisə hesab edirəm. AXCP Gənclər Komitəsinin I Ümumrespublika Konfransı cəbhəçi gənclərin uğurlarından biridir və bu konfrans növbəti mərhələ üçün üzərimizə daha böyük vəzifələr qoyur”.
Bu cəbhəçi gənclər üçün başlanğıcdır
AXCP Gənclər Komitəsinin Ümumrespublika Konfransına Hazırlıq üzrə Təşkilat Komitəsinin katibi Bəyim Həsənli qəzetimizə açıqlamasında bunları söylədi: “Ötən ilin dekabrında 37 nəfərdən ibarət təşkilat komitəsi yaratdıq. Bir ildir ki, AXCP Gənclər Komitəsinin I Ümumrespublika Konfransına hazırlaşırıq. Bu bir il ərzində 80-dən çox ezamiyyətimiz oldu. Nə qədər çətin də olsa əyalətlərdə təşkilat komitələrini yaratdıq. Çox şadam ki, bu işi qənaətbəxş hesab olunacaq dərəcədə başa vurduq. Amma bu son deyil, cəbhəçi gənclər üçün başlanğıcdır. Hədəfimiz çox böyükdür. Qarşımıza məqsəd qoymuşuq ki, bütün Azərbaycanı əhatə etməliyik. Bundan sonrakı əsas vəzifəmiz bu Komitələri genişləndirməkdir. Bundan əlavə, son illərdə Gənclər Komitəsində xanımların fəaliyyəti xeyli dərəcədə artıb. Konfransa seçilmiş nümayəndələr sırasında da xeyli cəbhəçi xanımlar var. Gələcəkdə Komitəyə cəbhəçi xanımların rəhbərlik etməsinə də iddialıyıq. Konfransa qədər olan fəaliyyətimiz və uğurlu keçəcək Konfransımız bizdə o inamı yaradır ki, mahnılardan dinlədiyimiz kimi gözəl günləri həyatımıza gətirəcəyik”.
Ilham Hüseyn