Eldəniz Quliyev: «Biz sona qədər Milli Şurada varıq və bu qurumun təmizlənməsinə ehtiyac var»
Ötən gün “El” Hərəkatının Idarə Heyətinin toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, Eldar Namzovun səfərləri və Milli Şuradakı durum müzakirə olunub.
“EL”Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, toplantıda yekdilliklə Milli Şurada təmsilçiliyi davam etdirmək və Cəmil Həsənlinin rəhbərliyi altında qurumu gücləndirməyə qərar verildi:”Ilk növbədə Eldar Namazovun Brüssel və Kiyev səfərinin detalları müzakirə olundu. Daha sonra “EL” hərəkatı bəyan etdiyi kimi sözünün üstündə duraraq Milli Şuranın gələcək fəaliyyətində yer almağı qərara aldı. Daha sonra Rüstəm Ibrahimbəyovun fəxri sədr seçilməsi müsbət qarşılandı və ona qarşı səslənən fikirlərin absurd olduğu bildirildi”.
Eldəniz Quliyev onu da bildirdi ki, “EL” Hərəkatı Milli Şuranın Rusiya proyekti adlandırılmasını təəssüflə qarşılayır və əsassız sayır: “Milli Şuranın Rusiya proyekti olduğunu hakimiyyət də, Siyavuş Novruzov da deyirdi. Təəssüf ki, bizim bəzi dostlarımızda eyni mövqedən çıxış edir. Bu fikirlər qeyri-ciddi ittihamdı və başqa bir bəhanə tapa bilməməyin göstəricisidir. Təəssüf edirik ki, böyük bir partiya belə bir arqumentlə çıxış edir. Kənardan baxanda insanda acı bir təbəssüm yaranır”.
Eldəniz Quliyev Müsavat partiyasının Milli Şuradan çıxmasına da münasibət bildirdi: “Kaş Azərbaycanda Rüstəm Ibrahimbəyov qədər azərbaycanlı olan, ölkəsini sevən adamlar çox olaydı. Rüstəm bəyin Rusiya vətəndaşı olmasını əsas gətirib Milli Şuranı tərk etmək istəyənlərin arqumenti əsassızdır. Yaxşı olar ki, getmək istəyənlər əsaslı səbəblərlə getsinlər. ”EL” hərəkatı Milli Şuranın yaranmasında rol oynayıb və bu qurumun möhkəmlənməsində biz maraqlıyıq. Hesab edirik ki, Milli Şuranın təmizlənməyə, durulmağa ehtiyacı var və biz xalqın sifarişi olan bu birliyin təmziliyinə riayət etməliyik”.
Ilham