Ukraynanın keçmiş prezidentinə qarşı hücumlar gücləndi
Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın həbs həyatı yaşayacağı ilə bağlı ehtimallar artır. Ali Radanın “Bizim Ukrayna” blokundan olan deputatı Yuri Qrimçak prezidentin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Nikolay Melniçenkonun yazışmalarının Ukrayna Baş Prokurorluğu tərəfindən araşdırılması tələbilə çıxış edib.
Deputat həmin yazışmalarda 1994-2005-ci illərdə Ukraynaya rəhbərlik etmiş Leonid Kuçmanın bir neçə səs-küylü cinayət hadisəsinin sifarişçisi kimi göstərildiyini xatırladıb. Qrimçak eks-prezidentin müxtəlif zamanlarda ona yaxın adamlara korrupsiya əməlləri, hətta qətl hadisələrinin törədilməsi haqda göstəriş verməsi haqda məlumatların araşdırılaraq, Kuçmanın məsuliyyətə cəlb olunmasını tələb edib.
Qeyd edək ki, eks prezident Leonid Kuçma Ukraynanın tanınmış jurnalisti Georgi Qonqadzenin 2000-ci il sentyabrın 16-da oğurlanaraq qətlə yetirilməsi barədə göstəriş verməkdə şübhəli bilinir. Hadisə ilə bağlı açılmış cinayət işinin istintaq qrupunun təqdimatına əsasən, Kuçmanın Ukraynadan çıxışı qadağan olunub. Bir neçə gün öncə eks-prezident qətl hadisəsilə bağlı istintaqa ifadə verib. Kuçma ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
Ötən il senyabrın 14-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilirdi ki, Qonqadzeni Pukaç soyadlı milis əməkdaşı keçmiş daxili işlər naziri Yuri Kravçukun əmrinə əsasən qətlə yetirib. Leonid Kuçma ilə Yuri Kravçukun hadisədən öncə Qonqadzenin öldürülməsi məsələsini müzakirə etməsinə dair audioyazının aşkarlanması isə eks-prezidentin dəmir barmaqlıqlar arasına düşməsini tezləşdirə bilər.
İnformasiya şöbəsi