Cəmil Həsənli yeni statusda “Azadlıq”a ilk müsahibəsini verdi
“Fikir müxtəlifliyindən narahat olmaq lazım deyil, hər hansı dərin ziddiyyətlər yaşanacağını düşünmürəm”
“Hazırkı şəraitdə yanacağın qiymətinin qaldırılması insanların bilavasitə ciblərinə kəsilən artımı idi”
Milli Şuranın son sessiyasında təşkilatın keçmiş sədri Rüstəm Ibrahimbəyov qurumun fəxri sədri, seçkilərə vahid namizəd kimi qatılan professor Cəmil Həsənli isə sədr seçildi. Amma təşkilatdakı bu dəyişikliyi Milli Şurada təmsil olunan Müsavat Partiyası birmənalı qarşılamadı. Partya rəhbərliyi bu dəyişiklikdən sonra Milli Şuradakı fəaliyyətlərinə yenidən baxa biləcəklərini söyləyiblər. Amma təşkilatın yeni sədri C.Həsənli bu istiqamətdə heç bir problemin yaşanmadığını deyib. Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə müsahibəmizə məhz bu məqama aydınlıq gətirməklə başlamaq qərarına gəldik.
– Mənim sədr seçilməyim Rüstəm Ibrahimbəyovun təklifi idi. Milli Şura da Rüstəm bəyin təklifini yekdilliklə qəbul etdi. Rüstəm Ibrahimbəyovun fəxri sədr seçilməsi isə Milli Şuranın bir sıra üzvlərinin təklifi idi. Hər halda Rüstəm bəyin təklifinin yekdilliklə qəbul edilməsi özü də onun nüfuzunun, Milli Şura üzvləri arasında hörmətinin bir göstəricisi idi. Nəzərə almaq lazımdır ki, Milli Şura demokratik təşkilatdır. Burada fikir müxtəlifliyi, fikir ziddiyyəti ola bilər. Bundan narahat olmaq lazım deyil. Ən gərgin məqamlarda belə Milli Şura doğru seçimi müəyyənləşdirərək, doğru qərarlar qəbul edib. Ona görə də hər hansı fikir ayrılıqlarının olmasını normal qarşılamaq lazımdır. Çünki demokratiyanın ən mühüm atributlarından biri fikir ayrılığının, fikir plüralizminin olmasıdır. Bu məsələ artıq müzakirə olunub və qərar qəbul edilib. Ona görə düşünmürəm ki, bununla bağlı hər hansı dərin ziddiyyətlər yaşanacaq, narahatçılıq olacaq. Hər halda artıq Milli Şura qərarını qəbul edib.
– Müsavat Partiyasının təmsilçilərinin Rüstəm Ibrahimbəyovun fəxri sədrliyinə qarşı gətirdiyi arqumentləri necə qarşılayırsınız? Bu arqumentlərdə Rüstəm Ibrahimbəyov başqa ölkə qarşısında öhdəliyi olan şəxs kimi təqdim edilir…
– Rüstəm bəy artıq fəxri sədr seçilib, o, Milli Şuranın üzvüdür. O, Azərbaycanın ən tanınmış ziyalılarından biridir, böyük fikir adamıdır. Onun Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olub. Belə bir şəxsin Milli Şurada təmsil olunması çox əhəmiyyətli məsələdir. Ona görə Rüstəm bəylə bağlı müzakirələr, səsvermələr oldu və hamısı arxada qaldı. Qabağa baxmaq, irəli getmək lazımdır. Hətta geniş mənada götürsək, əgər bir təşkilat işləməsə, irəli getməyə çalışmasa, güc mərkəzi mövqeyini qoruyub saxlamasa, kimin sədr olması əhəmiyyətli deyil. Mühüm olanı odur ki, Milli Şurada işgüzar bir mühüt yaradılmalıdır. Milli Şura güc mərkəzi olaraq daha da inkişaf etməlidir. Milli Şura Azərbaycandakı sosial, siyasi, demokratik proseslərə töhfə verməlidir. Millətimizin haqlarının qorunması, demokratiyanın bərqərar olması, Azərbaycanda normal seçki mühitinin yaradılması istiqamətində mövqe nümayiş etdirməlidir. Mühüm olan məqamlar bunlardır. Biz bəzən mühüm məsələləri kənara qoyaraq, təşkilati-struktur məsələlər ətrafında bir qədər çox enerji, vaxt sərf edirik. Işləmək lazımdır. Milli Şuranın fəaliyyətinin ən mühüm göstəricisi iş olmalıdır.
“Sessiyalararası dövrdə Milli Şuranı Koordinasiya Şurası idarə edəcək”
– Sədr kimi fəaliyyətinizi nədən başlamaq fikrindəsiniz? Milli Şuranın idarəçiliyində hansı dəyişikliklər nəzərdə tutulur. Kollegial strukturun yaradılması ilə bağlı hansı addımlar atılacaq, ləğv edilən Icra Aparatının funksiyalarını hansı qurum öz üzərinə götürəcək?
– Icra Aparatının ləğvi bir sıra məsələlərlə bağlı idi. Onlardan birincisi o idi ki, Icra Aparatına rəhbərlik edən Eldar Namazov özü müraciət etmişdi ki, işinin çoxluğu ilə bağlı bu strukturun rəhbəri funksiyasını davam etdirmək onun üçün çətindir. Bu məqsədlə o, təxminən on gün bundan əvvəl Rüstəm Ibrahimbəyova müraciət etmişdi. Eyni zamanda Eldar Namazov səfərə getməmişdən əvvəl məndən də xahiş etmişdi ki, onun mövqeyini Milli Şura üzvlərinin diqqətinə çatdırım. Biz əsasnaməyə uyğun olaraq sessiyalararası dövrdə Milli Şuranın fəaliyyətini istiqamətləndirmək üçün Koordinasiya Şurası yaradılmasını planlaşdırırıq. Bu strukturun işlək bir orqana çevrilməsi üçün biz sonuncu sessiyada razılaşmalar əldə etdik. Əsasnamədə bəzi dəyişikliklər edildi. Çünki bu dəyişikliklərdən əvvəl Milli Şuranın sessiyalarının iki həftədən gec olmamaqla çağırılması nəzərdə tutulmuşdu, indisə bu müddət bir aya qədər uzadıldı. Əlbəttə, köhnə əsasnamədəki maddə öz dövrünə görə doğru idi. Çünki biz seçki ərəfəsində idik və seçkilərlə bağlı müxtəlif təcili məsələlər meydana çıxırdı, onlara da münasibət bildirərək, müvafiq qərarlar qəbul etmək lazım idi. Ona görə sessiyaların belə qısa zaman kəsiyində keçirilməsinə zərurət var idi. Indisə biz hesab edirik ki, bir aydan gec olmamaq şərti ilə sessiyalarının keçirilməsi daha məqsədə müvafiqdir. Biz sessiyaları ayda iki və ya üç dəfə də keçirə bilərik. Sessiyaların tez keçirilməsinə məhdudiyyət yoxdur. Sessiyalarının keçirilməsi ayda bir dəfə nəzərdə tutulduğu üçün Koordinasiya Şurası sessiyalararası dövrdə Milli Şuranın fəaliyyətini stimullaşdıran bir orqan kimi nəzərdə tutulur. Təsəvvür edin, biz Icra Aparatını saxlayaraq paralel olaraq Koordinasiya Şurasını yaratsaydıq, bir-birini təkrar edən istiqamətlər alınacaqdı. Ona görə biz Icra Aparatının yerinə daha çevik, mobil, operativ sədr aparatının formalaşmasını nəzərdə tutduq və Koordinasiya Şurasının yaradılması ilə bağlı qərar verdik. Bu da Milli Şuranın işlək bir orqana çevrilməsi istiqamətində əhəmiyyətli addım olacaq.
– Fəaliyyət istiqamətləri ilə bağlı fikirlər nədən ibarətdir? Qarşıda duran vəzifələr olaraq nələri müəyyənləşdirmisiniz?
– Fəaliyyət istiqamətlərimiz əvvəldən Milli Şuranın proqramm sənədləri ilə müəyyənləşib. Bu istiqamətlər özünü Milli Şuranın memorandumunda, bəyanaməsində göstərilib. Yaxın zamanlar üçünsə bizim fikirlər sessiyada müzakirə olundu. Milli Şuranın fəaliyyətinin gücləndirilməsi istiqamətində xüsusi bir sənəd müzakirəyə çıxardıq. Bu sənəd həm struktur dəyişikliklərini, həm də fəaliyyət istiqamətlərini əks etdirirdi. Yaxın zamanlar üçün qarşımızda duran məsələlərin hamısı həmin sənəddə əksini tapıb. Yeni istiqamətlər də olacaq. Məsələn, bir gün əvvəl qəflətən yanacağın qiymətinin bahalaşması baş verdi. Bu məsələni əvvəlcədən istiqamətlərdə müəyyənləşdirmək olmazdı. Amma Milli Şuranın sessiyasında bu məsələ müzakirəyə çıxarıldı və bəyan olundu ki, belə qiymət artımına getmək olmazdı. Bu onsuz da yoxsul şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının həyatına bir zərbə idi. Onsuz da hakimiyyət iş yeri, normal əmək haqqı, pensiyalar vermir. Belə bir şəraitdə yanacağın qiymətinin qaldırılması insanların bilavasitə ciblərinə kəsilən qiymət artımı idi. Nəticədə Azərbaycanda benzinin satış qiyməti ABŞ-dan baha oldu.
“Mitinqlərlə bağlı müzakirələr gedir”
– Yanacağın qiymətinin artırılması ilə bağlı aksiyaların keçirilməsi gündəmdədirmi? Ümumiyyətlə, Milli Şura mitinqləri nə zaman bərpa etməyi planlaşdırır?
– Əlbəttə, baş verən cəmiyyətdə hamının həyatına təsir edən amildir. Amma bir neçə gün vaxt lazımdır ki, informasiya ilə gerçək həyatdakı hadisələr bir-birini tamamlasın. Çünki informasiyanı qəbul edəndə adam hələ o ödənişi etmədiyinə görə onun ağırlığını çiyinlərində hiss etmir. Amma insan yanacaqdoldurma məntəqəsində benzinə görə yeni qiymətlə ödəniş edəndə, nə baş verdiyini çiyinlərində hiss edir. Etirazın müxtəlif formaları var. Onlardan biri də mitinqlərin keçirilməsidir. Mitinq Azərbaycan vətəndaşının Konstitusion hüququdur və bu hüquqdan istifadə edilməlidir. Biz müzakirə aparırıq. Ola bilsin ki, yaxın zamanlarda belə mitinqlərin keçirilməsi zərurət olsun.
– Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı hansı yeniliklər var? Yeni müraciətlər olurmu?
– Milli Şura daim fəaliyyətdə olan bir təşkilatdır. Bura yeni üzvlərin qəbulu əsasnamədə əksini tapıb. Müraciətlər var. Müəyyən adamların, təşkilatların gələcəkdə Milli Şuraya inteqrasiyası ola bilər. Nə baş verəcəksə Milli Şuranın gücləndirilməsi istiqamətində olacaq. Bu istiqamətdə heç bir məhdudiyyət olmayacaq. Insanlar Milli Şuraya üzv ola bilərlər. Və yaxud da hər hansı səbəbdən müəyyən şəxslər Milli Şurada fəaliyyətini dayandıra bilər. Biz repressiv bir şəraitdə yaşayırıq. Ona görə də insanları başa düşmək lazımdır. Bir var Milli Şuranın siyasi xətti ilə razı olmayasan, bu ayrı məsələdir. Bir də var ki, hakimiyyət insanları bilavasitə siyasi əqidəsinə görə təqib edir. Məsələn, seçki sonrası dövrün ən mühüm xüsusiyyəti odur ki, bizim rayonlarda keçirdiyimiz mitinqlərin çəklişlərinə baxaraq, kimin yaxın adamları həmin görüşdə iştirak edibsə, onların işdən çıxarılması, cəzalandırılması prosesi gedir. Məsələn, görüşdə oğul iştirak edibsə, atanı, ata iştirak edibsə oğulu işdən çıxarırlar. Dünyada totalitarizmin simvolu kimi tanına Stalin belə deyirdi ki, oğul ataya görə məsuliyyət daşımır. Indi görün, bizdəki vəziyyət nə yerə çatıb ki, atası mənim seçki görüşümə gəldiyinə görə dövlət idarəsində işləyən oğlunu işdən azad ediblər. Ona görə də biz hansı cəmiyyətdə yaşadığımızın fərqindəyik. Milli Şuraya əsasən gələnlərin sayı çoxalacaq, təşkilat gücünü saxlayacaq və Azərbaycan millətinin haqqı və hüququ uğrunda mübarizədə ön mövqedə dayanacaq.
“9 oktyabr seçkiləri göstərdi ki, hakimiyyət xalqdan səs gözləmir”
– Seçki saxtakarlığı ilə bağlı mübarizə istiqamətində hansı işlər görüləcək? Bu fəaliyyətin davamı kimi hansı addımların atılması nəzərdə tutulub?
– Bu iş müxtəlif istiqamətlərdə davam edir. Nəzərə almaq lazımdır ki, ilk dəfədir seçkilərə beynəlxalq təşkilatlar mənfi rəy verdilər. Bu çox mühüm məsələdir. Bu əslində seçkilərin qeyri-legitimliyini sübut edir. Hakimiyyət xalqa məxsus olan öz hakimiyyətini formalaşdırmaq hüququnu özündən alaraq, iqtidarı mənimsəyib. Yaxın zamanlarda ATƏT-in Varşava bürosu öz yekun sənədini elan edəcək. Avropa Parlamenti kimi nüfuzlu bir qurum müşahidə missiyasının rəyindən imtina etdi. Bu çox mühüm göstəricidir. Avropa Şurasının müşahidə missiyasına daxil olan ayrı-ayrı deputatların ölkələrində ifşası prosesi davam edir. Böyük Britaniyada, Italiyada, Ispaniyada müşahidə missiyasının tərkibində təmsil olunan Azərbaycandakı seçkilərə ştatlı rəy verənlərin ifşası prosesi davam edir. Biz o adamları ölkələrinin ictimaiyyəti qarşısında ifşa edirik. Bu isə həmin adamların siyasi taleyində mühüm rol oynayacaq.
– Seçki saxtakarlığı ilə yanaşı 2015-ci il parlament seçkilərinə hazırlığa start verilə bilərmi?
– Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Çünki Azərbaycanda seçki şərtlərinin dəyişdirilməsi vacib məqamdır. Seçki komissiyalarının poritet əsaslarla formalaşdırılması və seçkidə iştirak edən qüvvələrin inam, etimadına əsaslanan komissiyaların yaradılması gərəkdir. Bunlarsız Azərbaycanda azad və ədalətli seçkilərdən söhbət gedə bilməz. Doqquz oktyabr seçkiləri göstərdi hakimiyyət xalqdan səs gözləmir. Hakimiyyət MSK-dan yekun sənəd gözləyir.
– Belə pesemist proqnozlar da var ki, Milli Şura digər ölkələrdəki demokratik qüvvələr qədər güclü deyil və Azərbaycanda demokratik prosesləri qələbəyə apacaq potensialı yoxdur…
– Demokratiyanın qələbəsi üçün xalq ayaqda olmalıdır. Bu gün Ukraynada baş verənlər bunun əyani sübutudur. Əgər ölkədə yanacağın qiyməti artırsa, yanacaqdoldurma məntəqələrində bu yanacağı yalnız Milli Şura üzvlərinə baha satmırlar. Bu yanacağı bütün xalqa baha satırlar. Bu qiymət artımı bütün xalqa, bazara təsir edir. Bu qiymət artımı kənd təsərrüfatının belini qırır. Kənd təsərrüfatında hər şey dizel yanacağının üzərində qurulub. Indi bunun 45 qəpikdən 70 qəpiyə qalxması, onsuz da Azərbaycanda gəlir mənbəyi kimi əhəmiyyətini itirən kənd təsərrüfatını ağır vəziyyətə qoyur. Ona görə də xalq ayaqda olmalıdır. Demokratiya məsələsi bir təşkilatın işi deyil. Bütövlükdə xalq ayaqda olmalıdır ki, uğur əldə olunsun. Mən bu məsələdə ümidliyəm. Çünki 9 oktyabrdakı mənzərəni mən gördüm. Mən gördüm ki, xalq dəyişiklik istəyir. Xalqın dəyişiklik istəyən hissəsi seçkiyə getdi və Milli Şuranın namizədinə səs verdi və xalqın dəstəyi hələ də davam edir. Ölkədə yeniləşmənin, islahatlara başlanmasının siması xalq olmalıdır.
Xəyal Şahinoğlu