“Milli Şuranın sessiyasından sonra Rüstəm İbrahimbəyovla əlaqə saxlamışam. Rüstəm İbrahimbəyov üçün sədr, fəxri sədr, yaxud Milli Şuranın üzvü olmaq məqbuldur”.Bunu APA-ya açıqlamasında Milli Şuranın dünənki sessiyasında qurumun sədri seçilmiş Cəmil Həsənli söyləyib.
Cəmil Həsənli deyib ki, fəxri sədrlik Milli Şuranın Rüstəm İbrahimbəyova olan münasibətinin ifadəsidir: “Rüstəm İbrahimbəyov da fəxri sədrlik məsələsini bu cür qarşıladı”.
Cəmil Həsənli Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə birmənalı etiraz edən Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibət bildirib: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq. Bu istiqamətdə elə bir narahatlıq yoxdur”.
Cəmil Həsənli İsa Qəmbərlə görüşməyi planlaşdırdığını da deyib.