“20 il öncə azərbaycanlılara qorxulu röya kimi görünən Gürcüstana indi həsədlə baxırıq”
AXCP sədri Əli Kərimli Vilnüsdə keçirilmiş Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitinin nəticələri barədə yazıb. Əli Kərimli Facebook səhifəsində paylaşdığı yazıda Aİ ilə Assosiasiya sazişi imzalayan Gürcüstanla bunu etməyən Azərbaycan arasında müqayisə aparıb. Yazını təqdim edirik:
“1992-93-cü illərin çətin məqamlarında mərhum Əbülfəz Elçibəy bizə tez-tez deyərdi ki, çalışmalıyıq, ölkəmizi istəməyən qüvvələr Azərbaycanı da Gürcüstanın gününə sala bilməsinlər. O zaman Gürcüstanda yoxsulluq, cinayətkarlıq, rüşvətxorxorluq, hakimiyyətsizlik və nəhayət, vətəndaş müharibəsi tüğyan edirdi. Cəmisi 20 il öncə qonşu Gürcüstan belə dəhşətli vəziyyətdə idi. Sonra nə olduğunu bilirsiniz.
Sonrakı 20 ildə Gürcüstanı “ümummilli” və s. titulları olmayan adi adamlar idarə etdilər. Onlar gürcü xalqını əzməyə, sındırmağa çalışmadılar. Beləliklə, ötən müddətdə Gürcüstanda hakimiyyət xalqın istəyi ilə 3 dəfə, həm də dinc yolla dəyişdi. Onlar “Filankəs olmasa, bəs kim, hamının qəbul etdiyi alternativ varmı?” primitiv sualı qarşısında susmadılar. Hər hakimiyyət dəyişikliyi bu ölkəni bir addım da demokratiyaya yaxınlaşdırdı, gürcü xalqının isə özünəinamını artırdı.
Dünən (noyabrın 29-da – red.) isə Gürcüstan keçmiş SSRİ-nin ən kasıb respublikası olmuş Moldova ilə birlikdə Avropa Birliyi (AB) ilə Assosiasiya sazişi imzaladı. Əminəm ki, cəmisi bir neçə ilə bu kasıb, lakin demokratik inkişaf yolunu seçmiş dövlətlər AB-nin də dəstəyi ilə bir çox sahələrdə Avropa standartlarına çatacaq, Avropanın bir parçasına çevriləcəklər.
Bizdə isə siyasi proseslər başqa cür inkişaf etdi. “Ümummilli lider” və onun “layiqli davamçısı” nəinki hakimiyyətdən getməyi ağıllarına gətirmədilər, əksinə xalqımızın müqavimətini qırmaqla, onu tamamilə əzib, ram etməklə məşğul oldular. Proses 20 ildir ki, davam edir. Ölkəmizi addım-addım demokratiyadan, avrointeqrasiyadan uzaqlaşdırırlar ki, xalqımızın sərvətinə və hüquqlarına “müstəqil şəkildə” sahib olsunlar.
Əvvəllər ölkəmiz dünyada daha çox Qarabağ probleminə və neftə görə tanınırdı. Son illərdə isə ölkəmiz daha çox iri miqyaslı korrupsiyanın, seçki saxtakarlığının, siyasi repressiyaların vətəni kimi tanınır. İndi bizim ölkənin vəzifəli şəxsləri avropalıların, amerikalıların qapısını rüşvətlə aça bilmələri ilə dünyada məşhurlaşıblar.
Azərbaycan Vilnüsdə AB ilə Assosiasiya sazişi imzalamadı. Belə anti-demokratik idarəetmə ilə bu heç gözlənilmirdi də. 20 il öncə azərbaycanlılara qorxulu röya kimi görünən Gürcüstana isə indi çoxumuz həsədlə baxırıq.
Demək istəyirəm ki, demokratiyaya “Əlinin yerinə Vəlini seçmək” imkanı, yalnız siyasətçiləri maraqlandırmalı olan hakimiyyət uğrunda didişmə kimi baxmaq yanlışdır. Demokratiyaya inkişaf etmiş səhiyyəyə, təhsilə, sosial müdafiəyə, ədalətli məhkəmə sisteminə, hüquqların və hamıya bərabər imkanların təmin olunduğu cəmiyyətə, nəhayət, firavanlığa aparan yol kimi baxmaq lazımdır”.