Bir vaxtlar Novruz bayramı yasaq idi. Ən azı, dövlət bayramı deyildi. Xalq özü öz bayramını keçirir, yaşadır, unudulmağa qoymurdu.
Insan təbiətindəki qıcığa can atma özünü açıq-aydın göstərirdi. Yasaqdı deyə, bayram daha gözəl, daha içdən keçirilirdi. Novruzun bütün atributları incəliyinəcən yerinə yetirilir, rituallara əməl edilirdi. Adət-ənənə bəlkə iki yüz-üç yüz il qabaqkı kimi işlək idi.
Sovet dövründəki bayramları xatırlayıram. Bayrama az qalmış yorğan-döşək, xalça-palaz həyətə atılır, gün varsa – günə verilir, azından havalandırılır, çırpılırdı. Evlərin divarını əhənglə ağardır, tövləyə mal təzəyindən şirə çəkirdilər. Pəncərələrin şüşəsi “Kommunist” qəzeti ilə silinir, par-par parıldadılırdı. Ağacların gövdəsi də əhənglənirdi. Hər yan təmizlik saçırdı.
Bayram günü hamı hamamlanırdı; iki-üç evi çıxmaqla, demək olar, kimsənin hamamı yox idi, tövlədə, evin içində, əlyeridə yuyunardılar, hava xoş olsa, uşaqları elə həyətdəcə teşt qoyub çimizdirərdilər. Sonra imkanı çatan təzə paltarını geyinir, evə xalça-xalı salınırdı. Hər evin qapısında axşama doğru qovurğa qovurulur, sarı kəhrəba buğdanın, çörəkotunun, bəzən çətənənin (o vaxt çətənənin başqa məqsədlə də işlədildiyini bilən yox idi) xoş iyi kənd-kəsəyi başına götürərdi.
Uşaqlar bir cibini qovurğa, o biri cibini yumurta ilə doldurub kəndin mərkəzinə çaqqışmağa – yumurta döyüşdürməyə çıxardılar. Balaca qardaşlar böyüklərin udduğu yumurtanı papaqlarına yığardılar. Sonra başı, künəsi çatlamış yumurtalardan dikdirdə “hellətdi” oynayardılar, bəzən hellənməkdən yumurtalar diyirlənmə yolundaca dağılar, torpaq sarıya boyanardı. “Küləbasdırma” da dəb oyunlardan idi, buna “hilmərə” də deyərdilər.
Ərgən qızlar niyyət tutub təndirin külfəsinə yumurta basdırar, gecələr isə qızlardan birinin əhdi olardısa, onun evinə yığışıb çilə çıxarar, sabahacan kirpik çalmazdılar. Yatan qızlar isə niyyət tutub yatardılar – yuxusuna kim girsə, ona da gedəcəkmişlər…
Axşamüstü bütün kənddə atəşfəşanlıq başlardı, uşaqlar bir ay qabaqdan “nöyütə” qoyduqları lopalarını odlayıb atar, böyüklər tüfəngdən atəş açar, nişana qoyardılar. Nişangah da çox vaxt yumurta olardı, ya da havaya atıb nişan alardılar.
Adamlar bayram gecəsi dost-doğmanın, qəribin, nakəsin, əlsiz-ayaqsızın evinə gedər, küsülülər həmin gecə barışar, bayram sabahı isə küçədə qız-gəlini əlində xonça bir-birinin evinə bayram payı aparan görərdin. Uşaqlar gecə bayram süfrəsindən qalxan kimi qoz-fındıq oyunlarına başlardılar – təkmənəcüt, hellətdi… Kiminsə cibi qoz-fındıqdan partlar, kimi isə suyu süzülə-süzülə yenidən ciblərini doldurmaq üçün evə qaçardı.
Bunların on artığı olardı. Sözün gerçək anlamında bayram o bayramlar idi. Insan bir illik müsbət enerji ilə yüklənərdi. Bu bayram təpədən-dırnağa humanizmin təntənəsiydi. O vaxt dövlət hələ bayramları da öz əlinə, öz caynağına keçirməmişdi.
Indi isə hər şey əksinə çevrilib. Dövlət xalqın hər şeyini alandan sonra, onun bayramına belə əl qoyub… Indi bu bayramı ancaq dövlət keçirir, dövlət “şənlənir”, xalq isə durub qıraqdan tamaşa eləyir. Hər şeydə seyrçi olduğu kimi. Dövlətin keçirdiyi bayram isə bayram olmur, kino olur. Dövlət xalqın bayramını udduğu kimi, prezident də yumurta döyüşündə hamını udur, sanki onun yumurtası hamınınkından möhkəmdi. Beləcə, xalq hər il dövlətə və dövlət başçısına uduzur. Uduzmağa məhkum edilmiş xalqın gözündə heç bir qutsal bayram ola bilməz.
Indi bircə bayram qalıb – yemək bayramı. Süfrənin üstünə yem çıxara bildinmi, bayramdı, bilmədinsə, matəm. Ona görə də bizim bütün bayramlarımız ancaq yeyib-içmək törənindən ibarətdi. Süfrə yığışdırıldımı… bayram da, toy da, nişan da, doğum günü də, hətta… yas da bitir.
Yemək bayramımız qutlu olsun!