Allahşükür Paşazadə bayram öncəsi görüşündə “dəhşət” adlandırdığı bir məsələ barədə həyəcanla qonağına məlumat verdi: “Dəhşət odur ki, elmi ateizmlə məşğul olanlar müstəqillik dövründə birdən-birə dönüb ilahiyyatçı oldular”.
Ramiz Mehdiyevin imzası ilə çap olunan “Ictimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məlum məqalədən sitatdır bu. Baş dinçi baş filosofun fikirlərini nə təhər mənimsəyibsə, aradan xeyli vaxt keçməsinə rəğmən, “dəhşət”dən hələ qurtulmayıb.
Filosof R.Mehdiyev sözügedən məqaləsində “müstəqilliyin ilk illərində elmi ateizm kafedralarının dinşünaslıq, ”elmi kommunizm” ifadəsinin “politologiya” sözüylə əvəzlənməsini” tənqid edir, “dialektik və tarixi materializm kafedralarının fəlsəfə kafedralarına çevrilməsini kosmetik dəyişiklik” sayır və əsəbiləşir: “Uzun illər Sov.IKP tarixi ilə məşğul olan şəxslər də birdən-birə dönüb Vətən tarixi üzrə mütəxəssislərə çevrildilər”.
Məntiqlə adam doğru deyir, ömürlərini elmi kommunizmə və dialektik materializmə sərf edən alimciyəzlərin birdən-birə dönüb politoloq və filosof olmalarını qəbul etməmək ziyalıya yaraşan bir hərəkətdir.
Bu həqiqəti bilirsinizmi kim deyir? 1938-ci ildə anadan olan, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra illər uzunu – 1992-ci ilə qədər, yəni 54 yaşınadək elmi kommunizmdən dərs deyən, Partiya Məktəbində Elmi kommunizm kafedrasının aparıcı müəllimi işləmiş Ramiz Mehdiyev.
O Ramiz Mehdiyev ki, təkcə kommunizm elminin nəzəri tədrisi ilə məşğul olmayıb, həm də ömrünün tam yarısını – yuvarlaq götürsək, 50 illik həyatını kommunizmin həyata keçməsi yönündə praktik fəaliyyətə həsr edib, rayon və mərkəzi partiya komitələrində yüksək vəzifələr tutub. Necə olur ki, elmi və əməli fəaliyyətini büsbütün kommunizmə həsr edən adam dönüb birdən-birə filosof, akademik ola bilir və heç bir mənəvi sıxıntı, daxili narahatlıq hissi keçirmədən allahsızların qəflətən allahlı olmasına irad tutmağa cəsarət edir?
Hələ orasını demirəm ki, belə adamın müstəqil Azərbaycanda “demokratiya quruculuğuna” rəhbərlik etməsindən gülünc bir şey ola bilməz. Axı, 54 illik ömrü totalitarizmin möhkəmlənməsinə xidmət edən kəsin birdən-birə demokrata çevrilməsi yalandı, “filosof”un öz sözlərilə desək, “kosmetik dəyişiklikdi”, öz sözümüzlə desək, maskalanmaqdı. Axı, xalq müdrikləri qırxında öyrənilənin harada çalındığını açıq-aydın deyiblər. Bəs, 50-də öyrənilənin nələrə səbəb olduğunu necə bilək?
Çox sadə, yaşadıqlarımız bunu göstərir: elmi kommunizmin davamçıları ölkədə allahsızlığı pik həddə qaldırıblar, bütə sitayişi əqidəyə çeviriblər, Murtuz Ələsgərovun 1999-cu ildə Milli Məclisdə dediyi kimi, ölkənin şüarı “Allah Heydər Əliyevə eşq olsun”dur; yalan, riya, yaltaqlıq, saxtakarlıq xarabaya döndərilən bu məmləkətdə karyera qazanmağın yeganə yoludur. Kadrın mənəvi dəyəri minsifətlilik, danosbazlıq, satqınlıq məharəti, siyasi dəyəri isə rüşvət almaq bacarığı, korrupsiya məharətidir!
Dəhşət odur ki, korrupsiya və rüşvəti dövlət idarəetməsinin mahiyyətinə çevirənlər korrupsiya və rüşvətlə mübarizədən, elm buqələmunları elmi islahatlardan, azad və müstəqil fikirli vətəndaşları məhv edənlər “insan kapitalından”, ölkənin gələcəyini dağıdanlar quruculuqdan danışırlar. Siyasi yalan o həddə çatıb ki, möhtərəmləri Ilham Əliyevin hələ də hansı elmlər namizədi olduğunu müəyyənləşdirə bilmirlər: gah tarix, gah da hüquq elmləri üzrə alim olduğunu yazırlar.
Elmi-kommunizmin mahiyyəti budur – 70 illik yalanı, repressiyanı, saxtakarlığı, riyakarlığı Azərbaycanda 18 ildir davam etdirir kommunistlər…