Stadionu mitinqlər yox, baxımsızlıq bərbad günə qoyub
Metronun “Inşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionu Idman-Sağlamlıq Kompleksi təmirə bağlanacaq. Səbəb kimi sözügedən ünvanda təmir işlərinin aparılacağı deyilsə də, heç kimə sirr deyil ki, bu məhz Milli Şuranın mitinq müraciətlərinə “yox” deyilməsidir.
Mitinq məşqlərə əngəl törədir?
Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov mətbuata açıqlamasında bildirib ki, stadion prezident seçkiləri ilə əlaqədar keçirilən mitinqlər nəticəsində bərbad vəziyyətə düşüb və təmirə bağlanmasına qərar verilib: “Stadionda mitinq keçiriləndən sonra təxminən 10 gün təmizlik işləri aparmaq lazım gəlir. Yararsız vəziyyətə düşməsi idmançıların işini çətinləşdirir. Stadionun 10-15 günə təmirə dayanması nəzərdə tutulur”.
AHIK-in sözçüsü Milli Şuranın sonuncu mitinqindən sonra stadionun təmirə bağlanacağı haqqında Bakı Şəhər Icra Hakimiyyətinə məlumat xarakterli məktubun göndərildiyini qeyd edib: “Məktubda qeyd olunub ki, stadion idman qurğusudur və burada keçirilən mitinqlər məşqlərə əngəl törədir. Buna görə də gələcəkdə müraciət olarsa, aksiyaların digər münasib yerlərdə keçirilməsi nəzərdə tutulsun. Yəqin ki, Bakı Şəhər Icra Hakimiyyəti müraciətimizi nəzərə alacaq”.
Prezident seçkiləri bitəndən az sonra “Məhsul”un təmirə bağlanacağı haqda məlumatlar mətbuatda yayıldı. Həmin vaxt stadionun direktor müavini Alik Həsənov bildirmişdi ki, bir müddət əvvəl stadionda bəzi təmir işləri aparıblar. O, kiçik meydançanı, stadiondakı oturacaqları, yan divarları təmir etdiklərini söyləmişdi.
“Polislər həftədə bir saat məşq edirlər”
Ötən gün “Məhsul”a baş çəkib vəziyyətlə tanış olduq. Öncə onu deyək ki, stadion həqiqətən də yararsız haldadır. Vəziyyət o həddədir ki, burada nəinki peşəkar futbol komandası, heç idmanla həvəskar məşğul olan şəxslər belə məşq etməz. Olsa-olsa məhəlli xarakterli oyunlar keçirilə bilər.
Iş günü olmadığı üçün stadionun direktorunun olmadığını bildirirlər. Özünü təqdim etməyən şəxs öncə burada təmir işlərinin aparılmayacağını, daha sonra isə əraziyə gəlib baxış keçirildiyini deyir. Bildirir ki, stadionun vəziyyəti çox bərbaddır.
Stadionda bir-iki gəncin idman etdiyini görürük. Onlara yaxınlaşıb söhbət edirik. Məlum olur ki, “Məhsul” neçə illərdir bu kökdədir. Yəni mitinqlə bunun heç bir əlaqəsi yoxdur. Ərazidə yaşayanlardan öyrənirik ki, ən azı 10 ildir stadionda təmir işləri aparılmır.
“Biz gözümüzü açandan stadionu belə görmüşük. Nə vaxtsa təmir olunduğunun şahidi olmamışıq. Ola bilər stadiona oturacaqların qoyulması üçün nəsə düzəltsinlər, ancaq söhbət əsaslı təmirdən gedir. Ərazidə yaşayan bir neçə nəfəri çıxmaq şərti ilə heç kim burada idman etmir. Çünki şərait yoxdur. Ildə bir dəfə burada futbol olsa, Allaha min şükür. Bura heç kimin marağında deyil”, – deyə stadionda olanlar deyirlər.
Söhbətləşdiyimiz başqa sakin isə deyir ki, stadionda yalnız cümə günü polislər idman edir: “Həftədə bir dəfə beşinci günlər polislər stadiona gəlib məşq edirlər. O da səhər saat 9-dan 10-a qədər. Başqa vaxtları burada heç kim olmur. Mitinq olan saatda isə heç kim ərazidə nə idman edir, nə də futbol oynayır”.
“Məhsul”un həyətində balaca, süni ot örtüklü, hasara salınan meydança da var. Pullu olan bu stadiona da o qədər də maraq yoxdur. Yəni bizim orada olduğumuz müddətdə kiminsə idman etdiyinin şahidi olmadıq. Çünki insanlar futbol oynamaq üçün daha yaxşı yerə gedirlər.
Stadionmu, Bulvarmı?
Hər iki qapı daim açıqdır. Yoldan ötənlər mənzil başına tez çatmaq üçün adı sağlamlıq, özü isə nakamlıq kompleksi olan meydandan istifadə edirlər. Stadiondan daha çox gəzinti meydançasına bənzəyən bu yeri bir növ “Bulvar”la da müqayisə etmək olar. Sadəcə buranın Milli Parkdan bircə fərqi ondadır ki, siqaret, su, tum, saqqız satılmır və uşaqlar üçün attraksion yoxdur. Qalan hər şey qaydasındadır. Kimisi bir kənara çəkilib dostuyla söhbət edir, kimisi toru vurulan zərbələrdən deyil, yağışdan sonra çıxan günəşin şüaları hesabına çürüyərək cırılan qapının arxasında balaca asfaltlanmış yerdə var-gəl edir, kimisi isə ot örtüyü torpaqla əvəzlənmiş yerə övladı üçün oyuncaqları tökərək onların əylənməsinə tamaşa edir.
Burası “Məhsul”dur…
Ramin DEKO