Bəli, 1973 saylı qətnamə dünyanı Misir, Tunis və Yəmən hadisələrindən az silkələmədi. Dünya titrəyir və ondan da bir böyük amplituda ilə diktatorlar titrəyirlər. Ilk dəfə olaraq qanuni humanitar intervensiya aktı qəbul edildi və koalisiya ölkələri Liviyaya qarşı hərbi əməliyyatlara başladılar. Qanuni əsas vardımı? Mən liviyalıların Ərəb Ölkələri Liqasına, Liqanın özünün BMT-yə müraciətini bir tərəfə qoyuram. Əsas nədir? Əsas artıq Avropada, eləcə də başqa demokratik bölgələrdə təsdiq olunmuş siyasi fəlsəfədir. Bu fəlsəfəyə görə insan haqları heç bir dövlətin daxili işi deyil, insan haqları daha üstün siyasi çəkiyə malikdir. Məsələnin mənəvi tərəfi də var. Nəinki reallıq hissini, bəlkə ağlını da itirmiş bir diktator öz vətəndaşlarına qarşı soyqırım siyasəti həyata keçirirsə, dünya birliyi nə etməlidir? Mən artıq bir dəfə yazmışdım ki, bəlkə ötən əsrin əvvəlindəki Ispaniya hadisələrindən və sonundakı məşhur Yuqoslaviya hadisələrindən başqa heç bir yerdə etiraz etmiş insanlara, öz vətəndaşlarına qarşı heç kim aviasiyanın gücündən istifadə etməmişdi, zira Qəzzafi bunu etdi. Ona görə də cavabını alacaq. Indi hadisələr artıq Suriya istiqamətinə yönəlir. B.Əsəd də böyük narahatlıq keçirir. Diktatura bir siyasi model kimi həyatdan silinir. Islam ölkələri haqdakı təsəvvürlər dəyişir. Bəli, bu ölkələr cəmi bir neçə on illər idi ki, müstəqillik qazanmışdılar. Indi onlar mübarizəni yeni fazaya – demokratiya uğrunda hərəkata çeviriblər. Hər şey məntiqlidir. Digər ölkələrdə də labüd olaraq bu proseslər baş verəcək. Mən hətta düşünürəm ki, 2020-ci ilə qədər bəlkə də artıq dünyada diktatura adlı siyasi rejimlər qalmayacaq və yaxud da çox az qalacaq.
Qəhrəmanlara ehtiyac duyulanda
Alman yazıçılarından birinin belə bir fikri var ki, bəli, qəhrəmanlara ehtiyac duyan millət yazıqdır. Mən millətləri deyə bilmərəm, bəzi siyasi rejimlər elə həqiqətən də xəstə rejimlərdir. Bunlar avtoritar və totalitar rejimlərdir. Nə edəsən ki, bir çox hallarda bu cür rejimlərdən qəhrəmanlıq və qəhrəmanlar olmadan qurtulmaq mümkün olmur! Təbii ki, bütün yaxşı cəhətlərin bir pis cəhəti olduğu kimi inqilabların da naqis tərəfləri olur – qarşıdurma yaranır, qan tökülür, ədavət meydana çıxır. Bəli, bunlar olur. Və bunun məsuliyyətini bilavasitə hakimiyyətdə olan zümrə daşıyır, çünki o yeganə siyasi vektordur ki, proseslərin inqilabi müstəviyə keçməsinin qarşısını ala, islahatlara rəvac verə bilər. Onlar bunu vaxtında etmirlərsə, deməli, elə məsuliyyəti də onlar daşıyırlar.
Məsuliyyət hissi – islahat!
Indi baş verən proseslərin özəlliyi nədədir? Bir siyasi dəst-xətt, siyasi bir model iflasa uğrayıb. Mən buna neo-monarxiya deyirəm. Ərəb despotları hakimiyyəti on illər ərzində zəbt etmişdilər və sonradan da onu övladlarına ötürmək istəyirdilər. Bu siyasi xətt və siyasi model iflasa uğradı. Indi iflasa uğramış bir siyasi yolu təzədən addım-addım keçməyə ehtiyac varmı? Bu aydın deyilmi ki, bu yolun sonu inqilab, qarşıdurma və ədavətdir? Görən nə etməli? Zamanın qanunları ilə hesablaşmalı. Bəli, daha 30-40 il hakimiyyət sahibi olmaq mümkün olmayacaq. Bu baxımdan Bin Əli, Mübarək, Qəzzafi sonunculardır. Bir mahnıda deyildiyi kimi, daha onlardan olmaycaq. Elə ona görə də onların yolunu təkrar etmək, onlara bənzəməyə çalışmaq lüzumsuz bir məşğuliyyətdir. Nə olsun ki, burada hələ Rusiya var? Bəli, bu gün Liviya məsələsi BMT-də müzakirə olunarkən veto hüququndan istifadə etməyən, kənara çəkilən Rusiya bir gün MDB diktaturalarının da arxasından çəkiləcək və onları tək qoyacaq. Necə ki, bir vaxt Nəcibullanın, Səddamın arxasından çəkildi! Bu, mütləq baş verəcək, çünki hələ U.Çörçill deyirdi ki, ruslar ancaq bir amillə – güclə hesablaşırlar! Xoşbəxtlikdən bu gün güc Rusiyanın deyil, başqalarının tərəfindədir. Rusiya da bunu anlayır, Çin və digər ölkələr kimi. Çıxış yolu həmişə var. Amma bu dünyanın zaman adlı bir divarı da var. Bəli, o, şlaqbaum kimidir, gecikənlərin yolunu bağlayır. Gərəkdir yolu vaxtındaca keçəsən, çünki şlaqbaum hər an enə bilər…