Təmirdən çıxan stansiyalar hokkey meydançasını xatırladır
Hər gün sərnişinlərin yıxılıb xəsarət aldığı xəbərləri gəlir
Metronun “28 may” stansiyası təmirdən sonra sürüşmə zonasını xatırladır. Çünki stansiyanın döşəmə və pilləkənlərinə sürüşkən qranit pilitələr vurulub. Indi sərnişinləri bir şey düşündürür. Uzun zamandan bəri təmirə dayanan stansiyada “abadlıq” işləri ona görə görülürdü ki, insanların həyatına təhlükə yaratsın?
Yıxılan kim, başı daşa dəyəni kim. Iş orasındadır ki, bu problem təkcə “28 May” stansiyasında yaşanmır. Başqa metrostansiyaların, eləcə də, yeraltı keçidlərin, parkların döşəməsi də qranitdəndir və piyadaların həyatına hər an təhlükə yarada bilər. Nəzərə alsaq ki, qarşıdan qış gəlir, onda vəziyyətin nə qədər acınacaqlı olduğunu anlatmağa ehtiyac yoxdur. Onu da deyək ki, qranit ən dayanıqlı tikinti materiallarından sayılır. Tarix boyu arxitektor və mühəndislər qranitə dayanıqlı, aşınmaya məruz qalmayan, rəng və tərkibi pozulmayan material kimi üstünlük veriblər. Qranit keyfiyyəti, rəngi, tərkibi və digər xüsusiyyətlərinə görə unikal olduğundan müxtəlif tip layihələrdə istifadəyə yararlıdır. Di gəl, memarlar bu məhsuldan hara istifadə edilməsini yaxşı bilirlər. Yəni bizdəki kimi hara gəldi döşənmir.
Ekspertlərin fikrincə, hər yerə qranit mərmərin döşənməsinin səbəbini onun baha olmasıyla izah edirlər. Deyirlər ki, bahalı mərmərlərin istifadəsi yeyintilərə yol açır.
“Qranit mərməri hər yerə döşəmək olmaz. Sürüşkən olduğundan insanların həyatına təhlükə yarada bilər. Necə ki, bunun tez-tez şahidi oluruq. Iş indi elə həddə çatıb ki, parklara belə qranit döşəyirlər. Bu o deməkdir ki, yağışlı havada parklara getmək olmaz. Bu düzgün deyil. Mümkün deyil ki, bu işi həyata keçirənlər qranit və başqa sürüşkən daşların olduğunu bilməsinlər. Bilirlər, sadəcə bu cür daşların döşəməsi onlara sərf edir”.
Qeyd edək ki, son bir neçə gündə “28 may”da sərnişlərdən gələn xəbərlərin sayı artır. Sərnişinlər redaksiyamıza zəng edərək problemdən əziyyət çəkdiklərini deyirlər. Indiyə qədər sözügedən ünvan bir neçə dəfə təmirə dayansa da sərnişinlər üçün bu qədər başğarısına çevrilməmişdi. Indi isə…
Ramin