Yaşıl gümbəzli «Kiosk Press»lərdən reportaj
Hökumətin müxalifyönlü və müstəqil qəzetlərə qarşı səlib yürüşü davam edir. Bakı Metropoliteninin bütün stansiyalarında qəzet və kitab satışına rəsmən qadağa qoyulub. Baxmayaraq ki, bu barədə metropoliten rəhbərliyi heç bir açıqlama verməyib…
Davam edir 37, daha kəskin, daha ciddi!
Bundan öncə isə Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində “Qasid” yayım firmasının şəhərdə olan köşklərinin 100-dən çoxu yığışdırıldı. Səbəb kimi də bu köşklərin şəhərin gözəlliyinə xələl gətirdiyi göstərildi. O da qeyd edildi ki, musiqi yarışması bitən kimi köşklər bərpa olunacaq. Ancaq “Eurovision” bitdikdən sonra verilən vədlərin heç biri yerinə yetirilmədi, əksinə, total hücumlar daha da kəskinləşdi. Paytaxta gətirilən yeni “Kiosk Press”də isə qəzetdən daha çox min bir xırdavat satılır.
Qəzetlərə olan hücumun başqa bir istiqaməti də “Qasid”dən gəlir. Belə ki, sözügedən firma “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini satsa da pulunu ödəmir. Firmanın “Azadlıq”a 60 min manata yaxın borcu var. “Yeni Müsavat”ın rəhbərliyinin dediyinə görə, onlara veriləcək məbləğin miqdarı 30 min manat civarındadır. Ancaq “Qasid”in rəhbərliyi min bir bəhanə ilə pulu verməkdən yayınır. Gah satılan qəzetlərin pulunu işçilərin maaşlarına xərclədiklərini deyir, gah da müflis olduqlarını əsas gətirərək pulu vermir.
Istər “Qasid”ə yaradılan maneələr, istər bu firmanın qəzetlərə yaratdığı əngəllər, istər metrostansiyalarında qəzet və kitab satışına qadağalar, istər qəzetlərə tətbiq edilən yüksək məhkəmə cərimələri, istərsə də başqa problemlərin kökündə hökumət dayanır. Əgər əksinə olsaydı hakimiyyət bütün sadalanan məsələləri bir anın içində həll edərdi. Həll edilmirsə, deməli, hökumət bu problemlərin olmasında maraqlıdır.
Nə istəyirsən ala bilərsən, qəzetdən başqa
Qayıdaq paytaxtın “gözəl”liyinə xüsusi rəng qatan “Kiosk Press”lərə. Bura həm qəzet az verilir, həm də satıcılar bunda maraqlı deyillər. Onlar mətbuata açıqlamalarında dəfələrlə qeyd ediblər ki, bu köşklərdə qəzet satışı onlara sərf etmir. Çünki başqa məhsulların satışından qalan gəlir, qəzetlərlə müqayisdə çox böyükdür. Məhz bu amili nəzərə alıb onlar qəzetlərə o qədər də diqqət yetirmirlər. Ancaq gözdən pərdə asmaq üçün qapılarında quraşdırılan vitrinlərdə qəzetlər qoyulub. Alıcı qəzet soruşanda satıcılar çox həvəssiz cavab verirlər. Hətta elə köşklər var ki, orada qəzet almaq istəyənə məhəl qoymurlar. Başqa alıcıları yola saldıqdan sonra boşluq olarsa oxuculara diqqət yetirirlər.
Ötən gün şəhərin bir neçə yerinə baş çəkib “Kiosk Press”dəki vəziyyətlə maraqlandıq.
Metronun “Memar Əcəmi” stansiyasının bir addımlığında quraşdırılan bu köşklərin alıcıları qəzetlərin az satıldığını söyləyir. Yer haqqının yüksək olduğunu əsas gətirərək başqa məshulları satmağa üstünlük verirlər.
“Qəzet az satılmaqla yanaşı hər birindən 5-6 qəpik qazanc olur. Bu da 1200-1500 manat yer haqqını ödəmək üçün yetmir. Məcbur olub başqa məhsulları satırıq. Siqaret, su, peçenye daha çox qazanırıq. Ancaq qəzet satsaq müflis olarıq”, – deyə satıcılar bildirirlər.
“Qasid”in köşkləri yığışdırılsa da “Memar Əcəmi”də biri qalıb. O da yeni köşklərin birinin arxasında. Qəzet alıcılarının bəlkə bundan xəbəri yoxdur. Yalnız həmin ərazidə yaşayanlar orada qəzet köşkünün olduğunu bilər. Təsadüfi alıcılar isə yan ötür. Satıcı da bunu deyir: “Əvvəl dükanın qarşısı açıq olanda daha çox qəzet satırdıq. Indi pul qazanmaq üçün tum, saqqız satmağa məcburam. Bizə elə zərbələr vurublar ki, qəzet satmağı belə unutmuşuq”.
“Hökumət qəzetlərini yığıb-töküblər, heç kim almır, hamballıq mənə qalır”
“Memar Əcəmi”dən fərqli olaraq “Elmlər Akademiyası”nda başqa mənzərənin şahidi olduq. Söhbət etdiyimiz bütün satıcılar deyirlər ki, onlara həftənin beş günü qəzet verilir. Bazar və bazar ertəsi satışda olan heç bir qəzet bu köşklərdə olmur. Baxmayaraq ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetləri həftənin bütün günü çap olunur. Ancaq bunun “Kiosk Press”lərə aidiyyəti yoxdur. Hələ bu azmış kimi sözügedən ünvanlara hər gün iki qəzet satılır. Satıcılar “əgər çox qəzet verilsə, satarıq” deyirlər.
Yeni köşklərin qapısında məftildən quraşdırlan vitrinlərinə daha çox dövlət və hökumətyönlü qəzetlər qoyulub. Bunları isə alan yoxdur. Hər halda satıcılar belə deyir: “Ayda, ildə bir dənə kimsə ala bilər. Ancaq ən çox ”Azadlıq” və “Yeni Müsavat” satılır. Bu iki qəzetin hərəsindən bizə iki ədəd verilir. Onu da elə 10-11 radələrində satırıq. Bəzən yaşlı oxucular iki-üç günün pulunu öncədən verirlər. Biz də məcbur olub bu qəzetləri içəridə saxlayırıq. 20-25 dənə verilsə, sata bilərik”.
Texniki Universitetlə üzbəüz “Qasid”in bir köşkü var. Ancaq günün çox hissəsi qapısı qıfıllı olur. Bu dükanın şəklini çəkəndə yaxınlıqda “taksovatlıq” edən sürücü bizə yaxınlaşır. Dükanın bağlı olmasını belə izah edir: “Bu mağazalar o biri dükanlarla ayaqlaşa bilmir. Onlar həm görünüş baxımdan, həm də çeşidlərin bol olmasına görə öndədir. Ona görə bu cür dükanlara heç kim yaxınlaşmır. Həm də yeni köşklərin yer haqqı bahadır. ”Arenda”ya götürən adam pulu çıxartmaq üçün məcburdur ki, hər şey satsın. Bunları işlədənlərin çoxu imksanız, yetim-yesirlərdir. Onlarda o qədər pul hardandır ki, dükanlarında hər şey satsınlar”.
“Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən başqa bir satıcı “Azadlıq”dan gəldiyimizi bilən kimi dərdi açıldı. O da müxalifyönlü qəzetlərin az verilməsindən şikayətləndi: “Dəfələrlə demişəm ki, mənə hər gün ”Azadlıq”, “Yeni Müsavat” qəzetlərindən 20 dənə verilsin. Ancaq heç kim əməl etmir. Hökumət qəzetlərini yığıb-töküblər. Heç kim almır, hamballıq mənə qalır. Hətta hərəsindən 30 qəzet belə sata bilərəm. Çünki istəyənlər çoxdur. Gündə 50 nəfər gəlib məndən qəzet soruşur, yox deyirəm, çıxıb gedir. Ancaq olsaydı, satardım”.
Gün gələr…
Yaşıl gümbəzli “Kiosk Press”lərdə demək olar ki, hər şey satılır. Tum, saqqız, siqaret, pivə, peçenye, şokalad, bir sözlə, bütün naz-nemətlər. Yalnız qəzetlərə biganə yanaşırlar. Buranın hazırda qəzet və kitab satışına qadağa qoyulan metrolardakı mağzalardan bircə fərqi var – o da alt paltarlarının satılmamasıdır. G-ün gələr bu köşklərin qapılarında qəzetlər üçün quraşdırılan vitrinlərdə rəngbərəng alt paltarlarının satılmasının da şahidi olaraq…
Ramin DEKO