Avropada Yaşayan Azərbaycanlılar bəyanat verdi
Avropada Yaşayan Azərbaycanlılar adından redaksiyamıza bəyanat gəlib. Bəyanat müəllifləri jurnalistin döyülməsi ilə bağlı etiraz səslərini ucaldır, cinayətkarların tapılıb məsuliyyətə cəlb olunmasını tələb edirlər. Almaniya hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası hökumətinə, Mətbuat və söz azadlığı müdafiəsi təşkilatlarına, Insan hüquqları müdafiəsi təşkilatlarına ünvanlanan bəyanatda deyilir:
“Biz, Avropada Yaşayan Azərbaycanlılar (AYA), Almaniyada mühacirətdə olan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəylinin martın 18-də döyülməsini onun həyatına terror hadisəsi kimi qiymətləndirir və baş verənləri qəti şəkildə pisləyirik.
AYA qeyd edir ki, hazırda iki qabırğasının sınığı və qapalı kəllə-beyin silkələnməsi diaqnozu ilə xəstəxanada müalicə alan jurnalistin vəziyyətinin həkimlər orta-ağır olduğunu bildirirlər.
Jurnalist Berlində Novruz şənliyi keçirilən zaman həmin şəhərdə yerləşən Azərbaycan səfirliyinin himayəçiliyi ilə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Tofiq Qarayev və onun göstərişi ilə hərəkət edən şəxslər tərəfindən ölümcül vəziyyətə salınıb. Jurnalistin aldığı xəsarətlərin ağırlığı deməyə əsas verir ki, Tofiq Qarayevin rəhbərlik etdiyi qrup onu öldürməyə qərarlı olub.
AYA-nın araşdırması nəticəsində məlum olub ki, terrora məruz qalmasına F.Hacıbəylinin 08 aprel 2010-cu il tarixdə “Azadlıq” qəzetində yazdığı “Diaspora tənliyi” adlı məqaləsi səbəb olub.
AYA bildirir ki, jurnalistlərin peşə fəaliyyətinə müdaxilə Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (Ifadə Azadlığı) maddəsinə ziddir və bu cür hallarda mübahisələr hüquq müstəvisində həll olunmalıdır.
AYA hadisəni törədən qrupun rəhbəri Tofiq Qarayevi Almaniya hüquq-mühafizə orqanlarının istintaqa cəlb etməsini alqışlayır. Eyni zamanda tələb edir ki, hadisənin sifarişçiləri və cinayəti törədənlər tapılaraq istintaqa cəlb edilsinlər.
Görünür, bu cür adamların hərəkətləri beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək ücün hesablanmış planın bir hissəsidir”.
Bəyanatın sonunda deyilir: “Azərbaycan hökuməti siyasi iradə nümayiş etdirib jurnalistə qarşı fiziki təzyiq göstərən şəxslərin təmsilçiliyindən imtina etsin!
AYA beynəlxalq ictimaiyyətə üz tutaraq tələb edir ki, jurnalistin pozulmüş hüquqlarının bərpası istiqamətində müvafiq addımlar atsınlar!”.