Təhsil Nazirliyi yeni qaydaların tətbiqinə gələn ildən başlayacaq
Etibar Əliyev: «Yeni qaydaların tətbiqi müsbət haldır. Ancaq bu qaydalar heç bir halda dövlət xəttindən kənarda aparılan qəbullara aid edilə bilməz»
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri asanlaşdırılacaq. Təhsil Nazirliyindən “Trend”ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı hazırlanan yeni qaydaların növbəti ildən tətbiqi nəzərdə tutulur.
Yeni qaydalara görə, yalnız öz ölkəsində akkreditə olunmuş xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin respublikamızın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpasına icazə veriləcək. Həmin icazə yalnız tələbənin təhsil aldığı müddətdə həmin şəhərdə yaşamasında və səhhətində problem yarandıqda, yaxud həmin müddətdə ailə vəziyyəti ilə bağlı yaşayış yerini dəyişdikdə verilə bilər.
Qeyd edək ki, Azərbaycanda tələbə köçürmələri geniş yayılıb. MDB dövlətlərinin, o cümlədən Rusiyanın, Ukraynanın özəl ali məktəblərində dövlət xəttindən kənar təhsil alan tələbələr Azərbaycanda dövlət ali məktəblərinə köçürülüb.
Yeni qaydalar belə halların qarşısını ala biləcəkmi?
Təhsil üzrə ekspert Etibar Əliyev dövlət hesabına xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının bir qisminin təhsilini həmin ölkədə davam etdirmək gücündə olmadığını deyir. Çünki Azərbaycanda 11 illik təhsil olduğu halda Avropa dövlətlərində, həmçinin Rusiyada təhsil 12 illikdir. Ona görə də həmin ölkələrdə təhsil almağa gedənlərin bir qismi köçürülmək istəyində olurlar. Amma bu məsələ təhsil qanununda öz həllini tapmadığı üçün onlar öz məqsədlərinə çata bilmirlər. Bu baxımdan yeni qaydaların tətbiqi müsbət haldır. Ancaq bu qaydalar heç bir halda dövlət xəttindən kənarda aparılan qəbullara aid edilə bilməz.
Ekspertin sözlərinə görə, hətta həmin dövlətlərdə akkreditasiya olunan ali məktəblərə dövlət xəttindən kənar təhsil alan tələbələrin köçürülməsinə icazə verilməməlidir. Çünki bu şəxslər Azərbaycanda 150-200 bal toplayıb ali məktəbə qəbul olmaq gücündə deyil. Onların Azərbaycanın ali məktəblərinə köçürülməsi yolverilməzdir.
Fizzə