İslamçıların Hüquqlarının Müdafiə Komitəsi vicdan məhbusu Tale Bağırzadənin məhkəməsində iştirakçılara qarşı baş vermiş zorakılıqla bağlı bəyanat verib. Bəyanatda deyilir:
28.10.2013 tarixində ilahiyyatçı, vicdan məhbusu Hacı Tale Bağırzadənin Sabunçu Rayon Məhkəməsində keçirilən proses zamanı məhkəmə binasının qarşısında baş verənlər dindarlara qarşı növbəti represiyadan xəbər verir. Belə ki məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalının və həyətinin tərk olunmasını tələb edən dövlət məmurları inanclı insanlarla qeyri-etik rəftar edərək, onları dəyənəklərlə döyüb və küçə söyüşləri ilə təhqir ediblər. Bununla sakitləşməyən mülkü və polis formasında olan dövlət məmurları 20-ə yaxın inanclı vətəndaşı həbs edib. Bundan əlavə məhkəmə prosesində iştirak edən hüquq müdafiyəçilərinə və jurnalistlərə qarşı kobud rəftar olub.
İslamçıların Hüquqlarının Müdafiyə Komitəsi olaraq bu hadisəyə sərt etirazımızı bildirir, saxlanılan vətəndaşların dərhal azad olunmasını və bu zorakılığa son qoyulmasını tələb edirik. Dövlət məmurlarından dinc sakinləri təxribata çəkməməyi tələb edirik. Heç bir dövlət məmurunun istənilən vədandaşa əl qaldırmaq və ya onu təhqir etmək haqqı yoxdur. Bu, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Məhkəmin həyətində zorakılıq nümayiş etdirən polislərin dərhal qanun qarşısında cavab verməsini tələb edirik.